Məhkəmə qərarları › İş №2(076)-1964/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1964/2023

31.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1964/2023 31.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi, Məhkəmə iclas katibi Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “protokol əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 369097 nömrəli protokol əsasında qanunsuz hesablanmış 323,95 (üç yüz iyirmi manat doxsan beş qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Ağlavaşlı kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 23 fevral 2023-cü il tarixdə onun adında olan elektrik sayğacını cavabdeh təşkilatın dili ilə deyilsə istismar müddəti bitdiyi üçün yeni elektron tipli sayğacla əvəz etmişlər. O, sayğac dəyişdikdən sonra bilmişdir ki, onun evinə yeni elektron sayğac quraşdırılmışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri onun sayğacına “mişət istehlakçılarında sayğacaların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 369097 nömrəli protokol yazıb və müdaxilə rəyi vermişlər. Nəticədə ona 323,95 manat xəyalı hesablama aparmışlar. Rəydə göründüyü kimi sayğac işləyir lakin müdaxilə edilmişdir. Göründüyü kimi rəydə istehlakçının iştirakı və imzası ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “elektrik enerjisindən istifadə qayadalarının” 8.2-ci bəndində nəzərdə tutulmuş hesablaşma dövrlərində müntəzəm olaraq oxunmuş, fərdi yaşayış evinin elektrik sayğacının aşkar olunması qanuna uyğun deyil. Eyni zamanda Qərb RETSİ-də akt komissiyasında aktın hesabatına baxılarkən Qaydaların 8.17-ci bəndinin tələbləri pozulmuşdur. Bundan görünür ki, onun sayğacı ilə bağlı verilmiş rəydə hesablanmış cərimə məbləği qanunsuzdur. Sayğacı dəyişən zaman o və ya ailə üzvlərindən kimsə iştrak etməli idi. Ona görə də, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 369097 nömrəli protokol əsasında qanunsuz hesablanmış 323,95 (üç yüz iyirmi manat doxsan beş qəpik) manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış ********** nömrəli sayğac yenisi ilə əvəz edilərkən sayğacın üst “A” möhüründə aydın görünən kənar müdaxilə izi aşkar olunmuş, bu barədə xx.xx.2023-cü il tarixli 369097 nömrəli protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında iddiaçıya 323.96 manat cərimə hesablanmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, 369097 saylı “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Qasım İsmayılov kənd sakini İddiaçı adına qeyd edilmiş köhnə sayğac yenisi ilə əvəz edilmiş və möhürlənmişdir. Həmin protokola əsasən sayğacın üst “A” möhürünə aydın görünən kənar müdaxilə olması müəyyən olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Qasım İsmayılov kənd sakini İddiaçı 323.95 manat borc hesablanmışdır. İşdə olan abunə haqqından görünür ki, İddiaçı EİQ pozulması nəticəsində 323.95 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qasım İsmayılov kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2023-cü ilin fevral ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sökülərək laboratoriya şəraitində yoxlanılmış, eləcə də, sayğacda müdaxilə izləri aşkar olunmuşdur. Bu səbəbdən iddiaçının barəsində xx.xx.2023-cü il tarixli 369097 nömrəli protokol tərtib edilmiş, eləcə də, xx.xx.2023-cü il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında abonentə 323.95 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ********** nömrəli sayğaca dair 369097 saylı protokol tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, protokol tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli icra vərəqi əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 323.95 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 323.95 (üç yüz iyirmi üç manat doxsan beş qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar