Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-122/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır və onun sayğacına hesab bildirişi təqdimatı zamanı onun hesab bildirişində 706.76 manat əlavə borc yaranmışdır. O, bu borcla Şəmkir rayon EŞ-nə müraciət etdikdə cavabdeh təşkilatın nümayəndəsi tərəfindən tarixini dəqiq bilmədiyi noyabr ayında yaşadığı ünvanda gecə saatlarında yoxlama aparıldığı və evində guya kənar xətt istifadə edilməsi kimi akt tərtib edilmişdir. Həmi akt nəticəsində 706.76 manat xəyal dəyər hesablamışlar. Bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğində tam olaraq vaxtlıvaxtında ödəyir. Ərizəyə əlavə etdiyi ödəniş cədvəlindən görünür ki, o ay ərzində nə qədər elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Lakin, cavabdehin onun istifadə etmədiyi kənar xəttə yazılan aktdan həmin vaxtdan xəbəri olmamış, ona və digər ailə üzvlərinə məlumat verməmişlər. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişinin dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Qeyd olunanlara görə də məhkəməyə müraciət etmişdir. Odur ki, cavbdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən 2022-ci ilin noyabr ayında yazılmış akt əsasında qanunsuz hesablanmış 706.76 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndələri gecə vaxtı ona məlumat verilmədən sayğacı söküb aparmışlar, sonra qaytarıb gətirmişlər. Heç bir kənar xətt olmamışdır, həmişə necə istifadə edibsə və həmişə nə qədər elektrik enerjisi sərf edibsə indi də həmin sərfiyyatda enerjidən istifadə edir. Əgər kənar xətt olsaydı cədvəldə fərqli sərfiyyat görünərdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclası zamanı cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayonu, Qaracəmirli kəndində İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ********** nömrəli sayğaca laboratoriya şəraitində baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt işlətdiyi, sayğacdan enerji keçmədiyi və kənar xəttin sahəsinin 2x20 mm2 olduğu müəyyən olunmuş, bu barədə xx.xx.2022-ci il tarixli 273329 nömrəli protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında iddiaçıya 706.76 manat cərimə hesablanmışdır. Heab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, sahə rəisi vəzifəsində işləyir. İddiaçı evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilmişdir. Bu barəıdə akt tərtib edilmiş və video çəkiliş aparılmışdır. Bununla bağlı video görüntü təqdim ediləcəkdir. İddiaçının evinə quraşdırılmış sayğaca baxışı axşam saat 19-20 radələrində keçirmişlər. İddiaçının sayğaca müdaxilə etməsi barədə aktı əsassız yerə tərtib etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri, şahid ifadəsini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 273329 saylı aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar xətt işlətdiyi, sayğacdan enerji keçmədiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 305476 saylı “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokoldan görünür ki, 273329 nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən istehlakçı İddiaçı sayğacında kənar xəttinin ləğv olunmuş və adına qeyd edilmiş köhnə sayğac yenisi ilə əvəz edilmiş və möhürlənmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kənd sakini İddiaçı 706.76 manat borc hesablanmışdır. İşdə olan abunə haqqından görünür ki, İddiaçı EİQ pozulması nəticəsində 706.76 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 13 oktyabr 2022-ci ildə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sökülərək laboratoriya şəraitində yoxlanılmış, abonentin sayğacdan kənar xətt işlətdiyi, sayğacdan enerji keçmədiyi, kənar xəttin sahəsinin 2x20 mm2 təşkil etdiyi aşkar olunmuşdur. Bu səbəbdən iddiaçının barəsində xx.xx.2022-ci il tarixli, 273329 saylı akt tərtib edilmiş, eləcə də xx.xx.2022-ci il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında abonentə 706.76 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğacdan kənar xətt işlətdiyi, sayğacdan enerji keçmədiyi və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, 13 oktyabr 2022-ci il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində tərtib edilmiş 273329 saylı akt tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17–2–ci maddəsinin tələblərinə uyğun olaraq məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar, akt tərtib edilərkən yol verilmiş pozuntu, yəni kənar xəttin aşkar edilməsi texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Həmçinin, sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Həmçinin cavabdeh tərəf iddiaçının sayğacdan kənar xətt işlətməsini və sayğacdan enerji keçmədiyini iddia edərək müvafiq protokol tərtib etmiş, abonentin kənar xətt çəkməsini sübut etmə vəzifəsi cavabdein üzərinə düşsə də, cavabdeh iddiaçı tərəfindən kənar xəttin çəkilməsini sübut edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarında olan elektrik enerjisindən istifadə cədvəlindən də müyyən edilir ki, 2015-ci ildən 2022-ci ilə qədər abonent təxminən eyni həcmdə elektrik enerjisindən istifadə etmişdir. Yəni kənar xətt olsaydı kifayət qədər, gözlə görünəcək qədər fərqin olduğu aşkar olunardı. Məhkəmə cavabdeh "xxxx" ASC-nin Şəmkir rayon Elektrik Şəbəkəsinə münasibətdə isə iddia tələbinə qiymət verərək, qeyd edir ki, Şəmkir rayon Elektrik Şəbəkəsi "xxxx" ASC-nin tabeliyində olan Qərb RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən elektrik şəbəkəsi hüquqi şəxs statusuna malik olmadığından və bu baxımdan hazırki iddiaya cavab verməli olmadığından iddia tələbi "xxxx" ASCnin Şəmkir rayon Elektrik Şəbəkəsinə münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, xx.xx.2022–ci il tarixli icra vərəqi əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 706.76 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 706.76 (yeddi yüz altı manat yetmiş altı qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-122/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-122/2023
29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver