Məhkəmə qərarları › İş №2(076)-1879/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1879/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1879/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərişıq” ASC–nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı “xx.xx.2024-cü il tarixli, NİM-000206 saylı akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli, NİM-000206 saylı akt üzrə hesablanmış borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Yaşadığı evə quraşdırılmış elektrik sayğacı mərhum əri X1 adına qeyd edilmişdir. Mərhum əri Səməndər Rzayev 18 iyul 2022-ci ildə vəfat etmişdir. Hazırda o və onun ailə üzvləri evlərində elektrik enerjisindən istifadə edirlər və hər ay mütəmadi olaraq ödənişləri etmişlər. 11 mart 2024-cü il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yoxlama aparılarkən onun evinə sayğac sxemindən kənar xətt daxil olduğu, kənar xəttin sayğacı qidalandıran naqilin izolyasiyası pozularaq sayğaca girişdən qabaq hissədən götürülərək, fərdi yaşayış evinə çəkildiyi qeyd edilərək, akt tərtib edilmişdir. Ona həmin akt üzrə 558 manat cərimə hesablamışlar. Halbuki, heç vaxt sayğacdan kənar xəttdən istifadə etməmişdir. O, istehlakçı olaraq sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəmişdir. Hər ay da "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş və aylıq ödənilməli məbləğə dair ödəniş qəbzləri təqdim edilmişdir. Hesab edir ki, həmin borc onlara əsassız hesablanmışdır. Odur ki, əsassız hesablanmış pulun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, əri X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Həmin vaxt yas mərasimində evlərinə elektrik sayğacından kənar xətt qoşmuşlar. Kənar xətti "xxxx" ASC-nin əməkdaşlarının razılığı ilə qoşmuşdur. Həmin kənar xəttdən bir neçə gün istifadə etmişlər. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X6 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Şəmkir rayonu, Təzəkənd kəndində sayğaca baxış keçirilmiş, baxış keçirilən zaman məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir, bu barədə xx.xx.2024-cü il tarixli 000206 nömrəli akt tərtib və əsasında iddiaçıya 606.7 manat cərimə hesablanmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, NİM 000206 nömrəli aktdan görünür ki, Şəmkir rayon Təzəkənd kənd sakini Rzayev Səməndərin adına quraşdırılmış sayğaca baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə sayğac, sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran naqilin izoliyasiyası pozularaq sayğaca girişdən qabaq hissədən götürülərək fərdi yaşayış evinə çəkilmişdir. Abonentin nümayəndəsi qrafasında “xanım özünü təqdim etmədi” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş abunə haqqından görünür ki, X2 EİQ pozulması nəticəsində 27 manat, 48 manat, 531,70 manat cəmi, 606,70 manat borc hesablamışdır. İş materiallarında olan AZ-İİ 282512 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan Vİ-ЖГ 424828 nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 və X5 nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Rzayev”, arvada “Rzayeva” soyadı verimişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, X1 adına olan sayğaca baxış keçirilmiş, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olunması, kənar xətt sayğacı qidalandıran naqilin izoliyasiyası pozularaq sayğaca girişdən qabaq hissədən götürülərək fərdi yaşayış evinə çəkilməsi aşkar edilmişdir. Ona görə, 4090 kvts işıq sərfiyyatı müəyyən edilmişdir və 606,70 manat cərimə hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Təzəkənd kəndində olan fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün "xxxx" ASC ilə X4 (iddiaçının əri) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin yaşayış evi isə hazırda İddiaçı və iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından elektrik enerjisindən istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu Təzəkənd kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində X1 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2024-cü il tarixdə yoxlama zamanı "xxxx" ASC–nin əməkdaşları sayğaca baxış keçirmiş, baxış zamanı məlum olmuşdur ki, abonent kənar xəttdən istifadə edir. Göründüyü kimi iddiaçı yaşadığı evdə istifadə etdiyi sayğaca müdaxilə etmiş, məhkəmə iclası zamanı verdiyi izahatında sayğaca müdaxilə etməsini və kənar xətdən istifadə etməsini etiraf etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 9.4–cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin, tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müsəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müsəssisəsinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş CD diskə məhkəmə tərəfindən baxış keçirilmiş və həqiqətən iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 606,70 manat borc hesablanmışdır. Bununla da, iddiaçıya borc hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin borcun silinməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar