Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1657/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokol əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində 043250 nömrəli akt əsasında qanunsuz hesablanmış 435,46 manat məbləğində borcun onun **********00896 nömrəli abonent kodu hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayır. Cavabdeh təşkilatın nümayəndələri təxminən 12 yanvar 2022-ci ildə onun yaşadığı evin sayğacını dəyişmiş, sayğacın dəyişmə səbəbindən cavabdeh təşkilatın dili ilə desək 2006-cı ildə quraşdırılmış, istismar müddəti bitdiyi üçün yeni elektron tipli sayğacla əvəz edərək getmişlər. O sayğac dəyişildikdən sonra bilmişdir ki, onun evinə yeni elektron sayğac qoyulmuşdur. Sonradan məlum oldu ki, cavabdeh təşkilatın nümayəndələri onun sayğacına "məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında" 043250 nömrəli rəy protokolu yazıb və müdaxilə rəyi veriblər. Nəticədə ona 435.46 manat 365 günlük hesablama aparıblar. Rəydə görünür ki, sayğac işləyir lakin müdaxilə edilib. Göründüyü kimi rəydə istehsalçının iştirakı və imzası ilə bağlı heç bir qeyd aparılmamışdır. Sayğac mütəxəssisi tərəfindən yenisi ilə əvəz olunan zaman köhnə sayğacda müdaxilə halları gözlə görüləcək qədər aydın görünməli idi, həmin şəxs onu dəvət etməli sayğac dəyişmə protokolunda həmin qeydləri aparmalı, iddiaçı tərəfindən həmin protokola imza çəkməliyidir, sonda onun sayğaclara rəy komissiyasında iştirak üçün dəvət edilməli idi. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlamanılması və quraşdırılması haqqında ******* nömrəli protokoldan da aydın görünür ki, qeyd etdiyi ardıcıllıqların heç biri həmin protokolda qeyd olunmayıb. Həmin hesablanmış cərimə ilə bağlı o cavabdehin məsul rəhbərlərinə müraciət etmiş, dəfələrlə həmin cərimənin silinməsi ilə bağlı ondan ərizələr alınıb, lakin heç bir nəticə olmamamışdır. Qeyd edilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində 043250 nömrəli akt əsasında qanunsuz hesablanmış 435,46 manat məbləğində borcun onun **********00896 nömrəli abonent kodu hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə 043250 nömrəli protokol əsasında hesablanmış 435,46 manat hesablanmış borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, Qaracəmirli kəndində yaşayan İddiaçı 435,46 manat borc hesablanmışdır. Qüsur qrafasında sayğacın “A” möhürlərinə və hesab mexanizminin rəqəmlərinə qəza və impuls lampasına müdaxilə olunması, sayğac işlənməməsi qeyd edilmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli, ******* saylı “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kənd sakini İddiaçı adına qeyd edilmiş köhnə sayğac təzəsi ilə əvəz edilmişdir, çıxarılmış sayğac laboratoriyaya göndərilmişdir. Protokolda qeyd hissəsində “iş tapşırığına əsasən köhnə tipli sayğac yeni sayğacla əvəz olunmuşdur.” qeyd edilmişdir. İş materiallarında 043250 nömrəli xx.xx.2022-ci il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması protokoldan görünür ki, ********** nömrəli sayğac laboratoriya yoxlanması keçirilmiş, sayğacın “A” möhürlərinə və hesab mexanizminin rəqəmlərinə qəza və impuls lampasına müdaxilə olunması aşkar olunmuşdur. İşdə olan İddiaçı oğlunun adına olan Abunə Haqqında çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə US1686201 nömrəli akt əsasında 255,50 və 179,96 manat, cəmi 435,46 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2021–ci ilin iyun ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğaca "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğacda sayğacın “A” möhrülərinə, hesab mexanizminin rəqəmlərinə qəza və impuls lampasına müdaxilə olunması aşkar olunmuşdur. Həmin fakt əsasında iddiaçının barəsində xx.xx.2022–ci il tarixli akt tərtib edilmiş, eləcə də, xx.xx.2022–ci il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin protokol əsasında abonentə iddiaçıya 435,46 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan, hətta sayğac çıxarıldıqdan sonra 7 ay sonra baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Qaracəmirli kəndində İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ********** nömrəli sayğaca dair 043250 saylı protokol tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, protokol tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2022–ci il tarixli 043250 nömrəli protokol əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 435,46 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 043250 nömrəli protokol əsasında İddiaçı hesablanmış 435,46 (dörd yüz otuz beş manat qırx altı) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1657/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1657/2024
30.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver