Məhkəmə qərarları › İş №2(076)-1244/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1244/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1244/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o yuxarıda qeyd olunan ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB-nin X3 Sahəsi tərəfindən yaşadığı evin qaz sayğacı dəyişdirilmişdir. Qaz sayğacı dəyişdirildikdən bir müddət sonra abonent hesabına 1555.20 manat borc yazıldığı ona məlum olmuşdur. Bundan sonra X3 Sahəsinə həmin məsələni aydınlaşdırmaq üçün müraciət etdikdə ona Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt verilmiş və bildirilmişdir ki, guya o, qaz sayğacına müdaxilə etmişdir. Belə ki, aktda sayğacın giriş və çıxış plastmas borusu deşildiyi qeyd olunmuşdur. O, hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Bu hal ərizəyə əlavə etdiyi ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqlənir. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə ona məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Əgər o, sayğaca müdaxilə etsəydi bu barədə ay ərzində bir dəfə qaz sərfiyyatının müəyyən edilməsi ilə bağlı sayğacın üzərində olan göstəricilərə əsasən bildiriş verən nəzarətçinin məlumat olardı. Göründüyü kimi onun mülkiyyətində olan evə aid qaz sayğacının yoxlanılması nəticəsində "Azəriqaz” X1 X4 tərəfindən qanunsuz hesablanmış 1555.20 manat borc əsassızdır. Ona görə də, hazıkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir şəhəri, Q. Musabəyov küç, ev-0, mən-30 ünvanda yaşan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il mart ayında 1555,20 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixli MSK-14-2-2/3-5-2961-1 saylı akta əsasən **********392 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4T markalı, **********392 nömrəli qaz sayğacı, yeni Zenner tipli G-4T markalı, **********301 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Səbəb sızma qeyd edilmişdir. Zenner tipli, G-4 markalı, **********392 nömrəli qaz sayğacı çıxarılan zaman çıxış borusuna müdaxilə olunaraq deşilməsi aşkar edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt qaz sayğacı çıxarılan zaman sayğacın çıxış borusunun deşilməsi aşkar edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi müəyyən edilmişdir. Buna görə itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli, G-4 markalı, **********392 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın çıxış plastmas borusunun deşici alətlə deşilməsi əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,20 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında çıxış plastmas borusunun deşici alətlə deşilməsi olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir şəhəri, Q. Musabəyov küç, ev-0, mən-30 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar