Məhkəmə qərarları › İş №2(076)-1251/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1251/2024

25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1251/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “Nikahın pozulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, Cavabdeh ilə aralarında olan Abşeron rayon VVADQ şöbəsində 09 noyabr 2007-ci il tarixdə qeyd edilmiş, 538 saylı nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki evlənməklə 09 noyabr 2007-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. Cavabdehlə öz istəyilə ailə qurmuşdur. Cavabdehlə əvvəllər ailə münasibətləri normal olsa da, xasiyyətləri uyğun gəlmədiyindən aralarında narazılıqlar yaranmışdır. Cavabdehlə birgə ailə şəraitində yaşamaqları mümkün olmadığından faktiki olaraq ayrılmışlar. Hazırda cavabdehlə aralarında olan nikah münasibətləri faktiki olaraq kəsilmişdir. Yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının himayəsindədir. Cavabdehlə aralarında uşaqlarla bağlı heç bir mübahisələri yoxdur. Ona görə də nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh ilə aralarında olan Abşeron rayon VVADQ şöbəsində 09 noyabr 2007-ci il tarixdə qeyd edilmiş, 538 saylı nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi, eyni zamanda birgə nikahdan doğulmuş uşaqların onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi, birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün aliment tələb etmir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli AZ-İ seriyalı 362666 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2007-ci il tarixdə Abşeron rayon VVADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 538 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Rəhimov”, arvada “Rəhimova” soyadı verilmişdir. İş materiallarında olan 244 nömrəli 30 yanvar 2024-cü il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan 244 nömrəli 30 yanvar 2024-cü il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/1-00109 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflər ayrı-ayrı yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq onlar biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Buna görə də hər hansı əhəmiyyətə malik olmayan, formal olaraq zahiri görünüş cəhətdən mövcud olan tərəflərin nikahlarının mövcud olmaqda davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Digər tərəfdən, məhkəmə tərəflərə barışmaları üçün 3 ay vaxt vermiş, lakin onlar təyin edilmiş müddət ərzində də barışmamışlar. Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan, habelə tərəflər barışmaları üçün təyin edilmiş müddət ərzində də barışmadıqlarından və hazırda iddiaçı nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulmalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş hazırda yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatmamaları, hal-hazırda ana qayğısına daha çox ehtiyaclarının olması və digər mənafeləri, həmçinin cavabdehin buna etiraz etməməsi nəzərə alınaraq, hazırda yetkinlik yaşına çatmayan uşaqlar nikah pozulduqdan sonra faktiki vəziyyətə uyğun olaraq iddiaçının (anasının) yanında saxlanılmalıdır. Digər tərəfdən, Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə hesab edir ki, iddiaçı nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün aliment tələb etmədiyindən, tərəflər arasında nikah pozularkən alimentin tutulması məsələsi həll edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Abşeron rayon VVADQ şöbəsində 538 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 İddiaçı yanında saxlanılsınlar. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar