Məhkəmə qərarları › İş №2(076)-1134/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1134/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1134/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işıq sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona hesablanmış 552,34 manat məbləğində cərimə borcunun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında elektrik enerjisindən istifadə edirlər və sərf olunan elektrik enerjisinin sərfiyyat xərcini elektrik xəttinə quraşdırılmış sayğacın hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin əməkdaşları 27 sentyabr 2020-ci ildə küçələrində reyd keçirərkən onun evində istifadəsi üçün nəzərdə tutulan sayğaca baxış keçirərkən, guya sayğacda müdaxilə izlərinin olmasına görə sayğacın sökülüb hansısa labarotoriyada yoxlanması üçün aparıb və AKTR-189826 nömrəli akt tərtib etmişǝr. Bu akta əsasən ona 552,34 (beş yüz əlli iki) manat 34 qəpik məbləğində əlavə ödəniş sənədi hazırlanmışdır. Ancaq, qeyd olunan aktın məzmunu ona izah edilmədən imza etməyi təklif edilmişdir. O da yaşlı və ailə başçısını itirdiyi üçün ona minimum məbləğdən 5- 10 manat civarında cərimə tətbiq ediləcəyi bildirilmişdir. Onu da əlavə edir ki, o və ailə üzvlərinin tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir, sayğacın uzərində heç bir müdaxilə izləri olmamışdır. Halbuki, sayğac sökülmədən əvvəlki illərdə 9 -10 manat enerji pulu ödəmişdir. Deməli, cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Ailədə onlar beş nəfərdir və tək onun təqaüdü ilə onlar çətinklə dolanırlar. Qeyd edilənlərə əsasən iddianın tam təmin edilərək cavabdeh tərəfindən ona hesablanmış 552,34 manat məbləğində cərimə borcunun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cərimə yazıldıqda onun məlumatı olmamış, ona və ailə üzvlərinə cərimə barədə heç bir bildiriş verilməmişdir. 2 il olar ki, cərimədən xəbər tutmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 ərizə ünvanlayaraq bildirdi ki, "xxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X1 əməkdaşları tərəfindən "xxxx" ASC-nin ORACLE informasiya satış proqram bazasında **********00226 saylı istehlakçı kodu ilə məişət abonenti kimi qeydiyyatda olan İddiaçı Yunis qızının yaşadığı fərdi yaşayış evi üçün istifadəsində və balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik hesablama sayğacına 27 sentyabr 2020-ci il tarixdə baxış keçirilən zaman "sayğacın üst qapağı açılıb. Hesab mexanizminə müdaxilə olunub. İstismara yararsız hala salınıb" qüsuru faktı müəyyən edilmişdir. Aşkar olunmuş enerji pozuntuları ilə bağlı əməkdaşları tərəfindən abonent M. Hüseynova barəsində "EEİQ"-nın tələbinə uyğun olaraq 27 sentyabr 2020-ci il tarixli, AKT R № 189826 saylı akt tərtib edilmişdir. Tərtib olunmuş sözügedən akt əsasında Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən abonent barəsində dəyəri 552.34 manat (beş yüz alli iki manat) 34 qəpik təşkil eden 5519 kvts miqdarında itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Həmin məbləğ abonentin istehlakçı koduna işlənmişdir. İş materiallarına əlavə edilmiş abonent İddiaçı haqqında "EEİQ"-nın tələbinə uyğun olaraq tərtib edilmiş aktın surətindən görünür ki, həmin akt həqiqətən də xx.xx.2020-ci il tarixdə tərtib olunmuşdur. Abonent M Hüseynova barəsində "EEİQ-nin uyğun olaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 552.34 manat məbləğ abonentin istehlakçı koduna işlənmişdir. Ona görə də İddiaçı Yunis qızının cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdehə olan mənə 552,34 (beş yüz əlli iki manat) 34 qəpik məbləğində cərimənin -borcun hesabımdan silinməsi" tələbinə dair 2(076)-1134/2024 saylı mülki işə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli 189826 nömrəli AKT-dan görünür ki, Şəmkir rayonu, Qapanlı kənd sakini İddiaçı adına quraşdırılmış sayğacın yoxlanılması zamanı məlum oldu ki, sayğaca müdaxilə izlərinin olması aşkar olunmuşdur. Sayğac laboratoriya şəraitində yoxlanılmış və axım gücü amperajanan ilə ölçülərək P=0.9 kv müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Qapanlı kənd sakini İddiaçı 543,21 manat borc hesablanmışdır. Qüsur sayğaca müdaxilə izlərinin olması qeyd edilmişdir. İcra vərəqəsində xx.xx.2020-ci il tarixli aktın icra olunma vaxtı xx.xx.2021-ci il göstərilmişdir. İşdə olan ******* saylı xx.xx.2020-ci il tarixli “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Qapanlı kənd sakini İddiaçı adına qeyd edilmiş sayğac 264321 nömrəli Akta əsasən dəyişdirilmiş, çıxarılan sayğac rəy üçün laboratoriyaya aparılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 204809 saylı “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Qapanlı kənd sakini İddiaçı adına qeyd edilmiş sayğaca müdaxilə izlərinin olması müəyyən edilmişdir. İş materiallarında olan saldodan görünür ki, İddiaçı adına olan hesabına xx.xx.2021-ci ildə akt əsasında cəmi 543,21 manat cərimə hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qapanlı kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2020–ci ilin sentyabr ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sökülərək laboratoriya şəraitində yoxlanılmış, eləcə də, sayğacda müdaxilə izləri aşkar olunmuşdur. Bu səbəbdən iddiaçının barəsində xx.xx.2020ci il tarixli 198826 nömrəli akt tərtib edilmiş, eləcə də, xx.xx.2021–ci il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında abonentə 543,21 manat borc hesablanmışdır. İddiaçı borcun silinməsi barədə iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmiş, qeyd edilən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Qapanlı kəndində İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış 65086748 nömrəli sayğaca dair 189826 saylı akt və 204809 nömrəli protokol tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, protokol tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Məhkəmə həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə tələbi ilə bağlı bildirir ki, iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. İş materiallarından müəyyən olunur ki, cavabdehin öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ icra vərəqəsi xx.xx.2021-ci il tarixdə tərtib edilməklə həmin borc xx.xx.2021-ci il tarixdə saldoda qeyd edildikdən sonra yaranmışdır. İddiaçı isə həmin borcdan xx.xx.2021-ci il tarixdən sonra məlumatı olmuşdur ki, iddiaçının hansı tarixdə borc barədə məlumatı olması haqqında cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Buna baxmayaraq iddiaçının xx.xx.2021-ci il tarixdə məlumatlı olsa idi belə, xx.xx.2024-cü il tarixədək məhkəməyə müraciət etmək hüququ olduğu halda xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iddia ərizəsinin göndərildiyi poçt zərfi) Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində 552,34 manat borcun silinməsini qeyd etsə də, işə əlavə edilmiş saldodan da görünür ki, hesablanmış borcun məbləği 543,21 manat təşkil edir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, xx.xx.2021–ci il tarixli icra vərəqi əsasında "xxxx" ASC– nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 543,21 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2021–ci il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 543,21 (beş yüz qırx üç manat iyirmi bir qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar