Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1810/2024 22.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “itirilmiş qazın bərpa olunması üçün tərtib edilmiş akt əsasında yazılmış borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli,0379574 saylı akt üzrə hesablanmış 3323,88 manat borcun silinməsi dair qətnamə çıxarıldılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Zəyəm qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. O, hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri etmişdir. 26 dekabr 2022-ci il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşları ona məxsus evə quraşdırılmış sayğaca baxış keçirərkən sayğacdan kənar əlavə xətt aşkar etdilər və bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. Akt tərtib olunarkən o onlara həmin xəttdən 7 gün müddətində istifadə etdiyini bildirmişdir. Lakin, onlar ona kənar xəttdən istifadə edilməsinə görə yazılmış cərimənin miqdarını olduqca çox hesablamışlar. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən hər 15 gündən bir onların evində yerləşən qaz sayğacına baxış keçirilir, necə olar ki, həmin əlavə xətt qoşulu ola-ola onlar tərəfindən aşkar olunmamış olardı. Buna baxmayaraq, kənar xəttə görə ona bir neçə ay əvvələ cərimə hesablanmışdır. Hesab edir ki, ona həmin cərimə düzgün hesablanmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən həmin aktı əsassız hesab etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o həqiqətən kənar xətt qoşmuşdur, lakin qısa bir müddət, 5-7 gün ərzində həmin xəttdən istifadə etmişdir. Belə hesab edir ki, ona cərimə yüksək hesablanmışdır. Ona görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ünvanlıyaraq bildirmişdir ki, Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayan İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmışdır. Qanunsuz istifadə barədə Şəmkir XS-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (iddiaçı tərəfindən akta imza edilməklə) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi üçün 27648 m3 təbii qaz sərfi – 3317,76 manat (üç min üç yüz on yeddi manat 76 qəpik) dəymiş ziyan məbləği hesablanmışdır. Ona görə cavabdeh kimi etirazı nəzərə alaraq qeyd olunan əsaslarla İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar qeyriqanuni qoşulma aşkar olunmuşdur. Həmin aktda Sərdar Qurbanovun, Cavanşir Vəliyevin, Ehtiram Məmmədovun və İddiaçı imzası mövcuddur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı adına 2022-ci ilin dekabr ayında 3317.76 manat akt üzrə sərfiyyat hesablanmışdır. İş materiallarında xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı İddiaçı adına olan, Şəmkir rayon Zəyəm qəsəbəsində yerləşən sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən 27648 m3 qaz itkisi hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır və yaşadığı evdə Cavabdeh xidmət dairəsində onun adına qeydə alınmış qaz sayğacından istifadə edir. Həmin ünvanda xx.xx.2022-ci il tarixdə yoxlama zamanı Cavabdeh İB–nin əməkdaşları sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuş və həmin fakt əsasında akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 3317,76 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının: 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının izahatından, eyni zamanda iddia ərizəsi ilə müəyyən edilmişdir ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca və qaz xəttinə qaz paylayıcısının nümayəndələri tərəfindən baxış keçirilən zaman ünvanda quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması, eyni zamanda həmin xəttin istehlakçının evinin daxilində yerləşməsi müəyyən edilmişdir. Bu faktla bağlı akt tərtib edilmiş və aktda hazırda iddiaçı özü həmin aktın tərtibində iştirak edərək aktı imzalamışdır. Göründüyü kimi iddiaçı yaşadığı evdə istifadə etdiyi sayğaca müdaxilə etmiş, həm iddia ərizəsində, həm məhkəmə iclası zamanı verdiyi izahatında həmin halı, yəni sayğaca müdaxilə etməsini və sayğacdan kənar xətdən istifadə etməsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 3317,76 manat borc hesablanmışdır. Bununla da, iddiaçıya borc hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin borcun silinməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh İB–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1810/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1810/2024
22.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver