Məhkəmə qərarları › İş №2(076)-1333/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1333/2023

14.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1333/2023 14.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Türkan Qulu qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı (Qasım İsmayılov) kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 01 iyul 2022-ci il tarixdə yaşadığı ünvanda cavabdeh təşkilatın nümayəndələri yoxlama aparmışlar, onun elektrik sayğacında alt qapağın blombun olmaması ilə bağlı 264313 nömrəli akt tərtib etmişlər. Həmin aktın nəticəsində ona 680 manat xəyalı hesablama aparmışlar. Bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğinin tam olaraq vaxtlı-vaxtında ödəyir. Aktda qeyd olunub ki, sayğacın alt qapaq möhürü yoxdur, həmin sözügedən möhür ona təqdim oluna hesab bildirişində və ümumiyyətlə "xxxx" ASC-nin bazasında həmin möhürün nömrəli qeydiyyatı yoxdur. Yəni özləri də sübut etdilər ki, həmin sayğac quraşdırıldıqdan sonuncu günədək sayğacın möhürü olmamışdır. 264313 nömrəli aktda möhürün olmaması ilə bağlı qeydiyyat aparılıb, lakin onun və ailə üzvlərinin heç bir iştirakı olmadığı laboratoriya rəyi 047159 nömrəli protokolda müdaxilə rəyi qeyd olunmuşdur. Burada görünür ki, istehlakçı hüquqları pozulub, cavabdehi olduğu sözügedən sayğacın rəy iştirakında heç bir iştirakları təmin etməyiblər. Görünür ki, qəsd və qərəzli şəkildə rəy yazılmışdır. Həmçinin cavabdeh idarənin əməkdaşları akt tərtib edərkən sayğacın müdaxiləli olması ilə bağlı tərtib olunan 264313 aktda müdaxilə ilə bağlı heç bir qeydiyyat aparılmamışdır. Əgər aktı tərtib edən şəxslər mütəxəssisdilərsə bir mütəxəssis kimi əvvəlcədən aktdan laboratoriyaya gedənədək aktda müdaxilə izlərinin olmasını qeyd etməli idilər və aktda yoxlama zamanı amper maşa ilə ölçü aparıldı. İ=1.2 amper yəni o deməkdir ki, 0.264 kv/saat enerji deməkdir. Bu yüklə hesablanmış 680 manat tam qeyri-qanunidir. Həmin dövrlərdə evdə yaşayış olmayıb. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbin heç bir nəticəsi olmayıbdır və qanunsuzluq formasında dəfələrlə onun evinə elektrik verilişi dayandırılıb məcburi ödəniş etdiriblər. Qeyd olunanlara görə də məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək bildirmişdir ki, 670 manat ümumi cərimənin hal-hazırda AR Prokurorluğu tərəfindən 449 manat hissəsi silinib və hazırda 220-230 manat qalıq borc təşkil edir. Qalıq borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərişıq” ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, 01 iyul 2022-ci il tarixdə İddiaçı məxsus Şəmkir rayonu, Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirilən zaman sayğacın alt qapaq möhürü yoxdur və sayğacın göstəricisi 11935-di, proqram bazasında isə 12342-dir, fərq 407. Sayğacın laboratoriya şəraitində yoxlanılmasına zərurət yaranmışdır. İ-1.2 a (bir onda iki). Sayğac yeni tipli sayğacla əvəz olunmuş və bu barədə 264313 nömrəli akt tərtib olunmuş və xx.xx.2022-ci il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında iddiaçıya 680 manat cərimə hesablanmışdır. Hazırda iddiaçının qalıq 219.68 manat borcu artaraq 257.16 manat təşkil edir. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 01 iyul 2022-ci il tarixli, 264313 saylı aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən abonent İddiaçı məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən sayğacın alt qapaq möhürü yoxdur və sayğacın hal hazırda göstəricisi 11935, proqram bazasında is 12342-dir və fərq 407. Sayğacın laboratoriya şəraitində yoxlanılmasına zərurət yaranmış, yoxlama zamanı ampermaşa ilə ölçü aparılmış- İ-1.2a (bir onda iki) və sayğac yeni tipli sayğacla əvəz olunması tələb olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin icra vərəqindən görünür ki, abonent Fidayıl Quliyevə məxsus Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən fərdi yaşayış evində sayğac baxış keçirilən zaman sayğacın üst qapağının sağ tərəf ilgəyi yerindən çıxarıldığı, hesab mexanizminin rəqəmləri müdaxiləlidi, sayğacın işlədiyi müəyyən edilmiş və W=1,1 kvt x 24 saat x 0,7 x 365 gün= 6745 kvt.s; W1=1250 kvt.s x 0,07 manat; W2=1060 kvt.s x 0,11 manat; W2=1060 kvt.s x 0,11 manat; W3=1584 kvt.s x 0,08 manat; W4=816 kvt.s x 0,09 manat; W5=2035 kvt.s x 0,13 manat cəmi dəyəri 668.81 manat qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022-ci ildə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sökülərək laboratoriya şəraitində yoxlanılmış, sayğacın alt qapaq möhürü yoxdur və sayğacın hal hazırda göstəricisi 11935, proqram bazasında isə 12342-dir və fərq 407. Sayğacın laboratoriya şəraitində yoxlanılmasına zərurət yaranmış, yoxlama zamanı ampermaşa ilə ölçü aparılmış- İ-1.2a (bir onda iki) olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının barəsində xx.xx.2022-ci il tarixli, 264313 saylı akt tərtib edilmişdir. Ona görə də, məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğacdan kənar xətt işlətdiyi, sayğacdan enerji keçmədiyi və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2022–ci il tarixli 264313 nömrəli akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış və qalıq qalan 230 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli 264313 nömrəli akt əsasında İddiaçı hesablanmış 230 (iki yüz otuz) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HakimŞəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar