Məhkəmə qərarları › İş №2(076)-131/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-131/2024

20.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-131/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonunun Düyərli kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsinə, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. O, ona mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonu Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən onun razılığı olmadan istifadə edir. Cavabdeh torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. Qeyd olunan torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. O dəfələrlə cavabdehdən onun mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilini sökməsini xahiş etmiş, lakin cavabdeh onun xahişinə məhəl qoymamışdır. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənədi yoxdur. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsini və 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsindən cavabdehin çıxarılması barədə mübahisəyə Şəmkir rayon Məhkəməsində baxılan zaman cavabdeh orada tikinti işləri aparmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddiaçının mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə2 Bəşir oğlu iddiaya etiraz edərək bildirdi ki, Cavabdeh hazırki iddiaya cavab verməli şəxs deyildir. Yəni, o əsl olmayan cavabdehdir və cavabdehin hazırki iddiaya cavab verməli şəxs olma faktı iş materiallarında heç bir sübut ilə təsdiqini tapmır. Belə ki, iddiaçı Şəmkir rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Şəmkir rayonu Düyərli kəndində yerləşən "torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" üzrə ona aid olan torpaq sahəsində cavabdehin 5-6 il öncə qanunsuz yaşayış evi inşa etdiyini qeyd edərək, hazırda həmin tikilinin sökülməsi tələbi ilə çıxış edir. Halbuki, bu illər ərzində iddiaçı həmin tikili ilə bağlı hər-hansı etirazını və ya tələbini cavabdehə bildirməmiş və susmuşdur. Deməli, iddiaçı həmin tikilidə cavabdehin tikili inşa etdirməsinə və orada ailə üzvləri ilə 2023-cü ildə iddia qaldırılan vaxtadək yaşamasına etiraz etməyərək bu barədə susmuş və dolayısı ilə razılaşmışdır. Sonradan narazılıq isə, İddiaçı qardaşı Şamil İsmayılova qarşı həmin torpaq sahəsindən çıxarılma ilə bağlı iddia tələbi irəli sürdükdən və həmin iddiasının Gəncə Apellyasiya Məhkəməsi tərəfindən rədd edilməsindən sonra başlanmışdır. Həmin torpaqdan çıxarılma tələbi ilə bağlı İddiaçı kassasiya şikayəti təmin edilməmiş və bu barədə AR Ali Məhkəməsinin 2(102)-4422/2023-saylı, xx.xx.2023-cü il tarixli yekun qərarı vardır. Həmin qərarında məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Şamil Novruzovun mübahisəli torpaqdan istifadə etməsi həmin torpaq üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası konkret olaraq hansı evdən istifadə etmə ilə bağlı mövqe göstərməmiş, çünki mübahisə predmeti cavabdehin evdən yox, torpaqdan çıxarılması ilə bağlı olmuş, həmçinin torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə əks olunan fərdi yaşayış evi, daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydə alınmadığına görə, torpağa dair Şəhadətnamədə əks olunan torpaq sahəsindən fərqli olaraq, torpaq üzərindəki fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti vardır və evə dair sübyektiv hüquqlar yalnız həmin anda yarana bilər. Beləliklə, yuxarı məhkəmələrin preyudisiyal qərarlarından bəlli olur ki, cavabdehin torpaq sahəsinə istifadə hüququ qanunla tanınmış və həmin torpaqdan istifadə etməsi, həmin torpaq üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Digər vacib məqam odur ki, tikilinin altında yerləşən qeyd olunan torpaq sahəsi iddiaçı və cavabdehin vaxtilə ataları Namazın olmuş və orada cavabdeh atasının sağlığından bu günədək fəsiləsiz yaşayır və orada yaşayarkən cavabdeh ailə qulmuş, ailə üzvləri ilə birlikdə bu günədək həmin torpaq sahəsində təsərrüfat aparmışdır. Həmin torpaq və üzərindəki tikilidə cavabdehin arvadı Samaya İsmayılova, yaşı 35 olan oğlu Pərvin İsmayılov, daha böyük yaşda olan qızı Mənzər və onların hər birinin ayrılıqda 2 azyaşlı uşaqları daimi yaşamaqdadır. Söküntüsü tələb olunan tikilinin həmin torpaq sahəsində təsərrüfat aparan başqa bir şəxs tərəfindən onun şəxsi vəsaiti hesabına inşa edilməsi halı istisna deyildir. Belə olan halda, tikilinin inşasını həyata keçirən şəxs bəlli olmadan, həmin tikilinin inşasını həyata keçirən və maddi vəsait sərf etmiş həmin şəxsin hüquqları pozulmuş olur və bu hal onun maraqlarına toxunmuş olur. Bu səbəbdən hesab edirlər ki, hazırki iddia əsl olmayan şəxsə qarşı qaldırılmışdır. Cavabdeh, hazırki iddiaya cavab verən şəxs deyildir. Beləliklə, iddiaçının ilk növbədə subyektiv hüququ yoxdur ki, torpaq ona aid olsa belə dövlət reyestrində qeydə alınmamış və həmin tikili üzərində hüquqları rəsmən tanınmamış yayayış sahəsinə dair tələb irəli sürsün, onun sökülməsi və ya üzərində hər hansı formada sərəncam vermək hüquqlarını həyata keçirsin, habelə hazırki iddiaçının qanunsuz saydığı tikilinin məhz cavabdeh tərəfindən inşa edilməsi faktına dair iş materiallarında mötəbər sübutu olmadığından, cavabdehin iddiaçıya aid torpaq sahəsində yaşaması faktına əsaslanaraq tikilinin sökülməsi ilə bağlı iddia tələbinin ona qarşı irəsi sürülməsi doğru deyildir. Bundan başqa mübahisəli torpaq sahəsinin şəhadətnaməsinə diqqət yetirilsə şəhadətnamədə verilən bir vaxtdan şəhadətnamədə 164AN və 164AJ qeyd edilməklə iki tikili mövcuddur. Həmin evlər cavabdehin mərhum atası tərəfindən tikilmişdir. Cavabdeh tərəfindən ancaq həmin tkililərdə təmir işləri aparılmışdır. Cavabdeh doğulduğu andan bu günə kimi orda yaşamışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-164A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonu Düyərli kəndinin ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin, Şəhadətnamədə həmin torpaq sahəsi üzərində 65.12 kv.m yaşayış evi və 44.48 kv.m başqa tikintilər olduğu qeyd edilmişdir. Həmin tikililər Şəhadətnamədə 164AN və 164AJ kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4422/2023 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-459/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023cü il tarixli qətnaməsi ilə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, cavabdeh ailə üzvü olmaqla mübahisəli torpaq sahəsinin üzərində yerləşən atasına məxsus olmuş 65 kv.m olan evdə 1960-cı ildən hal-hazırki vaxtadək yaşamağa davam edir, O mübahisəli torpaq sahəsinin üzərində yerləşən evdən atasının razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmış, hazırda da həmin ev cavabdehin istifadəsində və sahibliyindədir, belə olan halda kollegiya mübahisəli torpaq sahəsinin üzərində yerləşən evə dair Cavabdeh istifadə hüququ yaranmasını hesab etmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi və tikililəri yerli baxış keçirilmiş, məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, 164A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən iki tikili 164 AN və 164AJ tikililəri qeyd edilən torpaq sahəsində qarşı qarşıya yerləşməklə cavabdeh tərəfindən təmir abaşdlaşdırma işləri aparılmış və hazırda hər iki tikili cavabdeh və ailə üzvlərinin istifadəsindədir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonu Düyərli kəndinin ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində iddiaçının və cavabdehin atası Namaz İsmayılov tərəfindən sahəsi 65 kv.m və 44.48 kv.m olan ayrı-ayrı tikililər inşa edilmişdir. Cavabdeh ev inşa edilən vaxtdan hazırki vaxtadək mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş 65 kv.m olan köhnə tikili olan evdə yaşamaqla həmin ev onun istifadəsində və sahibliyində olduğundan onun torpaq sahəsi üzərində yerləşən evə dair istifadə hüququ yaranmışdır. Ona görə də İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 2(076)-459/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4422/2023 saylı qərarı ilə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh tərəfindən ona məxsus həyətyanı torpaq sahəsində qanunsuz tikililər inşa edildiyini qeyd edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş olsa da, həmin torpaq sahəsində cavabdehin qanunsuz və özbaşına tikililər inşa etməsi müəyyən edilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi qanunsuz tikili adlandırdığı tikili “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilən 164AN tikilisidir. Həmin tikili isə eyni zamanda 164 AJ kimi qeyd edilmiş tikili iddiaçı və cavabdehin atası tərəfindən tikilmiş, daha sonra Cavabdeh və ailə üzvləri orada yaşadığından yalnız üzərində təmir (abadlaşdırma) işləri aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsində sökülməsi tələb olunan tikilinin cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verildiyi vaxtdan sonra inşa edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən həmin torpaq sahəsində iki hissədə 65.12 kv.m yaşayış evi və 44.48 kv.m başqa tikintilərin mövcud olduğu “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-164A (KOD ********) saylı Şəhadətnamədə öz əksini tapmışdır. Məhkəmə, mülkiyyətçinin sözü gedən tikililərdən torpaq sahəsi onun mülkiyyətinə verilən vaxtdan, yəni 1998-ci ildən məlumatlı olmasını və uzun müddət susması barədə işin hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək qeyd edir ki, cavabdeh Şamil İsmayılovun ailə üzvləri ilə birlikdə yaşadığı və sonuncunun mərhum atası Namaz İsmayılov tərəfindən inşa edilmiş fərdi yaşayış evi və digər tikililər hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa da, həmin tikililər özbaşına tikili hesab edilə bilməz. Belə ki, mübahisəli evdən cavabdehin istifadə hüququnun olması qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə artıq müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh 1960-cı ildən qeyd edilən torpaq sahəsi və tikililərdən istifadə etmişdir ki, bununla da istifadə edən şəxsin-Cavabdeh həmin torpaq sahəsinə və həmin tikililərə sahiblik hüququ yaranmışdır. Belə ki, sahiblik səlahiyyəti qanunla müəyyən edilən və qorunan elə bir imkandır ki, bununla əşyaya faktiki cəhətdən yiyələnmək təmin edilir, başqa sözlə desək, bu əşyanın salamat qalmasının təmin edilməsinə, idarə olunmasına və saxlanılmasına yönələn hərəkətlər edir. Sahiblik səlahiyyəti onu həyata keçirən subyektlərə görə iki yerə bölünür: mülkiyyətçinin sahiblik səlahiyyətinə; qeyri-mülkiyyətçi şəxslərin sahiblik səlahiyyəti. Qeyrimülkiyyətçinin sahiblik səlahiyyətinə həmin əmlakdan istifadə edən şəxsin sahiblik səlahiyyəti də aiddir. Hazırda cavabdehin də qeyd edilən torpaq sahəsindən və tikililərdən istifadə hüququ yarandığından həmin əmlak üzərində sahiblik səlahiyyəti də yaranmış və həmin hüququndan istifadə edərək əmlakın idarə olunmasını, salamat qalmasını təmin edən hərəkətlər etməklə tikililərdə təmir və abadlaşdırma işləri aparmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şəxslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixi qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə hazırkı mübahisənin predmeti olan mübahisəli torpaq sahəsində yerləşən tikili ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktın, mübahisəli torpaq sahəsində tikililərin iddiaçının və cavabdehin atası Namaz İsmayılov tərəfindən inşa edilməsi, cavabdehin tikililər inşa edildiyi vaxtdan orada yaşaması və bu baxımdan həmin evə dair istifadə hüququnun mövcud olması faktının hazırkı işdə preyudisiallığını tanıyır, həmçinin qeyd edir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən artıq həmin torpaqda iki hissədə tikililərin mövcud olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapdığından, iddiaçı tərəfin nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatında “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-164A (KOD ********) saylı Şəhadətnamə əsasında iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa edilməsi və ona görə də həmin tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi ilə bağlı istinad etdiyi dəlillər əsaslı deyildir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin cavabdeh tərəfindən son illərdə inşa edilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı mübahisəli tikilinin cavabdeh tərəfindən inşa edilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar