Məhkəmə qərarları › İş №2(076)-193/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-193/2025

15.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-193/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh2, Cavabdeh, eyni zamanda Cavabdeh1 hüquqi varisi X2, Üçüncü şəxs X6 nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdeh, eyni zamanda Cavabdeh1 hüquqi varisi X3, cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Şəmkir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-927 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X8 onun keçmiş əridir. Üçüncü şəxs X8 ilə xx.xx.2005-ci ildə ailə qurmuşlar və xx.xx.2023-cü ildə ayrılmışlar. X8 ilə ailəli olduğu müddətdə X6 atası Cavabdeh1 məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində onların razılığı ilə bir mərtəbəli ümumi sahəsi 84.4 kv.m qeyri yaşayış binası inşa olunmuşdur. Həmin qeyri yaşayış sahəsinə dair Şəmkir RİH Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən qeyri yaşayış sahəsinə layihə tərtib edilmişdir. 2020-ci il tarixdən hazırkı vaxtadək həmin qeyriyaşayış sahəsində onun tərəfindən gözəllik salonu kimi fəaliyyət göstərməkdədir. Bir neçə ay bundan əvvəl Cavabdeh1 onun gözəllik salonunun olduğu qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini digər Cavabdeh2 satmışdır. O 4 ildən artıq müddətdir ki, Cavabdeh1 məxsus torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış sahəsində gözəllik salonu fəaliyyəti ilə məşğul olur. Həmin tikintini aparılmasına Cavabdeh1 razılığı olmuşdur. X8 ilə ayrıldıqdan sonra ona heç bir məlumat və razılığı alınmadan torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin torpaq sahəsinin üzərində ona məxsus qeyriyaşayış binası olması və həmin torpaq sahəsinin satılması nəticəsində onun hüquqları pozulmuşdur. Cavabdehlər torpaq sahəsini satarkən və alarkən ona heç bir məlumat verməmişlər. Cavabdeh2 həmin torpaq sahəsini satın alarkən həmin torpaq sahəsinin üzərində tikili olduğunu və həmin tikilinin onun tərəfindən istifadə olunduğunu görmüşdür. Qeyd olunanlara əsasən Cavabdeh1 ilə X8 arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və X6 adına verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, sözü gedən torpaq sahəsini Cavabdeh1 65000 manat müqabilində almışdır. Torpaq sahəsinin alqı-satqı müqaviləsindən sonra Çıxarış alınmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 hüquqi varisi X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, oğlu X12 Məmmədova ilə 2005-ci ildə ailə qurmuşlar və 2023-cü ildə nikahları pozulmuşdur. Birgə ailə həyatından iki övladları olmuşdur. Mübahisəli olan Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0,07 torpaq sahəsi mərhum əri Cavabdeh1 məxsus olmuşdur. Həmin torpaq sahəsində iddiaçının qeyd etdiyi tikilini onlara məxsus digər torpaq sahələrini və mal-qaranı satıb pulu ilə tikmişlər. Gözəllik salonunun təmirində və tikintisində heç bir köməyi dəyməmişdir. 2023-cü ildə torpaq sahəsi Cavabdeh2 65000 manat qarşılığında satılmışdır. İddiaçı 65000 manat məbləğində pul vermişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh1 məxsus olmuşdur. Hal-hazırda torpaq sahəsi satılmşdır. Əmlak onların birgə əmlakına daxil olmamış və iddiaçı həmin əmlakın tikintisində heç bir maddi köməklik etməmişdir. Bundan başqa həmin torpaq sahəsi satılan zaman İddiaçı da onun iştirakı ilə pul verilmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı və cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin iddiaçı və cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan JN-1189A KOD 50402016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi Şəmkir rayonu, Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli 60 nömrəli qərarı ilə Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 2474/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X8 ilə cavabdeh X5 arasında xx.xx.2005-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyindən 33 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin məktubundan görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0,007 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli 4Ə-927 reyestr nömrəli, Şəmkir rayonu 1 saylı notarius ofisinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Həmin torpaq sahəsi iki hissəyə ayrılaraq 0.0179 ha hissəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 0,04205 ha hissəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 4Ə-927 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ona məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsini 7000 manat müqabilində Cavabdeh2 satmışdır. Müqaviləni Cavabdeh1 əvəzindən X7 və Cavabdeh2 imzalamışdır. İş materiallarında olan AZ-İİ seryalı 474505 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 10 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan DVD diskə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilərkən Cavabdeh2 tərəfindən İddiaçı 65000 manat məbləğində pulun sayılıb verildiyi müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli 60 nömrəli qərarı ilə JN- 1189A KOD 50402016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmişdir. Şəmkir rayonu Çinarlı qəsəbəsi ərazisində yerləşən 0.07 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli 4Ə-927 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Həmin torpaq sahəsi iki hissəyə ayrılaraq Cavabdeh2 adına 0.0179 ha hissəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 0,04205 ha hissəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixli, 4Ə-927 reyestr nömrəli alqı-satqı müqaviləsini, Cavabdeh2 adına verilmiş dövlət reyestrində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışları mübahisələndirərək bildirirmişdir ki, Cavabdeh1 razılığı ilə ona məxsus torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi-gözəllik salonu inşa etdirmiş, əri X8 ilə ayrıldıqdan sonra onun razılığı alınmadan torpaq sahəsi Cavabdeh2 satılmışdır. Cavabdeh2 həmin torpaq sahəsində ona məxsus gözəllik salonu olduğunu bilmişdir. Həmin torpaq sahəsinin satılması nəticəsində onun hüquqları pozulmuşdur. Buna görə də, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olmadığını, mübahisəli torpaq sahəsinin Cavabdeh1 məxsus olduğunu, iddiaçının mübahisələndirdiyi əmlakın onların birgə əmlakına daxil olmadığını və iddiaçının həmin əmlakın tikintisində heç bir maddi köməklik etmədiyini, eyni zamanda torpaq sahəsi satılan zaman İddiaçı da pul verildiyini bildirmişlər. Məhkəmə, tərəflərin əsaslandığı hallara münasibət bildirərək qeyd edir ki, iş materialları və işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə hazırki mülki iş üzrə mübahisələndirilən alqı-satqı müqaviləsi əsasında mərhum Cavabdeh1 mülkiyyətində olan və Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsini (torpaq sahəsi paylı və ya birgə mülkiyyətdə deyil) özgəninkiləşdirmişdir. Belə ki, mübahisəli torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli 60 nömrəli qərarı ilə JN-1189A KOD 50402016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Cavabdeh1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilən normanın məzmunundan görünür ki, mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş sənədlər əsasında məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Lakin, iddiaçı məhkəmə prosesi zamanı müqavilə bağlanarkən onun hansı əsasla razılığının tələb olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan cavabdehlər tərəfindən iddiaçıya torpaq sahəsinin alqı-satqısına görə 65000 manat məbləğində pul verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışların ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli torpağa dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair hissədə iddia təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli torpağa dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar