Məhkəmə qərarları › İş №2(076)-2009/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2009/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2009/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi tələbinə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 1036.80 manat borcun silinməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə ünvan 1ində yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. Onların evə quraşdırılan qaz sayğacı küçədə və üzərində heç bir örtük olmadan quraşdırılmışdır. Onun evinə quraşdırılmış sayğac "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən başqa sayğacla əvəz edilmişdir. 22 noyabr 2022-ci il tarixdə qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarda əzik-cızıq olması barədə akt tərtib edilmişdir. Həmin akt üzrə ona 1036.80 manat borc hesablanmışdır. Halbuki, o və onun ailə üzvləri heç vaxt sayğaca müdaxilə etməmişlər. Əgər sayğacda hər hansı nasazlıq vardırsa bu o demək deyil ki, o onların təqsir ucbatından baş vermişdir. Sayğac küçədə və heç bir qoruyucu olmadan yerləşdirilmişdir. O bir istehlakçı olaraq sayğacın saz vəziyyətdə saxlanmasına cavabdeh deyildir. Ona görə də hesab edir ki, onlara təbii qazdan istifadə qaydalarının pozulması halına görə itirilmiş qazın bərpası üçün 1036.80 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, əsassız hesablanılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı İddiaçı adına olan, ünvan 1i ünvanında yerləşən G-4 markalı ******* №-li sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik- cızıq izləri var, nəticədə qaz itkisi yaranması aşkar edilmişidr. Qeyd olunalara əsasən 8640 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03398-1 saylı akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağın yan tərəfi əzildiyi və daxili qulaqcıqlarında əzikcızıq izləri olması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı, yeni Zenner tipli G-4 tipli **********1 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməmişdir. Sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İş materiallarında olan MSK-29/1710-03398-1 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ******* zavod seriyası olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar edilmişdir. İş materiallarında olan Şəmkir rayon, Abbaslı kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin noyabr ayına 1036,80 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hesablama mexanizmin qapağın yan tərəfi əzilib və daxili qulaqcıqlarında əzik- cızıq izləri olması barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, hesablama mexanizminin qapağın yan tərəfi əzilib və daxili qulaqcıqlarında əzik- cızıq izləri olduğu müəyyən edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Elster tipli G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1036,80 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2022-ci il tarixli akt əsasında hesablama mexanizminin qapağının yan tərəfinin əzik olması və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar