Məhkəmə qərarları › İş №2(076)-2022/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2022/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2022/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi, qanun üzrə vərəsəlik qaydasında və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi, qanun üzrə vərəsəlik qaydasında və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsinin giriş hissəsində “iddiaçı” və “cavabdeh”ə dair məlumatlar göstərilsə də və eləcə də, tələb ümumi iddia icraatı qaydasında verilsə də, iddia ərizəsində ümumi iddia icraatı qaydalarında nəzərdə tutulmayan “maraqlı şəxs” işə cəlb olunmuşdur. Halbuki, Azərbaycan Respublikası MPM-in ümumi iddia icraatı qaydalarını tənzimləyən 149-150-ci maddələrində maraqlı şəxslərin işdə iştirak edən şəxslərin tərkibinə aid olmadığı müəyyən olunur. Maraqlı şəxslər, yalnız xüsusi icraat işlərində cəlb oluna bilər. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədi (şəxsiyyət vəsiqəsinin surətlərini və ya həmin sənədin seriya nömrəsini və ya FİN kodu, ya da Maps arayışını) iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən sənədin əlavə edilməməsi gələcəkdə iddianın təmin olunacağı halda qətnamənin icra olunmasını çətinləşdirə və ya qeyri-mümkün edə və eyni zamanda məhkəmə aidiyyatının pozulması ilə də nəticələnə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəanın tələblərinə riayət edilməmiş və yuxarıda göstərilən nöqsanla məhkəməyə təqdim edilmişdir. Prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsinin iddiaçının vəzifəsi olduğu nəzərə alınarsa, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana görə iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya həmin qüsuru aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquq izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi, qanun üzrə vərəsəlik qaydasında və mirasdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar