Məhkəmə qərarları › İş №2(076)-1484/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1484/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1484/2023 13.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X9 ilə aralarında qohumluq münasibətinin olması (nənəsi olması faktının) faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X7, anası X2 olmaqla, xx.xx.1954–cü il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuşdur. Atası 1993–cü ildə, anası 1995–ci ildə vəfat etmişdir. Mərhum valideynləri ilə birlikdə Şəmkir rayonu, Keçili kəndində yaşamışlar. Ana nənəsi mərhum X9 da onlarla birlikdə yaşamış, xx.xx.1990–cı il tarixdə vəfat etmişdir. Sağlığında nənəsinin adına Şəmkir rayonu, Keçili kəndində 0.08 ha həyətyanı torpaq sahəsi olmuşdur. Mərhum nənəsi, habelə valideynləri vəfat etdikdən sonra həmin miras əmlakı faktiki olaraq qəbul edərək, sahiblik etmişdir. Mərhum nənəsinin hər hansı vərəsəsi yoxdur. O isə vaxtında notariat kontoruna müraciət edərək mirası qəbul etdiyini bildirməmişdir. Hazırda mərhum nənəsi X5 miras qalmış həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin mərhum X9 ilə aralarında qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından notariat orqanı ona şəhadətnamə verməkdən imtina etmişdir. Həmçinin, mərhum anasının doğum şəhadətnaməsi olmamış, onun doğum akt qeydinin bərpa edilməsi üçün Şəmkir Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin anasının vəfat etməsi səbəbindən onun doğum akt qeydinin bərpa edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməli olmasını tövsiyyə etmişlər. Hazırda mərhum anasının doğum akt qeydi tapılmadığından nənəsi ilə qohumluq faktını sübut edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəsinin təmin olunaraq, mərhum X9 ilə aralarında qohumluq münasibətinin olması (nənəsi olması faktının) faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Şəmkir Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. Belə ki, o, atası X7, anası X2 olmaqla, xx.xx.1951–ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuşdur. Mərhum valideynləri ilə birlikdə Şəmkir rayonu, Keçili kəndində yaşamışlar. Ana nənəsi mərhum X9 da onlarla birlikdə yaşamış, xx.xx.1990–cı il tarixdə vəfat etmiş və kənd qəbirtsanlığında dəfn edilmişdir. Atası 1993–cü ildə, anası 1995–ci ildə vəfat etmişdir. Mərhum nənəsinin anası Güləndamdan başqa vərəsəsi olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 528922 saylı SSRİ vətəndaşının pasportundan görünür ki, X9 1895–ci ildə Şəmkir rayonu, Plankənd (indiki Keçili) kəndində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi, atası X7, anası X2 olmaqla, xx.xx.1954–cü il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuşdur. İşdə olan 378297 saylı “X12 və Ölçüsü”ndən görünür ki, X13 Filialının xx.xx.2010–cu il tarixli 687 saylı arxiv arayışına əsasən X8 Şəmkir rayonu, Keçili kəndində 800 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X9 xx.xx.1990– cı il tarixdə, X2 xx.xx.1995–ci il tarixdə vəfat etmişlər. İşdə olan Şəmkir RİHB–nın Keçili kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.1990–cı il tarixdə vəfat etmiş, ölən günədək qohumları ilə birgə təsərrüfatda yaşamışdır. Ailə üzvləri–nəvəsi Ərizəçi və nəticəsi X3 ibarət olmuşdur. İşdə olan X13 Filialı tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş arxiv arayışından görünür ki, Şamxor rayon VAQŞ–nin 1921–ci ilə dair arxiv sənədlərinə əsasən Şəmkir rayonu, Keçili kəndinə aid doğum akt kitabları arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Bu səbəbdən mərhum X1 1921–ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulması barədə çıxarış verilməsi mümkün olmamışdır. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023– cü il tarixli arayışdan görünür ki, 1921–ci il təvəllüdlü X1 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsi haqqında xx.xx.2022–ci il tarixli qərarın surətindən görünür ki, mərhum X9 ilə qohumluq münasibətini təsdiq edən sənəd olmadığından notariat orqanı Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadəsi və digər iş materialları ilə müəyyən edilir ki, mərhum X9 ərizəçinin nənəsi olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1–ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətləri faktını müəyyən edir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə mərhum anasına münasibətdə doğum akt qeydinin qeydiyyat orqanında bərpa oluna bilməməsi və bundan imtina olunması, eləcə də, mərhum nənəsi ilə qohumluq münasibətini təsdiq edən sənəd olmadığından notariat orqanının ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, qohumluq faktının müəyyən edilməsi ərizəçiyə mərhum nənəsindən miras qalmış torpaq sahəsinə görə vərəsəlik şəhadətnaməsi almaq üçün zəruridir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 avqust 1990–cı il tarixdə Şəmkir rayonu, Plankənd (indiki Keçili) kəndində vəfat etmiş mərhum X9 ilə xx xxxx 1954–cü il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuş Ərizəçi arasında qohumluq münasibətinin olması (nənəsi olması) faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar