Məhkəmə qərarları › İş №2(076)-1518/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1518/2023

26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1518/2023 26.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı "himayədə yaşama faktının müəyyən edilməsi, aliment borcunun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Abbasov X3 Ləman Yaqub qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşağın 02 noyabr 2021-ci il tarixdən 24 iyun 2022-ci il tarixə qədər olan müddətdə onun himayəsində yaşama faktının müəyyən olunması, həmin müddətdə olan aliment ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2002-cü ildə faktiki evlənməklə nikahlarını 04 yanvar 2011-ci ildə rəsmi qeyd etdirmişdilər. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Ramal, xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşaqlar doğulmuşdur. Aralarında olan narazılıqlara görə 2017-ci ilin iyun ayında rəsmi qaydada cavabdehlə ayrılmışlar. Uşaqlar anasının yanında qalmışlar. Sonradan xx.xx.2010-cu il təvəllüdlü Ramal adlı uşaq öz istəyi ilə iddiaçının yanına gəldi. Bu səbəbdən cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü Ramal oğlunun saxlanılması üçün məhkəmə qaydasında aliment müəyyən olundu. xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşaq isə 2021-ci ilin noyabr ayının 2-dən 2022-ci ilin iyun ayının 24-nə kimi cavabdehin razılığı ilə iddiaçının himayəsində yaşamışdır. Lakin cavabdeh qeyd edilən müddət üçün iddiaçıdan aliment ödəməyi tələb edir. Lakin qeyd edilən müddət ərzində xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşaq iddiaçının himayəsində yaşadığı üçün aliment ödəməkdən azad olunmalıdır. Daha sonra iddiaçı Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşağın onun yanında olduğu 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər olan müddətdə hesablanmış 688 (altı yüz səksən səkiz) manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun əmisidir. Əmisi həyat yoldaşı ilə boşandıqdan sonra birgə nikahdan olan qızı Ayan anasının yanında saxlanıldı. Lakin bir müddət sonra yəni 2021-ci ilin noyabr ayının əvvəlindən təxminən 2022-ci ilin aprel ayının sonuna qədər olan müddətdə Ayan Ərizəçi yanında qaldı. Həmin müddətdə uşağa Ərizəçi anası baxmışdır. Məhkəmə, proses iştirakçısının izahatını, şahid ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 mart 2010-cu il tarixdə Rusiya, Sankt-Peterburq şəhərində anadan olmuş X5 atası X6, anası Maraqlı şəxsdır. İş materiallarında olan adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X1 adı, soyadı, atasının adı Ərizəçi dəyişdirilmişdir. Adı, soyadı, atasının adı dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 14 № ilə qeyd edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X2 nikahı Şəmkir Rayon Məhkəməsinin 2-(076)-910/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci tarixdən başlayaraq, xx.xx.2010cu il təvəllüdlü Ramal adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 120 manat məbləğində alimentin tutulub Ərizəçi ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞG/MT007/2023-00591 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il, saat 11:00-da keçirilən mediasiya sessiyasında iştirak etməmişdir. Ərizəçi 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2(076)-132/2021 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 2-(076)-910/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hər ay 110 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaq, xx.xx.2012ci il təvəllüdlü Ayan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Ərizəçi hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Maraqlı şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-132/2021 saylı xx.xx.2021-ci il tarixli aliment tələbinə dair icra sənədinin icrası ilə bağlı borclu Ərizəçi hal-hazırda aliment üzrə borcu 688 (altı yüz səksən səkkiz) manat təşkil edir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2002-ci il tarixdə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından Ramal və Ayan adlı 2 övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, birgə nikahdan doğulmuş Ramal iddiaçının, Ayan isə cavabdehin yanında qalmışdır. Ayan adlı uşağın saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə 120 manat aliment tutulmuşdur. Daha sonra qarşılıqlı razılıq əsasında Ayan adlı uşaq atanın yanında qalmışdır. 2021-ci ilin noyabr ayının əvvəlindən 2022-ci ilin aprel ayının sonuna qədər Ayan adlı uşaq atası Ərizəçi yanında yaşamışdır. Lakin, qeyd edilən tarixlərdə faktiki atasının yanında yaşayan uşaq üçün cavabdehin xeyrinə aliment borcu hesablanmaqda davam etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, altı aya yaxın müddətdə faktiki olaraq onun yanında qalan, hər ehtiyacını qarşıladığı uşağının saxlanılması üçün cavabdeh qarşısında yaranmış aliment borcunun silinməsini tələb edir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tələbində haqlıdır: İş materialları ilə müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş X7 faktiki olaraq 2021-ci ilin noyabr ayının əvvəlindən 2022-ci ilin aprel ayının sonuna qədər olan müddətdə atası - iddiaçı Ərizəçi himayəsində yaşamış, onun bütün ehtiyacları atası tərəfindən qarşılanmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki mülk işdə mənafelərinin qorunması ehtiyacında olan Ayan adlı uşaq 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər iddiaçının himayəsində olmaqla, iddiaçı tərəfindən könüllü olaraq uşaq üçün zəruri hesab edilən bütün ehtiyaclar qarşılanmışdır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, bir halda ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşaq 2021-ci ilin noyabr ayının əvvəlindən 2022ci ilin aprel ayının sonuna kimi atası iddiaçı Ərizəçi yanında qaldığından, həmin tarixdən etibardən hesablanan iddiaçının cavabdeh qarşısında yaranmış aliment borcu silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–132/2021 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü Ayan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi Maraqlı şəxs xeyrinə ödənilməli olan aliment borcundan 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər olan müddətdə hesablanmış 688 manat aliment borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar