Məhkəmə qərarları › İş №2(076)-149/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-149/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-149/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Cavabdeh: "xxxx" ASC–nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları 12 iyul 2024–cü il tarixdə fərdi yaşayış evində adına quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və sayğacdan kənar xətt olduğunu göstərərək 12 iyul 2024–cü il tarixli 002395 nömrəli akt tərtib etmişlər. Bundan sonra həmin akt əsasında ona 2.882,88 manat məbləğində borc hesablamışlar. Halbuki, o, istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmişdir. Əgər sayğacdan kənar xətti olsaydı, o, ay ərzində cədvəldə göstəriləndən daha az elektrik enerjisi sərf edərdi. Həmçinin, əgər onun sayğacdan kənar xətti olsaydı, bu barədə ay ərzində sərf olunan elektrik enerjisinə görə bildiriş verən nəzarətçinin məlumatı olardı. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. Halbuki, o, həmin borcun qanunsuz yazıldığını hesab edir. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyul 2024–cü il tarixli 002395 nömrəli akt əsasında hesablanmış 2.882,88 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, təmsil etdiyi şəxs ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları 12 iyul 2024–cü il tarixdə fərdi yaşayış evində adına quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və sayğacdan kənar xətt olduğunu göstərərək 12 iyul 2024–cü il tarixli 002395 nömrəli akt tərtib etmişlər. Bundan sonra həmin akt əsasında ona 2.882,88 manat məbləğində borc hesablamışlar. İddiaçı həmin borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etdikdən sonra "xxxx" ASC tərəfindən təmsil etdiyi şəxsin barəsində Şəmkir rayon prokurorluğuna şikayət verilmişdir. Şəmkir rayon prokurorluğunda araşdırma aparılmış, nəticədə xx.xx.2024-cü il tarixli qərarla iddiaçının barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərar və toplanmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X3 Filialı tərəfindən iddiaçının barəsində xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərarla iddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Bununla belə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən artıq borc məbləği hesablamışdır. Belə ki, fərdi yaşayış evində istifadə edilən enerjiyə görə 2.882,88 manat məbləğində borc hesablanması inandırıcı deyildir. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyul 2024– cü il tarixli 002395 nömrəli akt əsasında hesablanmış 2.882,88 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, 12 iyul 2024-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət İdarəsinin Satış şöbəsinin əməkdaşları tərəfindən Şəmkir rayonu ərazisində, o cümlədən Təzəkənd kəndində yaşayan abonentlər tərəfindən elektrik enerjisinin talanmasının qarşısını almaq məqsədilə abonentlərin X1 qaydalarına əməl edib-etməmələrini araşdırmaq məqsədilə onların yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün iddiaçının adına quraşdırılmış sayğaca baxış keçirilərkən sayğac sxemindən kənar xətt daxil olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının barəsində 12 iyul 2024–cü il tarixli 002395 nömrəli akt tərtib edilmişdir. Baxış zamanı iddiaçının nümayəndəsi Arzu Babayev baxışda iştirak etmiş, enerji pozuntusu onun yanında aşkar edilmiş, sözügedən akta o da imza etmişdir. Baxış zamanı video çəkiliş də aparılmışdır. Bununla da abonentə 120 gün üçün 2.882,88 manat borc hesablanmışdır. Həmçinin, iddiaçının barəsində Şəmkir rayon prokurorluğuna şikayət verilmişdir. Şəmkir rayon prokurorluğunda araşdırma aparılmış, nəticədə xx.xx.2024-cü il tarixli qərarla iddiaçının barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərar və toplanmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X3 Filialı tərəfindən iddiaçının barəsində xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərarla iddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Bu hal isə ona dəlalət edir ki, həqiqətən iddiaçının kənar X1 etməsi öz təsdiqini tapmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 12 iyul 2024–cü il tarixli 002395 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar xətt daxil olması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli satış sahəsi üzrə tələblərdən görünür ki, İddiaçı məxsus sayğaca baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar faza xətti fərdi yaşayış evinin qarşısındakı 0,4 kvt-luq sayğacları qidalandıran sipp xətdindən qoşularaq torpaq qatının alt hissəsi ilə su borusunun içərisi vasitəsilə fərdi yaşayış evinə çəkilmiş, bununla da abonentə 12 iyul 2024–cü il tarixli 002395 saylı akt üzrə 2.882,90 manat borc hesablanmışdır. İşdə olan abunə haqqından görünür ki, xx.xx.2024–cü il tarixə İddiaçı EİQ pozulması nəticəsində 2.882,88 manat borc yazılmışdır. İşdə olan Şəmkir rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X3 Filialının xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 12 iyul 2024–cü il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacdan kənar xətt daxil olması aşkar edilmiş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı 002395 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 2.882,88 manat borc hesablanmışdır. Eləcə də, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin şikayəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla iddiaçının barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərar və toplanmış material inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X3 Filialı tərəfindən iddiaçının barəsində xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və həmin qərarla iddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonunu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Azərbaycan Respublikası Elektroenergetika haqqında qanunun 19.16–cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Göründüyü kimi məişət abonenti olan iddiaçı yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacda knar xətt daxil olması müəyyən olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı 002395 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının sayğacdan kənar xətdən istifadə etməsi halı prokurorluqda araşdırılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Eləcə də, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin X3 Filialının xx.xx.2024cü il tarixli MN ******* saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilmişdir. Bununla da iddiaçının inzibati məsuliyyətə cəlb edilməsi öz təsdiqini tapmışdır. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən 24 saat nəzərdə tutulmaqla, 120 gün üçün iddiaçıya 2.882,88 manat borc hesablanması əsaslı hesab edilə bilməz. Belə ki, “X1 qaydaları”nın müvafiq normalarında elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, sahə rəisi tərəfindən hər ay istehlakçıya bildiriş verilərkən sayğaca nəzarət etməli olması nəzərə alınarsa, iddiaçının həqiqətən 120 gün müddət ərzində fasiləsiz sayğacdan kənar əlavə xətt vasitəsilə X1 etməsi ağlabatan və inandırıcı deyildir. Həmçinin, cavabdeh tərəfindən nəzarətçinin sayğaca sonuncu baxışı ilə bağlı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, 12 iyul 2024–cü il tarixli 002395 saylı akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 2.161,90 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş 12 iyul 2024–cü il tarixli 002395 nömrəli akt əsasında hesablanmış 2.161,90 (iki min yüz altmış bir manat doxsan qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar