Məhkəmə qərarları › İş №2(076)-1449/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1449/2023

07.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1449/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın bağışlanması vədindən imtinanın qəbul edilməsi və bağışlama müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir şəhəri, **********50- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən, tam mülkiyyət hüququ üzrə 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 99.3 kv.m yaşayış sahəsi olan 4 otaqlı fərdi yaşayış evinin Cavabdeh bağışlaması vədindən imtinanın qəbul edilməsi və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 0,05 ha həyətyani torpaq sahəsində yerləşən 99,3 kv.m olan fərdi yaşayış evini tikdirmişdir. ƏMDK yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrə nişanlı reyestrdən çıxarışa əsasən onun tam mülkiyyətindədir. Ailədə olan narazılığa görə o, Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 nömrəli fərdi yaşayış evini alqı-satqı yolu ilə alıb, o vaxtdan həmin evdə yaşayır. Oğlu Cavabdeh ilə şifahi razılaşıblar ki, onun xüsusi mülkiyyətində olan, həmin evi Raminə bağışlayacaq, əvəzində Ramin ona ölənə kimi baxacaq, mütamadi olaraq maddi cəhətdən yardım göstərəcəkdir. Lakin oğlu Ramin 2022-ci ilin sentyabr ayından Rusiya Federasiyasına işləməyə getmiş, bu günə kimi ona heç bir maddi yardım etməmiş, hətta pul göndərmək əvəzinə ona zəng edərək bir daha gəlməyəcəyini bildirmişdir. O, xəstədir, heç bir yerdə işləmir, aldığı pensiya işıq pulunu, qaz pulunu və dərman pulunu ödəmir. Ona görə də başa düşmüşdür ki, oğlu Ramin onu aldadır, ona yardım göstərməyəcəkdir. Belə olan halda hesab edir ki, mülkiyyətində olan Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 nömrəli fərdi yaşayış evinin oğluna bağışlama müqaviləsini ləğv etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, oğlu Ramin-cavabdeh onu atıb Rusiya Federasiyasına getmişdir. Bunu bilən kimi dərhal ona bağışlamaqdan imtina etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 ünvanında yerləşən ümumi sahəsi 99.3 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini və həmin ünvanda yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini Cavabdeh hədiyyə etməklə onun mülkiyyətinə vermişdir. Həmin müqavilədən görünür ki, bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən hədiyyə verənə məxsusdur: DƏDRX-i tərəfindən tam mülkiyyət hüququ üzrə İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli çıxarış. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli texniki pasportundan görünür ki, Şəmkir şəhəri, Vaqif Səfərov küçəsi, 22 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrində **********50-10301 nömrəli ilə qeydiyyata alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı bağışlamadan imtina barədə cavabdehə bildiriş göndərmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evini İddiaçı xx.xx.2022-ci ildə oğlu Cavabdeh bağışlamışdır. Aralarında bu barədə eyni tarixli bağışlama müqaviləsi bağlanmışdır. İddiaçının ona məxsus mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evini oğluna bağışlama yolu ilə hədiyyə verməsində məqsəd oğlu Raminin ona ölənə kimi baxacağı, qayğı göstərəcəyi, mütamadi olaraq maddi cəhətdən yardım göstərəcəyi olmuşdur. Cavabdeh isə ona heç bir qayğı, köməklik göstərməmiş, onunla maraqlanmamış, onu atıb Rusiya Federasiyasına getmiş və ona maddi yardım etməmişdir. İddiaçı cavabdehə bağışlama vədindən imtina barədə cavabdehə bildiriş də göndərmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ qanunla qorunur, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Mülki Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsaəsn imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Mülki Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Göründüyü kimi, cavabdeh ona iddiaçı tərəfindən bağışlama müqaviləsi əsasında bağışlanması vəd edilən əmlakı mülkiyyətinə keçirməmişdir. Həmçinin müqavilə bağlanarkən -hədiyyə alan (iddiaçının oğlu) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh arasında Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi Notarius Kontorunda 12 aprel 2022-ci il tarixdə bağlanmış Daşınmaz əmlakın bağışlanması vədindən imtinası qəbul edilsin və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi qüvvədən düşmüş hesab edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Şəmkir rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar