Məhkəmə qərarları › İş №2(076)-1328/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1328/2024

14.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1328/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi tələbinə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir X2 İdarəsinin əməkdaşları tərəfindən evinə quraşdırılmış Zenner tipli, G-4 markalı, **********9 zavod nömrəli, qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması, qaz keçir hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması və sayğacın istismara yararsız vəziyyətə düşməsi əsasında qaz itgisi yaranması nəticəsində ondan əsassız olaraq tələb edilən 1036,80 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Mahmudlu kəndində yerləşən, ailəsinə məxsus yaşayış evində ailə üzviləri ilə birlikdə yaşayır. Evinə Cavabdeh Şəmkir X2 İdarəsinin Şəmkir XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən, adına quraşdırılmış Zenner tipli, G-4 markalı, **********9 zavod nömrəli, qaz sayğacına onun iştirakı olmadan Cavabdeh İB-nin əməkdaşları Babayev Orxan və İbrahimov Vüsalın iştirakları ilə baxış keçirilmiş və akt tərtib etmişlər. Həmin qaz sayğacında heç bir qüsur olmadan, yəni normal işlək qaydasında açılıb götürülmüş və SMART tipli qaz sayğacı ilə əvəz edilmişdir. Buna zidd olaraq aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamı ilə aralanması, qaz keçir hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə alınması, istismara yararsız olması və nəticədə qaz itgisi yaranması kimi həqiqətə uyğun olmayan qüsurların aşkar edilməsi göstərilmişdir. Onun aktda qeyd etdiklərindən, o cümlədən həmin sayğacın istismara yararsız vəziyyətə düşməsindən və nəticədə qaz itkisinin yaranmasından xəbəri olmamışdır. Mübahisə predmeti olan qaz sayğacı Laboratoriya müayinəsindən keçirilərkən onun iştirakı təmin olunmalı olduğu halda təmin olunmamışdır. Bu səbəbdən də cavabdehin nümayəndələri tərəfindən guya sərf edilmiş qazın bərpası üçün 1036,80 manat məbləğində borcu olması müəyyən edilmişdir. Halbuki, o və onun ailə üzvləri sayğaca müdaxilə etməsini və qeyd etdiyi aktda göstərilən qüsurlardan xəbəri olmamışdır. Buna görə onların əsassız olaraq maddi məsuliyyətə alınmağı nə dərəcədə haqlı ola bilər. Bu ona və onun ailəsinə qarşı yönəldilmiş haqsızlıqdır. Əgər həmin sayğaca o və onun ailə üzvləri tərəfindən müdaxilə edilmiş olardısa ona maddi məsuliyyətə cəlb edilməyinə əsas olardı. Belə olan halda o əsassız olaraq maddi məsuliyyətə cəlb edilmişdir. Ona görə Cavabdeh Şəmkir X2 İdarəsinin əməkdaşları tərəfindən evinə quraşdırılmış Zenner tipli, G-4 markalı, **********9 zavod nömrəli, qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması, qaz keçir hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə alınması və sayğacın istismara yararsız vəziyyətə düşməsi nəticədə qaz itgisi yaranması nəticəsində ondan əsassız olaraq tələb edilən 1036,80 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********9 nömrəli qaz sayğacı, yeni Zenner tipli G-4 tipli **********321 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Zenner tipli, G-4 markalı, **********9 nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməmişdir. İş materiallarında olan MSK-29/1710-02758-1 nömrəli aktdan görünür ki, **********9 zavod seriyası olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizmini açıq vəziyyətdə olması, sərfin qeydə alınmaması, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan ünvan 1 ünvanında abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin yanvar ayına 1036,80 manat borc hesablanmışdır. İş materiallarında xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı İddiaçı adına olan, ünvan 2i ünvanında yerləşən G-4 markalı **********9 daxili nömrəsi olan sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qaz keçirməsi, hesablama mexanizmini açıq vəziyyətədir olması, sərfi qeydi alınmaması aşkar olunmuşdur. Qeyd olunalara əsasən 8640 m3 qaz itkisi hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 2022-ci il iyul ayında iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş. Həmin vaxt çıxarılan qaz sayğacında hesablama mexanizminin qoruyucu qapağının gövdədən aralanması barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner mexaniki tipli G-4 markalı, **********9 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1036,80 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2022-cü il tarixli akt əsasında sayğacın hesablama mexanizminin qoruyucu qapağının aralanması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar