Məhkəmə qərarları › İş №2(076)-1723/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1723/2024

12.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1723/2024 12.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2592 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu İrmaşlı kəndində ona məxsus fərdi yaşayış evi varıdır. O, Ukrayna Respublikasının vətəndaşı olsa da, Azərbaycan Respublikasında daimi yaşayış yeri Şəmkir rayonu İrmaşlı kəndidir. Onlar daimi olaraq Ukrayna Respublikasında yaşayırlar, təxminən 2 ildən bir ya o, ya arvadı Nümayəndə gəlib evlərinə baş çəkib gedirlər. Burada olduğu müddətdə yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. Onların evə quraşdırılan qaz sayğacı küçədə üzərində heç bir örtük olmadan quraşdırılmışdır. Onlar ailə üzvləri ilə birlikdə Ukrayna Respublikasında olarkən xx.xx.2023-cü il tarixdə ******* saylı aktla ona əsassız olaraq 2592 manat cərimə yazıldığı məlum olmuşdur. Həmin akta əsasən onun evinə quraşdırılmış 28023650 saylı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarının deformasiyaya uğradığını qeyd etmişlər. Qeyd olunan akt əsasında da ona əsassız olaraq cərimə hesablanmışdır. Sayğac küçədə və heç bir qoruyucu olmadan yerləşdirilmişdir. Həmçinin, həmin vaxt nə o, nə də onun ailə üzvləri Azərbaycan Respublikasında olmamışlar. O ümumiyyətlə bir istehlakçı olaraq sayğacın saz vəziyyətdə saxlanmasına cavabdeh deyildir. Ona görə də hesab edir ki, onlara təbii qazdan istifadə qaydalarının pozulması halına görə itirilmiş qazın bərpası üçün 2592 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olunmuşdur. Odur ki, əsassız hesablanmış pulun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək 2592 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixli MSK-29/1710-01265-1 saylı akta əsasən 22023650 nömrəli sayğaca ümumi baxış keçirilmiş, hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarının deformasiyaya uğradığı aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-6 markalı, 28023650 nömrəli qaz sayğacı, yeni Zenner tipli G-4 markalı, **********5 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Səbəb əvəzetmə qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon, İrmaşlı kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, onun abonent hesabına 2023-cü il mart ayında 2592 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt qaz sayğacı çıxarılan zaman sayğacın heç bir qusur aşkar edilməmişdir. Bundan sonra 1 il sonra, yəni xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac iddiaçının iştirakı olmadan yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarının deformasiyaya uğradığı müəyyən edilmişdir. Buna görə itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2592 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli, G-4 markalı, 28023650 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyinə və daxili qulaqcıqlarının deformasiyaya uğradığuna əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 2592 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 2592 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X4 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarının deformasiyaya uğradığını sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayon, İrmaşlı kəndində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar