Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1905/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixində 333588 nömrəli akt əsasında qanunsuz hesablanmış və o bilmədən ödədiyi məbləğdə daxil olmaqla abone koduna hesablanmış 781,03 (yeddi yüz səksən bir manat üç qəpik) manat məbləğində borcun onun **********00518 nömrəli abunə kodundan silinməsi barədə qətnamə çıxarasınız. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Ağlavaşlı kəndində yaşayır. Hal-hazırda atasının evində yaşayır, evin tək övladıdır. Yaşadığı evin sayğacı atası Əmiraslanov İmamverdinin adınadır. O kəndin təzə məhlələr massivində yeni vaxtlarda almış olduğu yaşayış üçün tikinti təyinatlı olan torpaq sahəsində gələcəkdə yaşamaq məqsədi ilə yeni manzil tikmişdir. Həmin mənzildə mal-qara saxlamaq üçün mal tövlǝsi inşa etdirmişdir. Həmin mal tövləsinin dam örtüyünün inşası zamanı, yəni dəmir konsturuksiyalar olan fermaların qaynaq aparatı vasitəsilə yerdə yığıb sonra quraşdırma məqsədi olmuşdur. O, sözü gedən mənzilə 2022-ci ilin noyabr ayında Asan xidmət mərkəzinə müraciət edərək 5 kv gücündə elektrik sayğacı almışdır. Həmin sayğacın qoruyucu avtomatı 25 amper gücü olan qoruyucu avtomatda möhürlüdür. Həmin qaynaq aparatını istifadə edən zaman güc transformatırından həmin mənzilə qədər olan məsafə 700 metr olduğu üçün gərginliklər sinfi aşağı düşdüyünə görə, yəni gərginlik tələb olunan miqdardan çox aşağı olduğu qaynaq aparatını cavabdehin təqdim edəcəyi video çəkilişdə də aydın görünən çöl barısına quraşdırdığı elektrik razvetkasına qoşulan zaman sayğacına məxsus qoruyucu avtomatın gərginlik çox aşağı olduğu üçün qızaraq dövriyyədən açılmış, həm də qonşuların haqlı narazılığının səbəbi olan qaynaq aparatının işə düşdüyü andan şəbəkədə güclü közərmələr olmuşdur. Bu əsaslara görə o kəndinin işiq nəzarətçisi və həmkəndlim olan X4 müraciət edib, işinin dayanmaması üçün ona köməklik etsin ki, qaynaq aparatı iki fazaya birbaşa qoşulsun. Həm qonşuları haqlı narazılığı aradan qaldırılsın, həm də o işini yekunlaşdırsın. Səbəbi o olmuşdur ki, o müəllim işləyir, istirahət günlərindən səmərəli istifadə edərək işini tam qurtarsın. Kazımov İnayət isə ondan 5 (beş) gün ərzində şəbəkəyə birbaşa qoşulmağı üçün 100 manat məbləğində pul istəyib. O razılaşıb, 50 manat əvvəlcədən verib, qalanını isə iş yekunlaşadan sonra verəcəkmiş. Həmin vaxtlarda hava şəraiti ilə əlaqədar olaraq həmin mənzildə çardaq hissəsi olmadığı üçün havanın da yağışlı olduğuna görə yığılmalı olan fermanın dəmir konstruksiyalarını hal-hazırda atasına maxsus olan onun yaşadığı mənzilin çardaq hissəsi olduğu üçün ora daşıyıb işi həmin mənzildə tamamlayıb. 5 gün sonra Kazımov İnayət qalan 50 manatın verilməsi üçün ona zəng edib, o isə Kazımov İnayətə qalan 50 manatı verməyəcəyini bildirib. Səbəb o olmuşdur ki, o orada 5 gün kənar xəttdən istifadə etməyib. Bu səbəblərə görədə həmkəndlisi olan Kazımov İnayat qonşusu olan Əsgərov Firavanın yanında onunla mübahisə edib, əvvəlcədən vermiş olduğu 50 manatı da onun üstünə ataraq, çəkiliş edib rəhbərliyə atacam deyərək həmin mənzilə gedib. Həmin mənzildə həmin vaxtı heç kim olmamışdır, hətta elektrik enerjisindən istifadə olunmurmuş. Çox güman ki cavabdehin təqdim edəcəyi video çəkilişdə də aydın şəkildə hər bir cümlələri üst-üstə düşəcək. Həmin video çəkilişi İnayət Kazımov tək tərtib edǝrǝk "whatsapp" vasitəsilə rəhbərliyə göndərəcəm kimi hədə-qorxu etmişdir. O isə ona edilən hədə-qorxuların heç birinə məhəl qoymamışdır. Həmin video çəkiliş əsasında onun yaşamadığı mənzilin abunə koduna 333588 nömrəli akt tərtib olunub, akt əsasından 781,03 manat cərimə hesabatı aparılıb. Həmin aktda qeyd olunan bütün qeydlər tam yalandır. Aktın əvvəlində Ağlavaşlı hava xətti kimi qeyd aparılıb, tam səhvdir. Həmin xətt 10kv-luq Qılıncbəyli hava xəttindən enerji qəbul edir. Sayğac dövriyyədən kənarlaşdırılmayıbdır. Ən əsas səhvlərdən biri də naqilin 6x2 mm ölçülü yalandır, naqil 2x2.5 mm ölçüdədir. Hündürlükdə olduğu üçün amper maşa ilə ölçü aparmaq sözüdə tam səhvdir. Video görüntüdə də aydın görünür ki, həmin naqil video çəkiliş çəkən şəxsin ayaqlarının altından keçir. Bu da ölçü aparmağa heç bir çətinlik yaratmırdı. Aktda qeyd olunmuş tərtibatçı Rzayev Qoşqar adlı şəxs, ümumiyyətlə, həmin kənddə olmamışdır. Yuxarıda sadaladığı akt tərtibatında baş vermiş özbaşınalıqlara əsaslanaraq məhkəməyə müraciət etmişdir Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 333588 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sayğaca baxış keçirilərkən məlum oldu ki, abobnet birbaşa şəbəkədən əlavə xətt vasitəsilə sayğacı dövriyyədən kənarlaşdıraraq, kənar xətdən istifadə edir. Qoşulma nöqtəsi hündürdə olduğuna görə, amper maşı ilə ölçmə aparmaq mümkün olmamışdır. Kənar xətdə istifadə olunan naqilin ən kəsiyi 2X6 mm2-dır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı adına olan sayğaca baxış keçirilmişdi və aşkar olunmuşdu ki, o kənar xətdən istifadə edir. Ona görə 6653 kvt.s (24 saat 180 gün) sərfiyyat hesablamışdır və ona görə 780,89 manat cərimə hesablanmışdır. İş materiallarında olan abune haqqında görünür ki, İddiaçı İmamverdi oğlunun adına olan hesabına Rİ333588 nömrəli akta görə 780,89 qəpik cərimə hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində sayğacdan istifadə edir. Həmin ünvanda 2024–ci ilin sentyabr ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması ilə bağlı abonentin iştirakı olmadan akt tərtib edilmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 6.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent İddiaçı tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd edilən pozuntuya görə 24 saat olmaqla 180 gün müddətindən ziyan hesablanmış və 781,03 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən 30 günlük müddət üçün hesablanması daha ağlabatan və inandırıcı olardı. Belə ki, iddiaçı da həmin halı öz izahatı ilə təsdiq edir. Cavabdeh isə bu halın əksini müəyyən edəcək sübut təqdim edə bilməmişdir. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən günün 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq enerjidən istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və günün 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyəri 137,69 manat (2.2 kvt x 12 saat x (0,7) x 90 gün =1663.2 kvts, 1200x0.08=96, 463.2x0.09=41.69, 137.69 manat) müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 643,20 manat (780,89 manat-137.69 manat) borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında abonent İddiaçı hesablanmış 643,20 manat borc məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1905/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1905/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver