Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1381/2023 19.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 267596 saylı və xx.xx.2022-ci il tarixli 249343 nömrəli aktlar üzrə hesablanmış borcların silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1ində yaşayır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılarkən onun evinə quraşdırılmış sayğacdan kənar xətt aşkar edildiyi qeyd edilərək akt tərtib edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə yenidən onun evinə quraşdırılmış sayğaca "xxxx" ASCnin əməkdaşları tərəfindən yoxlama aparılarkən sayğacdan kənar xətt aşkar edildiyi qeyd edilərək akt tərtib edilmişdir. Baxış keçirilən zaman onun iştirakı hal şahidlərinin iştirakı təmin edilməmiş, ona X1 qaydalarınını pozulmasına görə əsassız olaraq cərimə hesablanmışdır. İstehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq ödəyir. Yazılmış aktla bağlı heç bir sübut və dəlil yoxdur. Göründüyü kimi "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsassızdır. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək əlavə olaraq qeyd etdi ki, onun 82 yaşı var, gəlini və nəvələri ilə yaşayır. Oğlu öldüyündən ailə üzvləri onun himayəsindədir. Evdə kənar xətt qoşulmasını edəcək şəxs yoxdur. Belə ki, o özü və gəlini onu bacarmır. Qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli 267596 saylı və xx.xx.2022-ci il tarixli 249343 saylı aktlar üzrə hesablanmış 2698 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Cavabdeh "xxxx" ASC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 249343 nömrəli aktdan görünür ki, həmin tarixdə yoxlama keçirilən zaman məlum olmuşdur ki, abonent “faz” xəttini dayaqdan birbaşa götürərək sayğacı sxemdən ayırıb kənarlaşdırması və sayğacın sərf olunan elektrik enerjisini qeyd etmədiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 267596 nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilən zaman abonent kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli icra vərəqələrindən görünür ki, fərdi abonent İddiaçı xx.xx.2022-ci il tarixli akta əsasən 1625.61 manat, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 1428.30 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1ində özünə məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 31 mart 2022-ci il tarixdə və 13 sentyabr 2022-ci il tarixlərdə aparılmış yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacdan kənar xətt aşkar olunması barədə akt tərtib olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı xx.xx.2022-ci il tarixli, 249343 saylı və xx.xx.2022-ci il tarixli 267596 saylı aktlar tərtib edilmişdir. Həmçinin, həmin aktlar abonentin iştirakı olmadan tərtib olunmuş və aktlara əsasən abonentə 2698 manat borc hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, iddiaçıların istifadə etdiyi elektrik sayğacı onlara məxsus həyətdə yerləşmir. ünvan 1i ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar xətt qoşulmasını özündə əks etdirən videogörüntü də cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə hər iki akt üzrə kənar xəttin qoşulması və nəticədə 3053,61 (1428,30+1625,61) manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçı yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evində kənar xətt qoşulması aşkar olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmçinin, həmin aktlar abonentin iştirakı olmadan tərtib olunmuş və aktlara əsasən abonentə 3053,61 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə ünvan 1i ünvanında tərtib edilmiş aktlar tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.33-cü maddəsinin tələblərinə uyğun olaraq iki nəfər hal şahidinin iştirakı təmin olunmamış, həmçinin 7.6-cı maddənin tələblərinə uyğun olaraq akt tərtib olunan zaman abonentin (istehlakçının) iştirakı təmin olunmamışdır. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən abonentin, habelə hal şahidlərinin iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan (hüquq pozuntusunu özündə əks etdirən videogörüntü olmadan) abonentə 3053,61 manat borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan iddiaçıya 3053,61 manat borc hesablanmışdır. Eləcə də, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi və bu hal olduğu təqdirdə həmin hərəkətə görə birbaşa istehlakçısının təqsirli sayılması inandırıcı hesab edilmir. Bu hal isə bir daha tərtib olunmuş aktın və hesablanmış borc məbləğinin əsassız olduğuna dəlalət etmişdir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, 249343 saylı və xx.xx.2022-ci il tarixli 267596 saylı aktlar əsasında iddiaçıya "xxxx" ASC-nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 3053,61 manat məbləğində borcdan iddiaçının iddia ərizəsində silinməsini xahiş etdiyi 2698 manat borcun silinməsini iddiaçının cavabdehdən tələb etməsi əsaslıdır və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş 31 mart 2022-ci il tarixli, 249343 saylı və xx.xx.2022-ci il tarixli 267596 saylı akt əsasında hesablanmış 2698 (iki min altı yüz doxsan səkkiz) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1381/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1381/2023
19.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver