Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-222/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı, Üçüncü şəxs, eyni zamanda İddiaçı nümayəndəsi X3, Üçüncü şəxs X7 iştirakları ilə İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 qarşı xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2023–cü il tarixli, **********77–10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müvafiq çıxarışların ləğv edilməsin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018–ci il tarixdə iş adamı olan oğlu, X2 Federasiyasında vəfat etmişdir. Bundan sonra digər oğlu, Rusiya Federasiyası vətəndaşı Cavabdeh2 Azərbaycan Respublikasına, Şəmkir şəhərinə gəlmiş və onu aldadaraq vəfat edən oğlundan külli miqdarda miras qaldığını, onun isə birinci dərəcə vərəsə hesab olunduğundan həmin əmlakdan anası kimi ona da pay düşdüyünü bildirmişdir. Səhhətinə və ahıl yaşlılığına görə Rusiya Federasiyasına gedə bilməsi çətin olduğundan cavabdeh ona etibarnamə verməsi, onun da öz növbəsində ona (iddiaçıya) çatası payı Azərbaycana gətirməyi təklif etmişdir. Bu əsasla xx.xx.2020–ci il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində ona etibarnamə vermişdir. O zaman notariusa da dönə– dönə xarici ölkədə vəfat edən oğlundan qalan miras əmlakı ona gətirməsi üçün bu etibarnaməni verdiyini bildirmişdir. Ona orada sənədi imzalatdırmışlar. Oğlu bu etibarnaməni aldıqdan sonra getmişdir. Daha sonra 2020–2021–ci illərdə onun oğlu və ailəsi ilə əlaqədar müxtəlif instansiyalarda məhkəmə çəkişmələri olmuşdur. Belə ki, 2– 1(114)–1665/2020 saylı iş üzrə Gəncə İnzibati Məhkəməsində, 2–1(102)–1287/2021 saylı iş üzrə kassasiya instansiya məhkəməsində mübahisələr olmuşdur ki, Rusiya Federasiyası vətəndaşları və burada yaşamayan şəxslər necə ola bilər ki, onun torpağına mülkiyyətçi kimi qeyd olunmuşdur?! 2023–cü ildə oğlu Cavabdeh2 vətənə qayıtmışdır. Oğlundan ona çatası miras payı gətirməsini soruşduqda, onunla dalaşmış və ona heç bir haqqının olmadığını, ona heç nə düşmədiyini demişdir. O zaman hətta hazırda yaşadığı evin də onun olduğunu demişdir. Oğlu burada olduğu müddətdə ona və qızına əl qaldırmışdır. Onlar Şəmkir Rayon Polis Şöbəsinə bununla bağlı müraciət etmişlər. Çoxlu münaqişəli vəziyyətlər yaşadıqdan sonra cavabdeh ölkədən getmiş, o da öz növbəsində sonradan Şəmkir rayon 1 saylı notariat ofisinǝ müraciət edərək ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Həmin vaxt notarius ona həmin etibarnamədən istifadə edilmədiyini bildirmişdir. 2024–cü ilin sentyabr ayında o, yaşadığı və ona məxsus hesab etdiyi evin özüməməxsus olan payları üzrə çıxarışını alması üçün müvafiq qurumlara müraciət etmişdir. Ona məlum olmuşdur ki, oğlu Cavabdeh2 ona verdiyi etibarnamədən sui–istifadə edərək onun iradəsi olmadan xəbərsiz şəkildə onun adından yoldaşından ona qalan əmlak üzrə vərəsəlik işi açmış, qanunsuz şəhadətnamə almış və evində ona aid olan payları qızına bağışlama etmişdir. Buradan da göründüyü kimi Rusiya Federasiyası vətəndaşı olan oğlu kimlərləsə sövdələşərək gizli şəkildə verilən etibarnamə asasında ona məxsus olan əmlakı öz adına keçirə bilmədiyi üçün Azərbaycan Respublikası vətəndaşı olan qızına bağışlama etmişdir. Bu məsələlər ona məlum olandan sonra oğlu Cavabdeh2 ilə əlaqə yaratmaq istəmiş, cavabdeh ona söz göndərǝrǝk onun heç nə edə bilməyəcəyini, nəvəsi Cavabdeh3 əlilliyi olan şəxs olduğunu, dövlətin himayəsində olduğunu və onun paylarının geri qayıtmayacağını bildirmişdir. Əgər istərsə onu evdən atacağı ilə hədələmişdir. Onu indi öz evinə qeydiyyata belə salmırlar. O, 40 ildən artıqdır tək yaşayır, dövlət ona sosial köməkçi ayırmışdır. O nə üçün öz payını ondan xəbərsiz olan oğluna və nəvəsinə verə bilərdi?! Bunun heç bir məntiqi yoxdur. Onun qızlarının rəsmi qeydiyyatı bu ev idi, sonradan ünvanı dəyişdirmişlər və onların da razılığını almadan və onu aldadaraq, kimlərləsə sövdələşmə edərək ahıl yaşlılığından və savadsızlığından istifadə edərək bu işi tutmuşlar. O öz əmlakı ilə bağlı vəsiyyətnamə yazdığı halda necə ola bilər ki, öz payını kiməsə bağışalama edə bilərdi? Bir də necə ola bilər ki, eyni gündə (xx.xx.2023) həm vərəsəlik işi qaldırılır, digər vərəsələr ola–ola yalnız ona şəhadətnamə verilir, həm də qeydiyyatda olanların razılığı alınmadan bağışlama edilir. Belə ki, xx.xx.2020–ci il tarixdə oğlu X21 ona Rusiya Federasiyasından digər oğlunun miras əmlakını gətirəcəyi ilə bağlı yalandan vəd verib aldadaraq ahıl yaşlılığından və savadsızlığından istifadə edərək ondan etibarnamə almış və ölkəni tərk etmişdir. 2020–2021–ci il tarixlərdə oğlu və ailəsinin torpaqlarına qanunsuz şəkildə adlarının salınması ilə bağlı 1(114)–1665/2020 saylı iş üzrə Gəncə İnzibati Məhkəməsində, 2–1(102)–1287/2021 saylı iş üzrə Kassasiya instansiyasında mübahisələr olmuşdur. 2023–cü ilin mart ayında oğlu X21 ölkəyə qayıdır və Şəmkir şəhərinə gəlir. Qızlarının ata evində olduğunu qəbul etməyərək ona verdiyi heç bir vədi tutmur və hətta ondan öz evini onun qızlarına verməli olduğunu bildirir. O (iddiaçı) buna kəskin etiraz etmişdir. xx.xx.2023–cü il tarixdə onun etirazlarını qəbul etməyən oğlu X21 ona və qızı– X8 hücum etmiş, ekspertin rəyi də vardır. Bununla əlaqədar onlar Şəmkir Rayon Polis Şöbəsinə şikayət etmişlər, izahatları alınmışdır. xx.xx.2023–cü il tarixdə o, oğlunun və onun ailəsinin ona olan münasibətlərini gördükdən sonra ona baxan və qayğısını çəkən qızlarına X8, X11 Şəmkir rayon 1 saylı notariat ofisində vəsiyyətnamə yazmışdır. xx.xx.2023–cü ildə bu hadisələrin gedişində oğlu onun və qızlarının xəbəri olmadan vərəsəlik işi qaldırmışdır. Həmin gün 6 ay müddət gözlənilmədən və digər vərəsələr çağırılmadan gizlincə 2V–1239 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Məhz həmin gün onun, qızlarının və ərinin payı razılığı olmadan və ondan xəbərsiz şəkildə nəvəsinə bağışlanılma edilmişdir. Ayaqlarında yaranan problemlə əlaqdar şəhərə gec–gec çıxdığından özünü qismən yaxşı hiss etdikdə xx.xx.2024–cü il tarixdə notariat ofisinə gedib oğlunun sözünü tutmaması və ona hücum çəkməsinə görə etibarnməni ləğv etmişdir. Orada ona notarius onun etibarnaməsindən, adından heç bir əməliyyat edilmədiyini bildirmiş və o da inanmışdır. 2024–cü ilin sentyabr ayının əvvəlində o öz payını özəlləşdirmək məqsədilə müvafiq qurumlara mürciət etmək istəyəndə ona oğlunun onun adından xəbərsiz şəkildə payını qanunsuz bağışladığını bildirmişdir. Onun əri X22 xx.xx.1985–ci il tarixdə vəfat etmişdir. Mərhum ərindən ona və qızlarına miras əmlak qalmışdır. Həmin gündən indiyədək o tək yaşamış və qızları zaman– zaman ona kömək olmuşlar. Son zamanlar səhhəti ilə əlaqədar qızları ilə yaşayır. Oğlu və ailəsi Rusiya Federasiyası vətəndaşıdırlar və evini Azərbaycan Respublikası vətəndaşı olan nəvəsinə bağışlama etmişlər. Bu onların niyyətindən xəbər verir. Hal–hazırda qızları X14 və X20 ilə yaşadığı evin ünvanı da dəyişmiş, qeyri–qanuni çıxarılmışlar, öz evlərində yad kimi qalmışlar. Heç qeydiyyatda belə deyildir. Bütün bu faktlar göstərir ki, paylarının daha əvvəl məhkəmə mübahisəsi yaşadığı nəvəsinə bağışlanılmasında onun etibarından sui–istifadə edilmişdir. Bu əsasda cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinin verdiyi müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə və təsdiq etdiyi müvafiq bağışlama müqaviləsinin etibarsız hesab edilməsi vacibdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz olaraq ələ keçirdikləri mülkiyyətinin ona qaytarılması ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinin müvafiq çıxarışları ləğv edilməlidir. Odur ki, Cavabdeh1 tərəfindən xx.xx.2023–cü il tarixdə verilən 2V–1239 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023 və xx.xx.2023–cü il tarixli çıxarışların ləğv edilməsi, xx.xx.2023–cü il tarixli Cavabdeh1 tərəfindən bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 tərəfindən xx.xx.2023–cü il tarixdə təsdiq edilən bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli Cavabdeh3 adına **********77–10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətanmə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs, eyni zamanda İddiaçı nümayəndəsi X14 verdiyi izahatında göstərdi ki, X1 xx.xx.2018–ci il tarixdə Rusiya Federasiyasında vəfat etdikdən sonra hazırda cavabdeh olan qardaşı Cavabdeh2 Azərbaycan Respublikasına gəlmiş və anasını aldadaraq vəfat edən qardaşı Əlidən külli miqdarda miras qaldığını, onun isə birinci dərəcə vərəsə hesab olunduğundan həmin əmlakdan anası kimi ona da pay düşdüyünü bildirmişdir. Cavabdeh2 mərhum qardaşından anasına çatası miras payı Azərbaycan Respublikasına gətirməsi üçün anasına ona etibarnamə verməyi təklif etmişdir. Bu əsasla xx.xx.2020–ci il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində ona etibarnamə vermişdir. Qardaşı bu etibarnaməni aldıqdan sonra getmişdir. 2023–cü ildə qardaşı Cavabdeh2 Azərbaycan Respublikasına gəlmişdir. Anası qardaşı Nazimdən ona çatası miras payı gətirməsini soruşduqda, onunla mübahisə etmişdir. Aralarında olan mübahisədən sonra cavabdeh ölkədən getmiş, anası da öz növbəsində sonradan Şəmkir rayon 1 saylı notariat ofisinǝ müraciət edərək ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Həmin vaxt notarius anasına həmin etibarnamədən istifadə edilmədiyini bildirmişdir. Anası İddiaçı 2024–cü ilin sentyabr ayında müvafiq qurumlara yaşadığı və ona məxsus hesab etdiyi evin özüməməxsus olan payları üzrə çıxarışını alması üçün müvafiq qurumlara müraciət edərkən ona olmuşdur ki, oğlu Cavabdeh2 keçən il ona verdiyi etibarnamədən sui–istifadə edərək onun həqiqi iradə ifadəsi olmadan qanunsuz hərəkətlər etmişdir. xx.xx.2023–cü il tarixdə qardaşı Cavabdeh2 həmin etibarnamədən sui–istifadə edərək onlara bildirmədən və gizli şəkildə vərəsəlik işi açdırmışdır. Məhz həmin tarixdə (yeni qaydalarla) ünvan 1 ünvanında yerləşən yaşayış məntəqəli torpaq sahəsinə (reyestr: **********77) 6 ay müddət gözlənilmədən və digər vərəsələrə, məlumat verilmədən 2V– 1239 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, daha sonra qardaşı analarının həqiqi iradə ifadəsi olmadan, qeyri–qanuni olaraq məqsədli şəkildə Azərbaycan Respublikası vətəndaşı olan qızına bağışlama etmişdir. Anasının məlumatı olmadan qardaşı Cavabdeh2 onun adından anasına məxsus əmlakı öz qızına bağışlama müqaviləsi əsasında bağışlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X20 verdiyi izahatında göstərdi ki, X22 ilə İddiaçı övladıdır. xx.xx.1985–ci il tarixdə atası X22 vəfat edən vaxtdan hazırki vaxta kimi bacısı X14 ilə birlikdə analarına baxmışlar və hazırki vaxtda da onun qayğısını çəkirlər. Cavabdeh olan qardaşı Cavabdeh2 isə illərdir anaları ilə maraqlanmamışdır. O, xx.xx.1987–ci il tarixdə mərhum əri ilə nikaha daxil olmuşlar. Anası İddiaçı iddiasından da göründüyü kimi, qardaşı Cavabdeh2 analarını aldadaraq savadızlığından və ahıl yaşda olmasından istifadə edərək ondan etibarnamə almış və onun həqiqi iradə ifadəsi olmadan qanunsuz hərəkətlər etmişdir. xx.xx.2023–cü il tarixdə qardaşı Cavabdeh2 həmin etibarnamədən sui–istifadə edərək onlara bildirmədən və gizli şəkildə vərəsəlik işi açdırmışdır. Məhz həmin tarixdə (yeni qaydalarla) ünvan 1 ünvanında yerləşən yaşayış məntəqəli torpaq sahəsinə (reyestr: **********77) 6 ay müddət gözlənilmədən və digər vərəsələrə, məlumat verilmədən 2V–1239 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, daha sonra qardaşı analarının həqiqi iradə ifadəsi olmadan, qeyri– qanuni olaraq məqsədli şəkildə Azərbaycan Respublikası vətəndaşı olan qızına bağışlama etmişdir. Cavabdeh1 xüsusi notariusu X9, analarının həqiqi iradə ifadəsi ilə şahidlərin iştirakı ilə xx.xx.2023–cü il tarixdə verdiyi vəsiyyətnaməni təsdiqləmişdir. Anasının məlumatı olmadan qardaşı Cavabdeh2 onun adından anasına məxsus əmlakı öz qızına bağışlama müqaviləsi əsasında bağışlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Şəmkir rayon 1 saylı Notariat Ofisinə, X12, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə məktub ünvanlanaraq, iş həcminin çoxluğu ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020–ci il tarixli, 7E–2631 reyestr nömrəsi ilə qeyd edilmiş və sonradan xitam verilmiş etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə bütün əmlak hüquqlarını 30 il müddətinə, xx.xx.2050–ci il tarixə kimi Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 06 may 2024–cü il tarixli ərizə ilə Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.2020–ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh2 reyestrdə 7E–2631 nömrə ilə qeyd edilmiş etibarnamə verdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3–cü maddəsinə əsasən yuxarıda göstərilmiş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni tərtib etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1985–ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023–cü il tarixli, 2V–743 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan İddiaçı ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının 1/2 hissəsini X11 və qalan hissəsini X8 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şəmkir şəhəri Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh2, X5, X6, Cavabdeh3, X4, İddiaçı və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli, 8İ– 11116 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh2 oğlu öz adından və nümayəndəsi olduğu ünvan 6 ünvanında qeydiyyatda olan İddiaçı adına Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.1985–ci ildə vəfat etmiş X10 qalan miras əmlaka dair vərəsəlik işi açılmasını xahiş etmişdir. İş materiallarında olan ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2020–ci il tarixdə verilmiş 7E–2631 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən verilmiş 8İ–11117 reyestr nömrəsi ilə qeyd edilmiş ərizədən görünür ki, Cavabdeh2 təmsil etdiyi İddiaçı adı ilə xx.xx.2023–cü il tarixdə Şəmkir rayon 1 saylı Notariat ofisinə müraciət edərək, İddiaçı mərhum əri xx.xx.1985–ci ildə ölmüş X10 miras qalmış ünvan 7 ünvanda yerləşən miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş 8İ–11118 reyestr nömrəsi ilə qeyd edilmiş ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2023–cü il tarixdə Şəmkir rayon 1 saylı Notariat ofisinə müraciət edərək, mərhum atası xx.xx.1985–ci ildə ölmüş X10 miras qalmış ünvan 7 ünvanda yerləşən miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023–cü il tarixli, 2V–1239 reyestr nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1985– ci ildə vəfat etmişX13 vərəsələri İddiaçı və Cavabdeh2 ondan miras qalmış ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ona çatası hissəsindən 1/2 hissədə irs almalıdırlar. İş materiallarında olan xx.xx.2023–cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2, İddiaçı adından Cavabdeh2, X18, X19 və X15 xx.xx.2023–cü il tarixli, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətlərində olan 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində mərhum xx.xx.1985–ci il tarixdə vəfat etmiş X16 aid Şəmkir rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023–cü il tarixdə, 2V–1239 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş yuxarıda adı çəkilən torpaq sahəsindəki miras paylarını Cavabdeh3 bağışlamışlar. İş materiallarında olan xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Şəmkir şəhəri ev–189 (Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 224.10 kv.m fərdi yaşayış evi Cavabdeh3 adına qeydə alınmışdır. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və təqdim edilmiş sənədlərlə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəmkir şəhəri Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh2, X5, X6, Cavabdeh3, X4, İddiaçı və X13 ümumi birgə mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2020– ci il tarixli, 7E–2631 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi 30 il müddətinə, yəni xx.xx.2050–ci il tarixə kimi oğlu Cavabdeh2 etibar etmişdir. İddiaçı xx.xx.2023–cü il tarixli, 2V–743 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə əsasında ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının 1/2 hissəsini X11 və qalan hissəsini X8 vəsiyyət etmişdir. xx.xx.2020–ci il tarixli, 7E–2631 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında Cavabdeh2 nümayəndəsi olduğu ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı adından və öz adından Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.1985–ci ildə vəfat etmiş X10 qalan miras əmlaka dair vərəsəlik işi açılmasını xahiş etmişdir. xx.xx.2023–cü il tarixli, 2V–1239 reyestr nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı və Cavabdeh2 xx.xx.1985–ci ildə vəfat etmiş X10 miras qalmış ünvan 8 ünvanda yerləşən 0.12 ha olan torpaq sahəsinin ona çatası hissəsinə vərəsə tanınmışlar. xx.xx.2023–cü il tarixli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh2, həmçinin İddiaçı nümayəndəsi qismində, X18, X19 və X15 xx.xx.2023–cü il tarixli, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətlərində olan 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində mərhum xx.xx.1985–ci il tarixdə vəfat etmiş X16 aid Şəmkir rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023–cü il tarixdə, 2V–1239 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindəki miras paylarını Cavabdeh3 bağışlamışlar. xx.xx.2023– cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında Şəmkir şəhəri ev–189 (Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 224.10 kv.m fərdi yaşayış evi Cavabdeh3 adına qeydə alınmışdır. İddiaçı ərizəsi əsasında Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.2020–ci il tarixli, 7E–2631 reyestr nömrəsi ilə qeyd edilmiş Rusiya Federasiyasında qeydiyyatda olan Cavabdeh2 verdiyi etibarnaməyə xx.xx.2024–cü il tarixdə xitam verilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən xx.xx.2023–cü il tarixdə təsdiq edilən bağışlanma müqaviləsinin onun məlumatı olmadan verildiyindən etibarsız hesab edilməsini, həmin müqavilə əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli Cavabdeh3 adına **********77–10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM–nin 217.3–cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinə əsasən hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əqdin etibarsızlığı ilə bağlı yaranan mübahisədir və həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib ilk öncə mübahisənin həlli üzrə bağışlama müqaviləsinin qanuniliyinin yoxlanmasını zəruri sayır. Çünki, iddia tələbinin digər hissəsinin yəni Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinin həll bağışlama müqaviləsinin etibarlılığından asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1–ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2020–ci il tarixdə Cavabdeh2 özünün bütün əmlaklarına dair bütün səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” əsasında Şəmkir şəhəri Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi X17, X5, X6, Cavabdeh3, X4, İddiaçı və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh2 09 iyun 2023–cü il tarixdə İddiaçı tərəfindən ona verilmiş xx.xx.2020–ci il tarixli etibarnamə əsasında İddiaçı adından Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.1985–ci ildə vəfat etmiş X10 qalan miras əmlaka dair xx.xx.2023–cü il tarixli, 2V–1239 reyestr nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı və Cavabdeh2 xx.xx.1985–ci ildə vəfat etmiş X10 miras qalmış ünvan 8 ünvanda yerləşən 0.12 ha olan torpaq sahəsinə vərəsə tanınmışlar. Həmçinin, xx.xx.2023–cü il tarixli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh2 öz adından, həmçinin İddiaçı nümayəndəsi qismində, X18, X19 və X15 xx.xx.2023–cü il tarixli, **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətlərində olan 0.12 ha torpaq sahəsini və həmin torpaq sahəsində mərhum xx.xx.1985–ci il tarixdə vəfat etmiş X16 aid Şəmkir rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023–cü il tarixdə, 2V–1239 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsindəki miras paylarını Cavabdeh2 qızı Cavabdeh3 bağışlamışlar. Göründüyü kimi əqd–xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsi İddiaçı münasibətdə təmsilçi vasitəsilə bağlanmışdır. İddiaçı xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsinin onun iradə ifadəsi olmadığını bildirərək, etibarsızlığını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1–ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1–ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331–ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 359.1–ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3–cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4–cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1–ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd olunan hüquq normalarının sistemli təhlilindən görünür ki, təmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət dairəsində başqa şəxsin marağına müvafiq olan və onun adına əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən irəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan, təmsilçinin bağladığı əqdin səviyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs olur. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kənarda qalır. Mülki Məcəllənin 359.3–cü maddəsinin tələbindən göründüyü kimi təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, əmlakla bağlı hər hansı səlahiyyət verilmiş şəxs həmin əmlakla bağlı müqavilələr bağlayarkən həmin müqavilələrdən öz mənafelərinə uyğun nəticə əldə edə bilməz. Qanunvericiliyin yuxarıda sadalanan hüquq normalarını baxılan mübahisə üzrə müəyyən olunan faktiki hallarına tətbiq etməklə belə nəticəyə gəlmək olar ki, sözügedən bağışlama müqaviləsi bağlanan zaman Cavabdeh2 ona etibar edilmiş iddiaçıya məxsus əmlakı yaxın qohumu olan qızına bağışlamışdır. Halbuki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 etibarnamə verilməsində məqsəd iddiaçıya məxsus mübahisəli əmlakın cavabdehin qızına bağışlanmasından ibarət olmamışdır. Məhkəmə iddiaçının xx.xx.2023–cü il tarixli, 2V–743 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamə əsasında ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının 1/2 hissəsini X11 və qalan hissəsini X8 vəsiyyət etdiyi halda, xx.xx.2020–ci il tarixdə Cavabdeh2 verdiyi etibarnamə əsasında onun məqsədinin mərhum ərindən ona miras qalmış əmlakın bağışlanması barədə xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsinin bağlanmasında onun iradə ifadəsinin olmasını inandırıcı hesab etmir. Nəzərə alınsa ki, iddiaçının kifayət qədər yaşı vardır, onun bundan sonra əmlak əldə etməsi ağlabatan sayılmır. Həmçinin, iddiaçının 2023–cü ilin aprel ayında əmlakla bağlı X11 və X8 vəsiyyətnamə verməsi, digər vərəsələri mirasdan azad etməsi halı onu deməyə əsas verir ki, iddiaçının sərbəst şəkildə iradəsini ifadə etməklə Cavabdeh3 bağışlama etməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17–ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3–cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2024–cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Göründüyü kimi xx.xx.2023–cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı adından miras əmlakın Cavabdeh3 bağışlanmasını həyata keçirmiş, lakin iddiaçı xx.xx.2024–cü il tarixdə Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmişdir. Bu isə bir daha inamlı və qəti şəkildə onu deməyə əsas verir ki, iddiaçı əmlakını könüllü şəkildə, sərbəst iradəsini ifadə etməklə bağışlamamışdır. İşin bu halları ona dəlalət edir ki, Cavabdeh2 iddiaçının adından bağışlama müqaviləsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3–cü maddəsinin tələbini pozmaqla bağlamışdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən verilmiş etibarnamədə konkret hansı hərəkətin edilməsi nəzərdə tutulmadığından Cavabdeh2 etibarnamə üzrə həyata keçirdiyi bağışlama müqaviləsinin iddiaçının iradə ifadəsinin göstəricisi olmasına inam yaransın. “M. Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013–cüil tarixli qərarında da belə bir hüquqi mövqe əks olunub ki, ilk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə İddiaçı ona məxsus miras əmlakı Cavabdeh2 qızına bağışlamaqla bağlı iradəsinin olmadığı müəyyən edildiyindən, onunla Cavabdeh3 arasında xx.xx.2023–cü il tarixdə bağlanmış bağışlama müqaviləsi İddiaçı münasibətdə etibarsız hesab edilməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli Cavabdeh3 adına **********77–10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3–cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər–arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka–Şəmkir şəhəri ev–189 (Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 224.10 kv.m fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair bağlanmış bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair bağlanmış bağışlama müqaviləsi qismən etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Şəmkir şəhəri ev–189 (Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsnini Cavabdeh2, İddiaçı, X18, X19 və X15 tərəfindən Cavabdeh3 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsi İddiaçı aid hissədə etibarsız hesab edilməli və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh3 Naizmovnanın adına verilmiş xx.xx.2023–cü il tarixli Cavabdeh3 adına **********77–10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3–cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir şəhəri ev–189 (Yeni qaydalarla: AZ 5705, ünvan 5 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh2, İddiaçı, X18, X19 və X15 tərəfindən Cavabdeh3 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023–cü il tarixli bağışlama müqaviləsi İddiaçı aid hissədə etibarsız hesab edilsin və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2023–cü il tarixli **********77–10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-222/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-222/2025
21.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver