Məhkəmə qərarları › İş №2(076)-1368/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1368/2023

13.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1368/2023 13.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya tələbinə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2000-ci il tarixli icarə müqaviləsi əsasında ona icarəyə verilmiş, Şəmkir rayonu, Ceyrançöl massivində yerləşən 36 və 37 nömrəli qış otlaq sahəsində cavabdeh tərəfindən zəbt edilərək qanunsuz inşa edilmiş tikilinin cavabdehin şəxsi hesabına sökülməsi, dəymiş zərərə görə cavabdehdən 312.000 manat kompensasiyanın və 603 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, tərəflər müvafiq VÖEN–ə malik olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğuldur Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı göstərdi ki, 14 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona müvafiq VÖEN verilmişdir. Belə ki, qeyd olunan torpaq sahəsini Şəmkir Rayon İcra Hakimiyyətindən 15 il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə icarəyə götürmüşdür. Lakin cavabdeh həmin ərazini zəbt edərək özbaşına ağaclar əkmiş, ferma inşa etmiş və süni göl yaratmışdır. Bununla belə hazırki mülki işə Şəmkir Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan və 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli məktubdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi xx.xx.2010–cu il tarixdə Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişdir. İşdə olan www.taxes.gov.az saytından Çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmçinin, MPM–in 26.1–ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30–cu maddəsinə əsasən bir–biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46–1–ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019–cu il 9 iyul tarixli 1632–VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7–ci bəndinə əsasən bu Sərəncamın 1–3–cü hissələri 2020–ci il yanvarın 1–dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019–cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020–ci il yanvarın 1– dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2–ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2–ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21–ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, yəni tərəflər müvafiq VÖEN–ə malik olmaqla, eləcə də, iddiaçı mübahisəli torpaq sahəsini fermer təsərrüfatı yaratmaq məqsədilə icarəyə götürməklə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya tələbinə dair mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263–264 və 267–268–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinə görə kompensasiya tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar