Məhkəmə qərarları › İş №2(076)-1437/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1437/2023

20.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1437/2023 20.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixində 286982 nömrəli akt əsasında qanunsuz hesablanmış 1370.57 (bir min üç yüz yetmiş manat əlli yeddi qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o ailəsilə birlikdə Şəmkir rayonu Qaralar kəndində yaşayır. 14 fevral 2023-cü il tarixində cavabdeh təşkilatın əməkdaşı əvvəlcədən tanıdığı Bayramov Səbuhi adlı şəxs tərəfindən yaşadığı ünvanda yoxlama işi aparırdı. Həmin vaxt o evdə olmamışdır, qonşuluqda keçirilən məclisdə iştirak edirdi. Qonşu tərəfindən onu çağırıraraq evinə dəvət oldu, həmin an Səbuhi adlı şəxsi gördü. O vaxt Səbuhi Bayramov ona bildirdi ki, sənin elektrik sayğacın ötürülən enerjini qeyd etmir. Sayğacın qoruyucu avtomatını aşağı endirən zaman navest hissəsində olan elektrik lampası sönmür. Sən kənardan levi xəttdən istifadə edirsən deyib irad bildirdi. O, onu evinə dəvət etdi, hər hansı bir kənar xətti tap ona sübut et. Həmin sönməyən lampa 10 vatlıq gücündə daima elektrik qovşağına qoşulu olan özünü zaryatka edən led lampadır. Həmin led lampa onun mal-qara hissəsəndə daima işləyən avadanlıqdır. Onuda qeyd edirki, o evində tək yaşayır, hər an kənddə elektrik enerjisinin fasiləsi halları baş verir. Bu səbəbdəndə daima işiqlanmadan istifadə edir. Həmin şəxs ondan xahiş etdiki, sayğaca yük versin, yəni cörəy bişirdiyi elektrik sobasını dövriyyəyə qoşsun. Elǝdə etdi, o şəxsdə video çəkiliş etdi və kənarlaşdı. Sonradan məlum olduki, Bayramov Səbuhi onun qaynatası mərhum X4 adına olan elektrik sayğacına 286982 nömrəli akt tərtib edib və 1370.57 manat xəyalı dəyər hesablayıb. Hörmətli məhkəmə, bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyən vətəndaş olmuşdur, ərizəyə əlavə etdiyi ödəniş cədvəlindəndə görünür ki, o elektrik enerjisindən illərdi ki, çox az istifadə edir. Həyat yoldaşı X13 İ Qarabağ müharibəsi əlilidir. Mütəmadi və mövsümü olaraq, müalicəsi üçün xaricdə olurlar. Həyat yoldaşı müalicə üçün qonşu ölkədədir. Həmçinin cavabdeh idarənin əməkdaşları akt tərtib edərkən evdə yaşayanlardan heç kəsin adlarını qeyd etməmiş və imzalatdırmamışdır. Aktda qeyd etdikləri abonentin nümayəndəsi X10 xx.xx.2015-ci ildə rəhmətə getmişdir. Yanındakı qonşusu rəhmətlik qaynatası hesab etmişdir. Bundan başqa cavabdeh idarə aktda göstərmişlər ki, sayğacda 0 xəttindən istifadə edirlər. 0 xətti energetika terminində yoxdur. Gözlə görmədiyi 0 xəttini necə yaza bilər? Çəkiliş etdikləri video görüntüdə istifadə olunan amper maşa heç bir standartlara cavab vermir. Həmin şəxs onun sayğacının elektron beynini vərəqləyərkən itən yükü görə bilərdi. Aktda sayğacın seriya nömrəsi ********** nömrəli sayğac ona məxsus deyil, sonradan əlavə olunan 21141865 zavod nömrəli sayğac ona məxsusdur. Təqdim etdiyi 21141865 nömrəli cavabdeh idarə tərəfindən təqdim olunan icra vərəqəsində lǝğv etmək bölməsində heç bir qeyd aparmayıblar. Çünki cavabdeh nümayəndənin əməkdaşları təkrar gələrək qüsuru aradan qaldırmaq protokoluna tərtib edə bilmədilər. 286982 nömrəli aktda qeyd etdikləri qayda pozuntularını aşkar edə bilmədilər. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər. Əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbin heç bir nəticəsi olmayıbdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 685.35 (altı yüz səksən beş manat otuz beş qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun yaşadı evə quraşdırılmış elektirik sayğacına gələn sıfır xəttinin yeri onun tərəfindən dəyişdirilməmişdir. Borc məbləği yüksək hesablanıb, iddianın təmin edilməsini hesablanmış 685.35 (altı yüz səksən beş manat otuz beş qəpik) manat məbləğində borcun silinməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, 0 (sıfır) xəttindən istifadə etməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, iddiaçının yaşadı evə quraşdırılmış elektirik sayğacın sıfır xəttini kəsib başqa yerdən sıfır xətt götürüb istifadə etməsi xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və görüntüləri qeydə edilmişdir. X1 l-ci Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alınaraq, hesabatı 180 gün yox, 90 gün ərzində aparılmasına qərar verildi. Hazırda borclunun 685.35 manat borcu var. Məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X2 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan Şəmkir RİHB Ağlavaşlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Şəmkir rayonu, Ağlavaşlı kəndində anadan olub hazırda Şəmkir rayonu, Qaralar kəndində yaşayır. İşdə olan abunə haqqından saldodan görünür ki, X4 1381.50 manat borcu var. İşdə olan xx.xx.2023-cü il tarixli AKTR 286982 №-li nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qarallar kəndində olan istehlakçı X5 məxsus ünvanda yoxlama zamanı abonentin sayğacın sıfır xəttini kəsib başqa yerdən sıfır xətt götürməsi aşkar edilmişdir. İşdə olan icra vərəqindən görünür ki, **********00039 saylı abonent X5 məxsus ünvanda yoxlama zamanı abonent sayğacın sıfır xəttini kəsib başqa yerdən sıfır xətt götürülməsi aşkar edilmişdir. W=3.7kvtx24sx 0,7x180g=11189kvt.s. W1=1200kvt.sx0,08; W2=600kvt.sx0,09; W3=9389kvt.sx0,13. Cəmi 1370.57 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında tərtib olunmuş protokolun surətindən görünür ki, köhnə tipli sayğac çıxarılaraq onun əvəzinə iddiaçının yaşayış evinə yeni sayğac quraşdırılması qeyd edilmişdir. İşdə olan 013064 saylı vəsiqənin surətindən görünür ki, X13 müharibə veteranıdır. İşdə olan xx.xx.2014-cü il tarixli, 504-8-423 saylı Texniki Pasportun və Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan CD diskdə olan videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Qaralar kəndində X5 məxsus fərdi yaşayış evində "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərək onun sayğacın sıfır xəttini kəsib başqa yerdən sıfır xətt götürərək istifadə etməsi qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, X1 l-ci Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alınaraq, hesabatı 180 gün yox, 90 gün ərzində aparılmasına qərar verildi. Hesabat: W=3,7 kVt x 24 saat x 0,7 x 90 gün. W=5594 kVt.s. W1=600 kVt.s x 0,08 manat; W2=300 kVt.s x 0,09 manat; W3=4694 kVt.s x 0,13 manat. Dəyəri:685,22 manat. Dürüstləşdirilməli məbləğ 1370,5- 685,22=685,35 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qaralar kəndində yaşayır və yaşadığı evə X4 adına cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində qeydə alınmış elektrik sayğacından istifadə edir. Cavabdeh-nin X7 əməkdaşları İddiaçı yaşadığı evə verilən elektirik enerjisinin sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirərkən, sayğacın kənar mənbədən götürülən “0” xətti vasitəsilə dövrədən kənar istifadə edilməsini aşkar etmişdir. Bundan sonra "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən abonent barəsində elektirik xəttindən keçən enerjinin yükü və iddiaçının müraciət nəzərə alınmaqla hesabat dövrü 180 gündən 90 günə endirilərək, W=3,7 kVt x 24 saat x 0,7 x 90 gün. W=5594 kVt.s. W1=600 kVt.s x 0,08 manat; W2=300 kVt.s x 0,09 manat; W3=4694 kVt.s x 0,13 manat. Dəyəri:685,35 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə iddia tələbinin qismən əsaslı hesab edirərək qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşı nöqsanın aşkar olunmasından əvvəl sayğaca baxış keçirərkən gözlə görünən qeyd edilən nöqsanı aşkar edilməməsinə baxmayaraq, aylıq sərfiyyatın dəyəri nəzərə alınmadan 90 gün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmaqda haqlı olmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarını və abonentin aylıq sərfiyyat məbləği nəzərə alınmaqla 45 (qırx beş) günlük dövr nəzərə alınmaqla itirilmiş enerjinin bərpası məqsədilə hesabatın aparılması fakti vəziyyətə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, sayğaca nəzarətçi tərəfindən əvvələr baxış keçirilməsi və bundan sonra qeyd edilən nöqsanın aşkar edilməsi və abonentin aylıq sərfiyyatı əsas götürülməli, son 45 (qırx beş) günlük nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq 340 manat hissəsində borc saxlanılmalı, hesablanmış borcun 345.35 manat hissəsi iddiaçının yaşadığı evin elektirik sayğacının adına qeydə alınmış mərhum abonent X4 (abonent kodu: **********00039 olan) hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 345.35 (üç yüz qırx beş manat otuz beş qəpik) manat borc məbləği abonent X4 abunə hesabından (abunə kodu: **********00039) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar