Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1210/2025 01.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, X9 Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi:X2 Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC tərəfindən 29 sentyabr 2020ci il tarixdə 189610 nömrəli və 14 dekabr 2022-ci il tarixli 279123 aktlar əsasında qanunsuz hesablanmış 1929.48 manat cərimə məbləğinin onun **********00052 nömrəli abunə kodundan silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu İrmaşlı kəndində yaşayır.Yaşadığı mənzil enerjisini daima sayğac vasitəsi ilə istifadə etmişdir. Kənddə mövsümü olaraq yaşamış, Lakin son bu dövrlərdə elektrik sayğacının kart sayğacında pul yükləmə zamanı pulun daha tez qutarması ilə əlaqədar cavabdeh Şəmkir EŞ-nə araşdırma məqsədi ilə müraciət etmiş. Müraciət əsasında məhkəməyə təqdim etdiyi aktları ona təqdim etmişlər. O, həmin zaman aktların təhlilini və sübutunu istəmişdir. Sübut edə bilməsələrdə təhlili ona aydın şəkildə başa salınaraq, bu nəticəyə gəlindi ki, aktlar səhvən qanuna uyğun olmayaraq tərtib olunmuşdur. Onun sayğacına yazılmış olan 189610 nömrəli aktda demək olar ki, tamamilə akt tərtibatı qaydalarına riayət olunmamış, guya o, maqnitdən istifadə edərək sayğacı dayandırmışdır. Lakin həmin maqnit səs gücləndiricilərin arxasında olan adı maqnitdir, o, həmin maqniti ancaq sayğacın qapaq hissəsinin bir birinə kiplənməsi üçün yəni küləkli havada səs etməməyinə görə sayğacın qoruyucu qapaq hissəsinə yapışdırmışdır. Həmin maqnit bugün ki günədək ordadır. Aktda qeyd olunan ki, P=1.2 kv/saat. Ona cavahdehin mühəndisləri tərəfindən aydınlaşdırıldı ki, P-faktiki - ni bir başa akta yazmaq qanunsuzluqdur. Birinci prosedur qaydası ondan ibarətdir ki, onun naqilindən guya “oğurluq etmiş” olduğu enerjinin dəyərini xüsusi kleş və ya amper maşa adlanan cərəyan ölçənlə ölçülməlidir. Cərəyanın ölçüsü bilindikdən sonra bir faaıHiçünMT22-ə vurulmalı və Pfaktiki tapılmalıdır. Bu halların heç biri olmamışdır, digər 279123 nömrəli aktda isə guya onun sayğacının kart yuvası sıradan çıxmışdır, oda oğurluq etmiş kimi qeydlər aparılmışdır. Eyni qanunsuzluq işlədilən güc Pfaktiki = 4.8 kv/saat qeydiyyatı aparılmışdır.Qeyd etdiyi aktdakı tərtibatlar kimi qeyri- qanuni olmasını bildirmişdir. Həmçinin aktda adları qeyd olunmuş şəxslərin yəni R.Nəbiyevin birinci və ikinci aktlardakı imzaların bir birinə tamamilə uyğunsuz olması faktıda vardır. Buradan aydın görünür ki, R-Nəbiyev adlı şəxs araşdırma zamanı ona dediyi fikirlər düzdür. Cavabdehin nümayəndəsi isə aktın nəvaxt və neçə yazdığını xatırlamamışdır, həmçinin hər iki aktlarda tərtib olunmuş akt cümlələrində aydın göründüyü kimi həmin ərazinin mühəndisləri ona bu aktları qərəzli şəkildə yazmışlar. Həmçin ona məxsus olan sayğac mənzildən kənarda yol kənarında yerləşir. Qeyd olunmuş halların işıqli və mərkəzi küçədə göz qarşısında olması faktı isə mümkünsüzdür. Qeyd olunanlara sasən məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi hallara görə həmin aktlar etibarsız və qeyri- qanuni hesab etdiyindən, hər iki aktda görə 189610 nömrəli akta əsasən 1027.94 manat və 279123 nömrəli aktda görə isə 901.54 manat məbləğlərin cəmi 1929.48 manat məbləğin əsassız olduğunu əsas gətirərək onun silinməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Yazılmış cərimə məbləğini əsassız hesab edir və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının tələbi əsassızdır baxış keçirilən zaman iddiaçıda iştirak etmiş həmçinin daha sonra akt tərtib olunmuşdur, protokollar əsasında isə abonent 1929.48 cərimələnmişdir. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Baxış keçirilməsi şəxslərin iştirakı ilə həyata keçirilib və baxış keçirilən zaman məlum olmuşdur ki, sayğaca maqnit bərkildilmiş və sayğac nazas vəziyyətə salınmışdır. Məhkəmə iclas zamanı şahid qismində dindirilmiş X6 şahid X3 izahatı ilə eyni məzmunlu ifadə vermiş və onun izahatında göstərdiyi halları bir daha təsdiq etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 189610 və 279123 nömrəli aktlar əsasında tərtib edilmiş 01 oktyabr 2020-ci il tarixli və ******* nömrəli 16 dekabr 2022-ci il tarixli “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokollardan görünür ki, Şəmkir rayonu, İrmaşlı kənd sakini İddiaçı adına qeyd edilmiş sayğac 279123 və 189610 nömrəli Akta əsasən dəyişdirilmiş, çıxarılan sayğac rəy üçün laboratoriyaya aparılmışdır. İşdə olan abunə haqqında saldodan görünür ki, Şəmkir rayonu, İrmaşlı kənd sakini İddiaçı aktlar əsasında 1949, 48 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində öz adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğaca 29 sentyabr 2020 və 14 dekabr 2022-ci il tarixdə baxış zamanı sayğaca müdaxilə və sayğacdan kənar əlavə xətt aşkar olunmuş, bu səbəbdən "xxxx" ASC–nin əməkdaşları tərəfindən 14 dekabr 2022-ci il tarixli, 279123 saylı və 29 sentyabr 2020-ci il tarixli, 189610 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını və həmin fərdi yaşayış evində yaşayan istehlakçıları məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu İrmaşlı kəndində İddiaçı İssbəndiyar oğlu adına olan sayğaca dair protokol tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, protokol tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, 29 sentyabr 2020-ci il tarixli, 189610 saylı və 14 dekabr 2022-ci il tarixli, 279123 nömrəli 14 dekabr 2022-ci il tarixli aktlar əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən hesablanmış 1929.48 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 29 sentyabr 2020-ci il tarixli, 189610 saylı və 14 dekabr 2022-ci il tarixli, 279123 nömrəli 14 dekabr 2022-ci il tarixli aktlar əsasında İddiaçı (abunə kodu **********00052) hesablanmış 1929.48 (min doqquz yüz iyirmi doqquz manat qırx səkkiz qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1210/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1210/2025
01.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver