Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1941/2023 10.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: "xxxx" ASC–nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan xx.xx.2022–ci il tarixdə fərdi yaşayış evində əri X3 adına quraşdırılmış elektrik sayğacını yeni elektron sayğacla əvəz etmişlər. O, sayğac dəyişildikdən sonra bilmişdir ki, onun evinə yeni elektron sayğac qoyulmuşdur. Həmçinin, sonradan ona məlum olmuşdur ki, cavabdehin nümayəndələri onun sayğacına “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 264302 saylı akt tərtib etmiş və sayğacın üst qapağında müdaxilə olması qeyd edilmişdir. Eləcə də, həmin akt əsasında ona borc hesablamışlar. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, "xxxx" ASC–nin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 iyul 2022–ci il tarixli 264302 nömrəli akt əsasında hesablanmış 670,32 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.1979–cu il tarixdə X6 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan 01 iyul 2022–ci il tarixdə ərinin adına quraşdırılmış sayğacı yeni elektron sayğacla əvəz etmişlər. O, sayğac dəyişildikdən sonra bilmişdir ki, onun evinə yeni elektron sayğac qoyulmuşdur. Həmçinin, sonradan ona məlum olmuşdur ki, cavabdehin nümayəndələri onun sayğacına “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 264302 saylı akt tərtib etmiş və sayğacın üst qapağında müdaxilə olması qeyd edilmişdir. Eləcə də, həmin akt əsasında ona borc hesablamışlar. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən onun hüquqları pozulmuş, habelə barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, mübahisəli sayğac onun evinin daxilində deyil, küçədə yerləşir. Belə olan halda, onun aşikar vəziyyətdə sayğaca müdaxilə etməsi ağlabatan sayıla bilməz. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan borcun ödənilməsini tələb edir və əks halda elektrik enerjisinin verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Həmçinin, qeyd edir ki, iddia ərizəsində 670,32 manat borcun silinməsini xahiş etsə də, həmin borcdan 400 manatını ödəmişdir. Hazırda 270,32 manat borcun silinməsini istəyir. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 01 iyul 2022–ci il tarixli 264302 nömrəli akt əsasında hesablanmış 270,32 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X5 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində iddiaçının yaşadığı evdə quraşdırılmış sayğac yeni elektron sayğacla əvəz edilmiş, köhnə sayğac laboratoriya şəraitində yoxlanılmış və sayğacda müdaxilə izləri aşkar edilmişdir. Belə ki, sayğacın üst “A” möhüründə aydın görünən müdaxilə izləri müəyyən olunmuşdur. Bu barədə 01 iyul 2022–ci il tarixli 264302 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında cərimə hesablanmışdır. Həmçinin, qeyd edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Belə ki, mübahisəli sayğac iddiaçının adına deyil, X3 adına quraşdırılmışdır. Hesab edir ki, iddiaçı subyektiv hüquqa malik olmadığı halda hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 01 iyul 2022–ci il tarixli 264302 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən istehlakçı X4 məxsus ünvanda yoxlama zamanı sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən və X3 adına qeyd edilmiş sayğacın üst “A” möhüründə aydın görünən müdaxilə izləri aşkar edildiyi üçün 670,32 manat borc hesablanmışdır. İşdə olan abunə haqqından görünür ki, xx.xx.2022–ci il tarixə X4 EİQ pozulması nəticəsində 270,01 manat borc yazılmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı arasında xx.xx.1979–cu il tarixdə rəsmi nikah bağlanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1979–cu il tarixdə X6 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, əri ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşamış və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində ərinin adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 01 iyul 2022–ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacda müdaxilə izləri hiss olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı 264302 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 670,32 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində quraşdırılmış sayğac X3 adına quraşdırılsa da, iddiaçı xx.xx.1979–cu il tarixdə rəsmi nikah qeyd etdirməklə Vəli Əliyevlə evlənmiş və qeyd olunan ünvanda birgə təsərrüfatı idarə etmişlər. Belə olan halda iddiaçı hazırki iddianı qaldırmağa haqlı olmuş və o, iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonunu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçı yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində ərinin adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacda müdaxilə izləri hiss olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı 264302 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt iddiaçının ərinin iştirakı olmadan tərtib olunmuş və akta əsasən 670,32 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Ağlavaşlı kəndində tərtib edilmiş 264302 saylı akt tərtib edilərkən qanunvericiliyin tələbi pozulmaqla, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17–2–ci maddəsinin və 7.6–cı maddəsinin tələblərinə riayət edilmədən tərtib edilsə də, iddiaçının akt əsasında hesablanmış 670,32 manat borcdan 400 manatı ödəməsi dolayısı ilə iddiaçı tərəfindən borcun etirafı kimi nəzərə alınmalı, iddia qalan hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, xx.xx.2022–ci il tarixli icra vərəqi ilə müəyyən edilir ki, cavabdehin əməkdaşları 24 saatı nəzərdə tutmaqla, iddiaçıya borc hesablasa da, məhkəmə hesab edir ki, iddiaçıya məxsus evdə 24 saat fasilə verilmədən X1 edilməsi inandırıcı və ağlabatan hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, 90 günlük müddət nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, “X1 qaydaları”nın 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən istehlakçı tərəfindən elektrik sayğacına kənar elektrik xətti vasitəsilə qoşulma halı olduqda on iki aydan çox olmayan müddət və sutkanın 24 saatı nəzərə alınmaqla hesablama aparılır. Hazırki vəziyyətdə isə elektrik sayğacıan kənar xətdən qoşulma halı müəyyən edilməmiş, sayğacda müdaxilə izləri aşkar olunmuşdur. Odur ki, məhkəmə borcun məbləğini hesablayarkən 12 saat və 90 gün hesabı ilə hesablanmasını daha əsaslı və qanuni hesab edir. (1,1 kvt x 12 saat x 0,7 x 90 gün) Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, 01 iyul 2022–ci il tarixli 264302 saylı akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 270,32 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş 01 iyul 2022–ci il tarixli 264302 nömrəli akt əsasında hesablanmış 270,32 (iki yüz yetmiş manat otuz iki qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1941/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1941/2023
10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver