Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1727/2023 18.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, alimentin sabit pul məbləğində tutulması və ana üçün vəsait tələbinə dair iddiası üzrə işə qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, alimentin sabit pul məbləğində tutulması və ana üçün vəsait tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin 09 oktyabr 2021–ci il tarixdə doğulmuş Əli adlı uşağın atası olması faktının müəyyən edilməsi, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək ana üçün hər ay 100 manat sabit pul məbləğində vəsaitin alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia həcminin azaldılması barədə” əlavə ərizə təqdim edərək, iddia həcmini “uşaq 3 yaşına çatanadək ana üçün hər ay 100 manat sabit pul məbləğində vəsait” hissəsində azaltmış, atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması hissəsinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə 2020–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə qeyri–rəsmi nikahlarından 09 oktyabr 2021–ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrılarkən azyaşlı uşağı onun yanında qalmışdır. Cavabdehlə rəsmi nikahları olmadığından Əli adlı uşağın atalığı müəyyən edilməmiş qalmışdır. Cavabdeh isə uşağına münasibətdə qeydiyyat orqanına gedərək atalığını etiraf etməkdən imtina etmişdir. Həmçinin, azyaşlı uşağının saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, mövcud vəziyyətdə azyaşlı uşağının tələbatlarını tək başına qarşılaya bilmir. Cavabdeh isə ayrıldıqları vaxtdan etibarən uşaq üçün heç bir maddi yardım göstərmir. Halbuki, cavabdeh fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Odur ki, cavabdehin faktiki nikah münasibətlərində olduqları vaxt anadan olmuş 09 oktyabr 2021–ci il təvəllüdlü Əli adlı uşağın atası olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını, şahid ifadəsini, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, xx.xx.1958–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, hazırda da həmin kənddə yaşayır. Həqiqətən iddiaçı cavabdehlə 2020–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Onların toy mərasimində qohum kimi o da yaxından iştirak etmişdir. Lakin tərəflər 3 ay birgə ailə şəraitində yaşamış, sonradan ayrılmışlar. Tərəflərin birgə nikahlarından 09 oktyabr 2021–ci il tarixdə Əli adlı uşaqları da tərəflər ayrı yaşayarkən doğulmuşdur. Hazırda uşaq anası ilə birlikdə yaşayır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə qeyri–rəsmi nikahından 09 oktyabr 2021–ci il tarixdə Əli adlı uşaqları doğulmuş, tərəflərin rəsmi nikahları olmadığından uşağın soyadı ananın soyadı ilə “Əliyev” kimi qeyd edilmişdir. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 aprel 2023–cü il tarixli məktubdan görünür ki, Cavabdeh qeydiyyat orqanına gəlmədiyi üçün atalığın müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər 2020–ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişlər. Birgə qeyri–rəsmi nikahlarından 09 oktyabr 2021–ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar, ayrılarkən azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1–ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Belə olan halda məhkəmə tələbin atalığın müəyyən edilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan doğulmuş 09 oktyabr 2021–ci il təvəllüdlü Əli adlı uşağın atasıdır. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın yanında yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmƏli uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmƏli maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının yanında yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı 09 oktyabr 2021–ci il tarixdə doğulmuş Əli adlı uşağın atası hesab edilsin. 02 may 2023–cü il tarixdən başlayaraq, 09 oktyabr 2021–ci il tarixdə doğulmuş Əli adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Şəmkir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verə bilərlər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1727/2023
Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-1727/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver