Məhkəmə qərarları › İş №2(076)-1156/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1156/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1156/2023 09.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizədən görünür ki, ərizəçi doğum akt qeydinin bərpa olunmasını, habelə şəxsin vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi ərizəçi bir-biri ilə əlaqəsi olmayan bir neçə işi bir icraatda birləşdirmişdir. Belə ki, ərizəçinin tələblərinin baxılma qaydası, məqsədi fərqlidir və həmin işlərin bir icraatda birləşdirilməsi prosessual baxımdan qanuna müvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Eləcə də, ərizə Azərbaycan Respublikası MPM-də müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verilmiş, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, ərizəçi ərizənin nəticə hissəsində “şəxsin dəfn edilməsi faktının müəyyən edilməsi”ni tələb etməklə, ərizəsində qeyri-müəyyən tələb irəli sürmüşdür. Bununla da ərizəçi ərizənin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, həmin tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla ərizəçi, ərizənin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, ərizənin forma və məzmununa dair tələblərə əməl edilməsini ərizəçiyə aid etmişdir, yəni ərizənin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi ərizəçinin vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırki ərizə mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar