Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2099/2024 30.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “xx.xx.2014-cü il tarixli, 2V-483 saylı vərəsəlik şəhadətnaməsinin,xx.xx.2016-cı il tarixli, **********84-10301 saylı çıxarışın, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsinin, xx.xx.2022-ci il tarixli, **********84 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “xx.xx.2014-cü il tarixli, 2V-483 saylı vərəsəlik şəhadətnaməsinin,xx.xx.2016-cı il tarixli, **********84-10301 saylı çıxarışın, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsinin, xx.xx.2022-ci il tarixli, **********84 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 adına xx.xx.2014cü il tarixində, 1 saylı Şəmkir rayon Notariat ofisindən verilmiş 2V-483 saylı vərəsəlik şəhadətnaməsinin, X6 adına xx.xx.2016 il tarixində Daşınmaz Əmlakın 11 saylı ərazi İdarəsindən verilmiş **********84 saylı çıxarışın, xx.xx.2016-cı il tarixində, Şəmkir rayon 1 saylı Notariat ofisində X14 tərəfindən onun oğlu Cavabdeh1 adına verilmiş 81-9598 saylı bağışlanma müqaviləsinin, Cavabdeh1 adına, xx.xx.2022-ci il tarixində, Daşınmaz Əmlakın 11 saylı Ərazi İdarəsində verilmiş **********84 saylı çıxarışın ləğv olunmasına, 101 (bir yüz bir ) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar 6 nəfərdən ibarət böyük ailə, ata-anası və 4 qardaşları olmuşdur. İki qardaşları Məmməd və Mühid evlənərək ayrılmışlar, qardaşı Calib və onun ailəsi ata yurdunda, ünvan 1 ünvanında yaşamışlar. Atası 1941-ci ildə Vətən müharibəsində həlak olmuşdur. 1999-cu ildə anası X4 vəfatından sonra (dəfnlə əlaqədar xərcləri özü çəkmiş) o ata yurdunu tərk edərək ailəsi ilə Şəmkir şəhərinə köçmüşdür. Qardaşı Calib 2003-cü ildə vəfat etmiş, onun ailəsi, həyat yoldaşı X14 ölənə qədər, yəni 2020-ci ilə qədər onun ata yurdunda yaşamışlar. X14 onların evə gəlin gəlmiş və ölənə qədər onun ata yurdunda yaşamışdır. Qardaşları Mühid 2002-ci ildə, Calib 2003-cü ildə, Məmməd 2012-ci ildə vəfat etmişlər. Ata-anasının miras vərəsəsi kimi, qanun üzrə birinci növbəli sağ qalmış tək o, hazırda Şəmkir şəhərində yaşayır. Mərhum gəlin Aquş Məmmədova, onun etibarından istifadə edərək, o sağ ola-ola, ondan xəlvət, nə yollasa xx.xx.2014-cü ildə Şəmkir rayon 1 saylı Notariat ofisindən 2V-483 saylı vərəsəlik şəhadətnaməsi almış, xx.xx.2016-cı ildə onun ata yurduna DƏDRX-nin 11 saylı ərazi idarəsindən **********84-10301 saylı çıxarış almış, xx.xx.2016-cı ildə 0,12 ha torpaq sahəsində yerləşən valideynlərindən miras qalmış fərdi yaşayış evini torpaqla birlikdə, Şəmkir rayon Notariat ofisində 81-9598 saylı bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh1 hədiyyə etmişdir. Sonuncu xx.xx.2022-ci il tarixində DƏDRX- nin 11 saylı ərazi idarəsindən **********84-10301 reyestr nömrəli çıxarışla öz adına sənədləşdirmişdir. Valideynləri sağlıqlarında nə övladlarına, nə nəvələrinə, nə evin gəlininə miras barədə vəsiyyətnamə verməmişlər, əmlaklarını heç kimə bağışlamamışlar. Daşınmaz Əmlakın 11 saylı ərazi idarəsi və 1 saylı Şəmkir rayon Notariat ofisi ailənin mövcud vərəsələri haqda məlumat toplamadan, qanun üzrə 1-ci növbəli vərəsə sağ ola-ola ata mülkünü ailənin gəlini X7 adına, sonra isə onun oğlu Cavabdeh1 adına sənədləşdirmişlər. Hazırda Sahib ata yurdunu kirayəçilərə verib pul qazanır. Hesab edir ki, ata yurduna dair X6 və onun oğlu Cavabdeh1 adlarına verilmiş yuxarıda adları qeyd edilmiş vərəsəlik sənədləri, bağışlama müqaviləsi və çıxarışlar etibarsız hesab edilərək, ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, iddiaçı onun əmisdir. O, mübahisəli torpaq sahəsində uzun müddət yaşayır. Belə ki mübahisəli torpaq sahəsi onun atasının adına olmuş, sonra isə anası X6 adına olmuşdur. Belə ki, həmin torpaq sahəsi 25 sot olmuşdur. Anası həmin əmlakın yarsını ona, yarsını qardaşına bağışlamışdır. Ona görə hesab edir ki, iddia tələbi əsasızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkil) X15 iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, iddiaçı X18 Cavabdeh1 əmisidir. ünvan 2 ünvanında yerləşən 0.2484 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh1 mərhum X3nun mülkiyyətində olmuşdur. Calib Məmmədov 11 noyabr 2003-cü ildə vəfat etmişdir. X9 vərəsələri X14 və X19 müəyyənləşmiş və onlar mərhum Calib Məmmədova aid ünvan 2 ünvanında yerləşən 0.2484 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsə tanınmışlar. Bundan sonra Aquş Məmmədova payına düşən ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini oğlu Cavabdeh1 bağışlamışdır. ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına mülkiyyət hüququna dair Çıxarış verilmişdir. X1 birinci növbə vərəsələri arvadı X14 və oğlu X19 ondan miras qalmış əmlaka vərəsə tanındıqlarından ikinci növbə vərəsə olan qardaşı İddiaçı ondan miras qalmış əmlakdan pay almaq hüququ yoxdur. Ona görə də iddia tələbini tamamilə əsassız hesab edir və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bələ ki, iş materiallarında olan AZ-İİ 413523 nömrəli xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1999-cu ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-404/24 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X25 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş məktubun surətindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən mərhum X10 məxsus fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixli, **********84-10301 reyestr nömrəli "Çıxarış" verilmişdir. Qeyd olunan çıxarış və hədiyyə verən tərəflə (X14 ilə) hədiyyə alan tərəf (Cavabdeh1) arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli, 81-9598 saylı bağışlanma müqaviləsi əsasında sonuncunun (Cavabdeh1) adına xx.xx.2022-ci il tarixli, **********84-10301 reyestr nömrəli "Çıxarış" verilmişdir. İş materiallarında olan Şəmkir Rayon 1 saylı notariat ofisində tərtib edilmiş 2V-01- 483 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli vərəsəlik işinə əlavə edilmiş sənədlərdən görünür ki; X17 ilə X16 xx.xx.1959-cu ildə nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. X19 xx.xx.1954-cü ildə anadan olmuşdur. X3, anası X14 qeyd edilmişdir. X14 xx.xx.2014-cü il tarixli ərizə ilə müraciət edərək, onun ərindən miras qalmış əmlakı X12 adına yazılmasını xahiş etmişdir. ünvan 3 ünvanında yerləşən 0.2484 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi RX ******* seriyalı, **********2-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında X9(məhrum) tam mülkiyyətinə verilmişdir. X14 və X19 xx.xx.2014-cü il tarixli, 2V-01-483 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2003-cü ildə vəfat etmiş X8 miras qalmış ünvan 3 ünvanda yerləşən əmlaka vərəsə tanınmışlar. İş materiallarında olan RX ******* seriyalı, **********2-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən əmlak X6 tam mülkiyyətindədir. İş materillarında olan xx.xx.2016-ci il tarixli 4Ə-415 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 rayon, Qaracəmirli kəndi, Füzuli küçəsi, ev- 66 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 0.2484 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı qardaşı və Cavabdeh1 atası mərhum X13 məxsus olmuşdur. Calib Məmmədov 11 noyabr 2003-cü il tarixdə öldükdən sonra ondan miras qalmış qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən yalnız arvadı X14 və oğlu X19 qəbul etmiş, bu barədə 2V-01-483 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamə tərtib edilmiş və həmin şəhadətnaməyə əsasən mülkə dair Aquş Məmmədovanın və Rahib Məmmədovun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X14 RX ******* seriyalı, **********2-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2016-ci il tarixli 4Ə-415 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu Cavabdeh1 bağışlamışdır. Həmin daşınmaz əmlak xx.xx.2022-ci il tarixli, **********84-10301 reyestr nömrəli "Çıxarış" əsasında Cavabdeh1 mülkiyyətinə verilmişdir. İddiaçı iddia tələbində mərhum ata-anasının sağ qalmış qanun üzrə birinci növbə vərəsəsi olduğunu qeyd edərək, X6 adına xx.xx.2014-cü il tarixində, 1 saylı Şəmkir rayon Notariat ofisindən verilmiş 2V-483 saylı vərəsəlik şəhadətnaməsinin, X6 adına xx.xx.2016 il tarixində Daşınmaz Əmlakın 11 saylı ərazi İdarəsindən verilmiş **********84 saylı çıxarışın, xx.xx.2016-cı il tarixində, Şəmkir rayon 1 saylı Notariat ofisində X14 tərəfindən onun oğlu Cavabdeh1 adına verilmiş 81-9598 saylı bağışlanma müqaviləsinin, Cavabdeh1 adına, xx.xx.2022-ci il tarixində, Daşınmaz Əmlakın 11 saylı Ərazi İdarəsində verilmiş **********84 saylı çıxarışın ləğv olunmasını xahiş etmişdir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.2-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: 1. digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); 2. Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ata-anasının sağ qalmış tək birinci növbə vərəsəsi olduğunu və həmin miras əmlakı onun qəbul etdiyini qeyd etmiş olsa da, mülki işin materiallarına əlavə edilmiş sübutlarla mübahisəli əmlak olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin onun qardaşı X8 miras qaldığı, həmin miras əmlakın onun birinci növbə vərəsələri olan arvadı X14 və oğlu X19 tərəfindən qəbul edildiyi müəyyən edildiyindən və Mülki Qanunvericiliyin tələbləri baxımından belə olan halda İddiaçı mərhum qardaşı X9 ikinci növbə vərəsəsi olmaqla ondan miras qalmış əmlaka vərəsə olmaq hüququ istisna edilir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmaması məhkmə tərəfindən araşdırılmalıdır. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən qeyd edir ki, İddiaçı X1 qardaşı olsa da, Calib Məmmədovun birinci növbə vərəsələrindən arvadı X14 və oğlu X19 tərəfindən ondan qalmış mirasın qəbul edilməsi ikinci növbə vərəsə olan İddiaçı vərəsələyini istisna etdiyindən iddiaçının mərhum qardaşı X8 miras qalmış əmlaka dair Şəmkir rayon 1 saylı Notariat ofisində xx.xx.2014-cü il tarixdə tərtib edilmiş 2V-483 saylı Qanun üzrə Vərəsəlik haqqında şəhadətnamənin ləğvi tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Bundan başqa iddia tələbinin bağışlama müqaviləsinin ləğvi tələbinə dair hissəsinə qiymət verərək məhkəmə bildirir ki, iddia tələbinin qeyd edilən hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılması üçün (ləğv edilməsi) digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozulması halı və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallar mövcud olduqda mümkündür. İddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə iclasında verdiyi izahatında müqavilənin ləğvi tələbini hansı əsasla əsaslandırmasını qeyd etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin iddianın X6 adına xx.xx.2016 il tarixində Daşınmaz Əmlakın 11 saylı ərazi İdarəsindən verilmiş **********84 saylı çıxarışın ləğv olunmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlaka dair X6 adına xx.xx.2016 il tarixində Daşınmaz Əmlakın 11 saylı ərazi İdarəsindən verilmiş **********84 saylı çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmənin ləğv edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair X6 adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Məhkəmə, həmçinin iddianın xx.xx.2016-cı il tarixdə Şəmkir rayon 1 saylı Notariat ofisində X14 tərəfindən Cavabdeh1 adına verilmiş 81-9598 saylı bağışlama müqaviləsinin və Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın 11 saylı Ərazi İdarəsində verilmiş **********84 saylı çıxarışın ləğv olunmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnmə etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh1 qarşı “xx.xx.2014-cü il tarixli, 2V-483 saylı vərəsəlik şəhadətnaməsinin,xx.xx.2016-cı il tarixli, **********84-10301 saylı çıxarışın, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsinin, xx.xx.2022-ci il tarixli, **********84 saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2099/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2099/2024
30.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver