Məhkəmə qərarları › İş №2(076)-1744/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1744/2025

18.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1744/2025 18.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnamələrinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnamələrinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və həmin sənədlər əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etsə də, iddia ərizəsinə həmin mübahisələndirdiyi sənədləri əlavə etməmişdir. Belə olan halda hansı sənədlərin mübahisələndirilməsi müəyyən edilə bilməmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədi (şəxsiyyət vəsiqəsinin surətlərini və ya həmin sənədin seriya nömrəsini və ya FİN kodu, ya da Maps arayışını) iddia ərizəsinə əlavə etməmişdir. Hesab edirəm ki, iddia ərizəsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədin əlavə edilməməsi gələcəkdə iddianın təmin olunacağı halda qətnamənin icra olunmasını çətinləşdirə və ya qeyri-mümkün edə və eyni zamanda məhkəmə aidiyyatının pozulması ilə də nəticələnə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəanın tələblərinə riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eləcə də, iddiaçı, iddia ərizəsinə əlavə edilən sənədlər siyahısının 1-ci sırasında iddia ərizəsinin, 4-cü sırasında vərəsəlik şəhadətnamələrinin, 5-ci sırasında müqavilənin surətini ərizəsinə əlavə etdiyini qeyd etsə də, iş materiallarında həmin sənədlər aşkar olunmamışdır. Bu barədə Şəmkir Rayon Məhkəməsində akt tərtib edilərək imzalanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnamələrinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar