Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2143/2023 08.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin iddiaçıya müəyyən etdikləri 3115 (üç min yüz on beş) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan ünvan 1ində yerləşən fərdi yaşayış evi mərhum əri X2 adına olan təbii qaz sayğacına “Azəriqaz” İB-nin Metrologiya Departamentinin əməkdaşları tərəfindən 2023-cü ilin may ayında baxış keçirilməsi üçün sayğacı aparmışlar. Daha sonra iddiaçının 3115 (üç min yüz on beş) manat borcun olması barədə üzləşmə keçirmiş və iddiaçı həmin məbləğlə razılaşmamışlar. İddiaçı vaxtında qaz pulu borcunu ödəmiş və sayğaca heç bir müdaxilə etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB-nin tərtib ertdikləri aktlar əsasında hesablanmış 3115 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, ünvan 1i ünvanında yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 3115 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan İ-KH seriyalı, №385438 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 arasında xx.xx.1977-ci ildə nikah bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İbadullayev”, arvada “İbadullayeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, № 680750 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü ildə ünvan 1ində koma, ağciyər blastoması səbəbindən vəfat etmişdir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli №MSK-14-2-2/3-5-4783/Q001 nömrəli aktdan görünür ki, Şəmkir RQİİ-dən Dövlət yoxlanılmasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, Zenner G-4 tipli **********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X2 adına olan Zenner G-4 tipli **********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizminin açıq vəziyyətdə olması, sərfi qeydə almaması, sayğacın istismara yararsız olması və qaz itkisinin olması müəyyən edilmişdir. Dəymiş ziyan 25920 m3 kimi hesablanmışdır. İş materiallarında olan ünvan 1i ünvanında yaşayan abonent X1 görünür ki, iddiaçının abonent hesabına 3110, 40 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evdə sayğacın abonenti kimi həyat yoldaşı X4 qeyd edilmiş, hazırda həmin fərdi yaşayış evində istehlakçı kimi o yaşayır. Qeyd edilən ünvana verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac abonentin iştirakı olmadan yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizmi açıq vəziyyətdə olması və sərfi qeydə almaması aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın 25923 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110, 40 manat pul tələb edilir. Tərəflər arasında mübahisə ZENNER G-4 markalı, **********8 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3110,40 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, **********8 nömrəli qaz sayğaca baxış keçirilərkən aktda sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması, qaz keçməsi, hesablama mexanizmi açıq vəziyyətdə olması və sərfi qeydə almaması müəyyən edilsə də baxış iddiaçının iştirakı olmadan həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 1-ci maddəsinə əsasən bu Qanunda işlədilən məişət abonenti anlayışı “yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs” mənasını ifadə edir Həmin Qanunun 6-2.1-ci maddəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məişət abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz məişət abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3115 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman akt tərtib edilməli və aktın tərtibində məişət abonentinin özü və ya ailə üzvü iştirak etməli olduğu halda məişt abonenti və onun ailə üzvləriondən heç kim iştirak etməmiş bu barədə tərtib olunmuş akt iddiaçı və onun ailə üzvlərinə təqdim edilməmişdir. Ümumiyyətlə sayğac çıxarılandan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında G-4 markalı, **********8 N-li sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanması və digər hallar sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Lakin məhkəmə qeyd edir ki, borc 3110,40 manat hesablanmış və iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2i ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə X2 adına hesablanmış 3110,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2143/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2143/2023
08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver