Məhkəmə qərarları › İş №2(076)-1128/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1128/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1128/2025 30.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən iddia ərizəsinin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizə Azərbaycan Respublikası MPM-də müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verilmiş, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, ərizənin nəticə hissəsində hüquq müəyyənedici sənədin deyil, 0,07 ha həyətyanı torpaq sahəsinin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Bununla da, ərizəçi ərizənin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla ərizəçi, ərizənin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, ərizənin forma və məzmununa dair tələblərə əməl edilməsini ərizəçiyə aid etmişdir, yəni ərizənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi ərizəçinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, ərizədən görünür ki, ərizəçi, X1 filialında mühafizə olunan sabiq “N.Nərimanov” kolxozun qaytanlanmış torpaq kitabına dair arxiv arayışında adının səhv qeyd edilməsini göstərsə də, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsini maraqlı şəxs kimi işə cəlb etmiş, lakin həmin maraqlı şəxsə qarşı yönələn tələbinin nədən ibarət olmasını ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmçinin, ərizəçi hüquq müəyyənedici sənədin (arxiv arayışının) şəxsə məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin bununla bağlı X1 filialına müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hesab edirəm ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Bununla belə ərizəçiyə, X1 filialına müraciət etmək hüququnun və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi barədə məlumat əldə etdikdən sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə, X1 filialına müraciət etmək hüququnun və mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi barədə məlumat əldə etdikdən sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar