Məhkəmə qərarları › İş №2(076)-1522/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1522/2024

14.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1522/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar üzrə hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktları üzrə hesablanmış 4147,20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. Onlar evə quraşdırılan qaz sayğacı küçədə və üzərində heç bir örtük olmadan quraşdırılmışdır. Onların evə quraşdırılmış sayğaca "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 19 dekabr 2022-ci il tarixdə baxış keçirilərək, qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi barədə akt tərtib edilmişdir. Həmin akt üzrə ona 1036.80 manat borc hesablamışdır. Bundan sonra isə yenidən xx.xx.2023-cü ildə "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən onların evə quraşdırılmış qaz sayğacına baxış keçirilərək, sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı, sayğacın istismara yararsız olması barədə akt tərtib edilmişdir. Həmin akt üzrə isə ona 3110.40 manat cərimə hesablanmışdır. Halbuki, o və onun ailə üzvləri heç vaxt sayğaca müdaxilə etməmişlər. Əgər sayğacda hər hansı nasazlıq vardırsa bu o demək deyil ki, o onların təqsiri ucbatından baş vermişdir. Sayğac küçədə və heç bir qoruyucu olmadan yerləşdirilmişdi. O bir istehlakçı olaraq sayğacın saz vəziyyətdə saxlanmasına cavabdeh deyil. Ona görə də hesab edir ki, onlara təbii qazdan istifadə qaydalarının pozulması halına görə itirilmiş qazın bərpası üçün 4147.20 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, əsassız hesablanılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktları üzrə hesablanmış 4147,20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilərək, 4147,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində 11470527 nömrəli sayğaca ümumi baxış keçirilmiş və sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4298-1 saylı akta əsasən **********198 nömrəli sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir, Sərxan yeni-yaşayış massivi ünvanında yaşayan, **********0380 nömrəli abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci il dekabr ayında 1036.80 manat, 2023-cü il aprel ayında 3110,40 manat borc hesablanmışdır İş materiallarında olan MSK-29/1710-04836-1 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi 11470527 nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. Sayğac istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan MSK-14-2-2/3-5-4298-1 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi **********198 nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı aşkar edilmişdir. Sayğac istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner G-4 markalı, **********198 nömrəli qaz sayğacı yeni Zenner G-4 markalı, **********4 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbə “sayğacın ekran qaralıb, oxunmur” yazılmışdır. Digər qeydlərdə “çıxarılan sayğacın heç bir məlumat göstərici oxunmur” yazılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, 2022-ci ildə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Sonra isə 2023-cü ildə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110,40 manat pul tələb edilmişdir. Cəmi cavabdeh tərəfindən iddiaçıya aktlar üzrə 4147,20 hesablamışdır və onu tələb edir. Tərəflər arasında mübahisə 11470527 nömrəli və Zenner tipli, G-4 markalı, **********198 çıxarılmış qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 4147,20 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 4147,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına qeyd edilmiş sayğacın çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2022-ci il tarixli akt əsasında sayğacın hesablama mexanizminin plastmas qapağının şüşəsinin deşici alətlə deşilməsi sonradan aşkar olunduğundan; xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın LCD ekranının zədələndiyi, informasiyanın oxunmadığı aşkar olunduğundan və həmin aktlar əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayon, Sərxan yeni-yaşayış massivi ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aktlar əsasında abonent İddiaçı adına hesablanmış 4147,20 (dörd min bir yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar