Məhkəmə qərarları › İş №2(076)-1238/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1238/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1238/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun abonent hesabına yazılmış 1643,42 manat borcun silinməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən ünvanda yaşayır və həmin ünvanda olan qaz sayğacı onun məhrum anası X2 adına qeyd edilmişdir. Həmin ünvanda olan qaz sayğacının tutula-tutula işləməsi əsas gətrilərək onun abonent hesabına 1643 manat 42 qəpik borc yazılmışdır. "Azəriqaz" İB ilk öncə qaz sayğacının hansı səbəbdən tutula-tutula işləməsini müəyyən etməli, onun bir günahı varsa onda itirilmiş qaza görə ona borc hesablanmalı olmuşdur. "Qazdan İstifadə qaydaları"-nın tələbinə görə qaz sayğacı "Azəriqaz” İB-nin hesabına qoruyucu örtüklə üzlənməli, həmin qoruyucu üzlükdə yalnız istehlakçının baxması üçün gözlük olmalıdır. Bundan əlavə həmin qaydaların tələbinə görə sayğaca müdaxilə etməsi sübut olunmalıdır. Amma göründüyü kimi qaz sayğacı qoruyucu örtüklə üzlənməmişdir və bu da həmin qaz sayğacına birbaşa müdaxiləyə şərait yaradan haldır. Bundan əlavə həmin qaz sayğacına o müdaxilə etməmiş və onun müdaxilə etməyini sübut edən heç bir dəlil yoxdur. Ona görə də, onun abonent hesabına yazılmış 1643,42 manat borcun silinməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək hesablanmış 1643,42 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Firuzə Hüseynova yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********9 nömrəli qaz sayğacı yeni Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı ilə əvəz edilmiş, səbəb kimi “əvəzetmə” qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 03888251 saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-5224/Q002 saylı akta əsasən **********9 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin üzərində və yuvasının ətrafında əzik cızıq izləri olması qeyd edilmişdir. İş materiallarında olan ünvan 1i ünvanında abonent X1 görünür ki, iddiaçının abonent hesabına 2023-cü iyun ayına 1555,20 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İ seriyalı 988478 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, X2 hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, ünvan 1ində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Cavabdeh İB ilə X2 (iddiaçının anası) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəzləmə” qeyd edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblardan birinin üzərində və yuvasının ətrafında əzik cızıq izləri müəyyən edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli G-4 markalı, **********9 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,20 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində 1643,42 manat borcun silinməsini qeyd etsə də, işə əlavə edilmiş abonentin saldosundan da görünür ki, akt üzrə X3 hesablanmış borcun məbləği 1555,20 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, ümumiyyətlə çıxarıldıqdan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent X2 adına hesablanmış 1555,20 manat (bir min beş yüz əlli beş manat iyirmi qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar