Məhkəmə qərarları › İş №2(076)-1497/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1497/2025

24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1497/2025 24.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi Ərizəçilər: Ərizəçi iştirakı ilə Ərizəçi qızının “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi “Hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının sabiq DTXÇ Komtəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən ona, yəni ərizəçi Novruzov “Nurələm” “Adil” oğluna verilmiş torpağın mülkiyyətinə verilməsinə dair JN-583A, KOD 50401004 nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Doğulduğu vaxtdan Nuraləm adını və Ədil ata adını daşımışdır. Onun şəxsiyyət vəsiqəsində adı Nuraləm, ata adı isə Ədil kimi götərilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası sabiq DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən ona verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi vaxtı səhvən o ərizəçi X1 adı “Nurələm”, ata adı “Adil” yazılmışdır. Bu səbəbdən, o həmin torpaqla bağlı hüquqlarından istifadə edə bilmir. Odur ki, bununla əlaqədar olaraq o Azərbaycan Respublikası sabiq DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsinin səlahiyyətlərini hazırda həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə müraciətinə cavab olaraq ona aidiyyatı üzrə müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, JN-583A KOD 50401004 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən və şahid qismində izahat vermiş X3 və X2 izahatlarında Ərizəçi izahatında göstərdikləri halları bir daha təsdiq etmişlər. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi adı “Nurələm”, ata adı isə “Adil” olaraq yazılmışdır. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi ümumi mülkiyyətinə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 saylı qərarına əsasən 0.05 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin, həmin aktda Ərizəçi adı səhvən “Nurələm”, ata adı isə “Adil” kimi qeyd edilmişdir. Hazırda ərizəçi JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktındakı ad və ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 saylı qərarına əsasən verilmiş, JN-583A KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının( şəhadətnamənin) Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar