Məhkəmə qərarları › İş №2(103)-546/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-546/2024

23.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-546/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi miras payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), X41 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçılar İddiaçı1 və X4, İddiaçı2 və onun nümayəndəsi Vəkil, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8, X23, X32, X33, X46, X34, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi miras payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(002)-993/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X4 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X24 və X18 arasında nikah Qaradağ rayon Qeydiyyat şöbəsində 08 dekabr 1956-ci il tarixdə qeydə alınmışdır;

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı Baş idarəsi tərəfindən verilmiş 22 mart 1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində X11 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.

3. X24 30 yanvar 2007-ci il tarixdə vəfat etmişdir.

4. Bakı şəhəri 45 saylı DNK-nın 2V-1-145 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 2 X6 adına qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-in ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 50,25 m2, yaşayış sahəsi 24,0 m2, yardımçı sahəsi 26,25 m2, 2 otaqdan ibarət, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak üzərində X6 xüsusi mülkiyyət hüququ 29 avqust 2013-cü il tarixdə qeydiyyata alınmışdır.

5. X14 04 fevral 2020-ci il tarixdə vəfat etmişdir.

6. Bakı şəhər 45 saylı Notariat Kontoru tərəfindən verilmiş 159/122V-45 nömrəli notariat işinin materiallarında olan Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi MKİS tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli arayışa əsasən, 04 fevral 2020-ci ildə vəfat etmiş X6 axrıncı daimi yaşayış yeri ünvan 2 olmuş və ölərkən aşağıdakı ailə üzvləri ilə birlikdə yaşamışdır: Cavabdeh1, X35, X36, Cavabdeh1 Elnur oğlu, X42.

7. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, 11 avqust 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 04 fevral 2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur və o miras əmlakdan tam hissədə 1/1 pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29 avqust 2013-cü il tarixdə X9 verilmiş **********81-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50,25 kv.m, yaşayış sahəsi 24 kv.m, yardımçı sahəsi 26,25 kv.m, 2 otaqlı mənzildən ibarətdir.

8. 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində imzalanmış, 11 avqust 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi və ərizələrə əsasən, İddiaçı3 və İddiaçı4 04 fevral 2020-ci il tarixində vəfat etmiş X5 qalmış bütün əsaslarla onlara çatan miras paylarını X15 bağışlamışlar.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 3 saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində 11 avqust 2022-ci il tarixdə reyestrdə 2V-812 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev 2, 2 nömrəli mənzilə bütün vərəsələrin yəni, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh1 miras paylarını müəyyən etməklə onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin qeyd edilən notariat ofisinə həvalə edilməsi, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev 2, 2 nömrəli mənzilə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddianın əsaslarına görə, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov prospekti, ev 2, 2 saylı mənzil növbəlilik qaydasında dövlət tərəfindən ailəsinə verilmişdir. Həmin mənzil X1nun adına ilkin hüquqi qeydiyyatdan keçmişdir. X1 30 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mübahisəli mənzil 45 saylı DNKın 2V-1-45 reyestr nömrəli 15 avqust 2013-cü tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2nın adına qeydiyyatdan keçmişdir. X31 04 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mübahisəli mənzil Bakı 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusu X25 tərəfindən təsdiq edilmiş 11 avqust 2022-ci il tarixli, 2V-812 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməklə hazırda onun mülkiyyətindədir. Bu iş üzrə cavabdeh ona qardaşları Cavabdeh1 onlara yalan vədlər verərək onları aldatmışdır. Mübahisəli ev fin tipli olmaqla əlavə olaraq 12 sot həyətyanı torpaq sahəsinə malikdir. Cavabdeh onlara bildirmişdir ki, mənzil adına rəsmiləşdirildikdən sonra digər vərəsələrin payını həmin torpaq sahəsini də sənədləşdirdikdən sonra verəcəkdir. Ona görə də, vərəsələrdən İddiaçı3 və İddiaçı4 mənzilə dair miras paylarından cavabdehin xeyrinə imtina etmişlər. Lakin mənzil cavabdehin adına rəsmiləşdirildikdən sonra cavabdeh torpağı verməkdən imtina etmişdir. Digər tərəfdən mübahisəli mənzillə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi tam müəyyən edilməmişdir. 5 nəfər vərəsə olduğu 3 vərəsə olduğu qeyd edilmişdir. Həmin vərəsələr yəni, İddiaçı2 və İddiaçı1 vərəsə olduqları halda onların dairəsi müəyyən edilməmiş və vərəsəliyə cəlb edilməmişdirlər. Belə olan halda, onların vərəsə kimi hüquqları pozulmuşdur.

11. Cavabdeh1 iddiaya etiraz təqdim edərək, göstərmişdir ki, atasının vəfatından sonra ev vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X2nın adına qeydiyyatdan keçmişdir. Anasının sağlığında iddiaçılar olan bacı və qardaşları ailə quraraq mübahisəli mənzildən daimi olaraq köçüb getmişlər. Bacısı İddiaçı1 1976-ci ildən ailə quraraq köçüb getmiş, qardaşı İddiaçı2 1990-cı ildən, qardaşı İddiaçı3 ev alıb verilmiş və evdən çıxmış, bacısı İddiaçı4 isə 1985-ci ildən ailə quraraq evdən köçüb getmişlər. Evin axırıncı uşağı kimi evdə anası ilə o qalmışdır. Atası və anası vəfat edənə qədər onlara o baxmışdır. İddiaçıların mənzillə heç bir əlaqələri olmamışdır. X2 04 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatında sonra mənzilə dair vərəsəlik şəhadətnaməsi 11 avqust 2022ci ildə almış və hazırda mənzil onun adına qeydiyyatdan keçmişdir. Əgər iddiaçılar İddiaçı1 və İddiaçı2 miras əmlak tələb etmək istəyirdilərsə, o zaman anasının vəfatından sonra müraciət etməli idilər. O, vərəsəlik haqqında şəhadətnaməni 11 avqust 2022-ci ildə anasının vəfatından 2 il 6 ay sonra almışdır. İddiaçılar heç vaxt həmin mirası əmlakı faktiki qəbul etməmişlər, eləcə də, qanunda nəzərdə tutulmuş müddətdə miras əmlakı almaq üçün müraciət etməmişlər. Lakin onun tərəfindən vərəsəlik şəhadətnaməsi aldıqdan altı aydan da artıq müddət keçdikdən sonra iddiaçıların iddia qaldırmaqları tam əsasızdır. Anasının vəfatından sonra vərəsəliyi o qəbul etmiş və miras əmlakı o idarə etmişdir. İddiaçıları nə qanuni, nə də faktiki olaraq miras əmlakı qəbul etməmişlər. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, guya “o onlara yalan vəd verərək onları aldatmışdır. Belə ki, mübahisəli ev fin tipli olmaqla əlavə olaraq 12 sot həyətyanı torpaq sahəsinə malikdir. Güya o bildirmişdir ki, mənzili adına rəsmiləşdirildikdən sonra vərəsələrin payını həmin torpaq sahəsini də sənədləşdirəndən sonra verəcəkdir. Ona görə də vərəsələrdən İddiaçı3 və İddiaçı4 dair paylarından onun xeyrinə imtina etmişlər”. Bununla bağlı bildirir ki, o mübahisəli mənzildə ailəsilə birlikdə yaşayır. Heç bir bacı və qardaşı onunla birlikdə həmin mənzildə yaşamırlar. O evin sonuncu övladıdır. Valideynlərinə də sağlıqlarında o baxmış və onlar da bu mənzildə övlad olduğundan və daima həmin mənzildə yaşadığından ona qalmasına razı olmuşlar. Miras əmlak 50,25 kv.m sahədən ibarət mənzildir. O miras əmlakı hər hansı bir şərt qarşılığında qəbul etməmişdir. İddia ərizəsindən də görünür iddiaçıların evin onun adına vərəsəlik şəhadətnaməsi əsasında keçməsindən məlumatları olmuşdur. Lakin iddiaçıların isə miras əmlakla heç bir əlaqələri olmamışdır. Miras əmlakı qəbul etmək niyyətləri də olmamışdır. Qanunun tələbinə görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkət vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Yəni rəsmi üsulla vərsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verir və miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsulla isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirir.

12. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(002)- 993/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Qətnamənin əsaslarına görə, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. X22 Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə qərardakı hüquqi mövqeləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçılardan İddiaçı1 və İddiaçı2 mirası qanunla müəyyən edilmiş müəddətdə qəbul etməmələri üzrlü səbəblərdən baş verməmişdir. Belə ki, miras açıldığı vaxtdan iddiaçıların cavabdehlə aralarında mübahisə yaranan zamana qədər miras əmlaka dair iddiaları olmamış, iddiaçılar özlərinin ayrıca mənzillərinin olduğunu, uzun illər mübahisəli evdə yaşamadıqlarını bildirmişlər və həmin iddiaçıların məhkəmə iclaslarında verdikləri izahatlarından iddia qaldırmaqda məqsədlərinin miras əmlakdakı paya olan hüquqlarını realizə etmək deyil, qardaşları Cavabdeh1 “cəzalandırmaq” olduğunu aydın olur. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd edilənləri iddiaçılar İddiaçı2 və İddiaçı1 aid hissədə mirası qəbul etmə müddətinin üzrsüz səbəbdən ötürülməsi kimi qiymətləndirir. Məhkəmə iddiaçılardan İddiaçı3 və İddiaçı4 miras payından imtina etmələri barədə notarial müqavilə bağlayarkən aldadılmaları ilə bağlı bildirdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçıların həmin dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1243.2, 1243.3, 1246, 1248.1, 1257.2, 1261, 1268.1, 1272, 1273cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçılar İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 oğlu qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərlə əsaslandırılmışdır və əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçılar Əliasan Məmmədov və İddiaçı4 mübahisəli mənzilə qeydiyyatdadırlar, başqa yaşayış yerləri yoxdular. Ona görə də onların şərt irəli sürmədən vərəsəlik paylarından imtina etmələri inandırıcı deyildir. Tərəflər bacı qardaş olaraq bir-birlərinə etibar etdiklərini şifahi şərtləşdirilmişlər. Ev cavabdehin adına rəsmiləşdirildikdən sonra razılaşmanı pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçılar İddiaçı1. X10, İddiaçı2 və onun nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər.

19. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razı olmadıqlarını bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər.

20. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı vərəsələrin dairəsinin dəqiq müəyyən olunması üçün X8, X23 və miras qoyanın digər övladı – 19 yanvar 2017-ci il tarixdə vəfat etmiş X12 vərəsələri X33, X32, X34 və X46 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər; Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

22. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir; Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar”

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı: “..Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. ... Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

28. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, miras qoyan X14 04 fevral 2020-ci ildə vəfat etməsilə miras açılmışdır, vəsiyyətnamə olmamışdır. Qanun üzrə vərəsələr (miras qoyanın övladları) İddiaçı2, İddiaçı3, İddiaçı4, Şəfiqə Mənsimova, Saleh Mənsimov, Lalə Mənsimova, Cavabdeh1 olmuşdur. Miras qoyanın övladlarından Yasər Mənsimov miras açılan zaman sağ olmamışdır. Yasər Mənsimovun övladları isə X32, X33, X46, X26r.

29. Miras əmlak ünvan 2-ibarətdir.

30. Qanun üzrə vərəsələrdən İddiaçı4 və İddiaçı3 11 avqust 2022-ci il tarixdə notarial müqavilə bağlayaraq öz miras paylarından Cavabdeh1 xeyrinə imtina etmişlər. ünvan 2-yə dair 11 avqust 2022-ci il tarixdə Cavabdeh1 adına qanun üzrə vərəsəlik şəhadətnaməsi və bu əsasla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

31. İddiaçılar hazırkı iddianı qaldıraraq cavabdehin adına olan həmin şəhadətnamə və çıxarışı mübahisələndirərək miras paylarının müəyyən edilərək onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin notariat ofisinə həvalə edilməsini tələb edirlər.

32. İddianın əsasını o təşkil edir ki, 1) Onlar miras paydan cavabdehin xeyrinə imtina edərkən aldadılmışlar; 2) Digər tərəfdən mübahisəli mənzillə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi tam müəyyən edilməmişdir.

33. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, o faktiki halı təsbit etmişdir ki, qanun üzrə vərəsələr mirasın çağırıldıqlarını bildikləri vaxtdan mirası nə faktiki, nə rəsmi qəbul etməmişdirlər.

34. İddiaçıların apellyasiya şikayətinin dəlilini isə iddiaçılar Əliasan Məmmədov və İddiaçı4 mübahisəli mənzilə qeydiyyatda olmaları, başqa yaşayış yerlərinin olmamaları, ona görə də onların şərt irəli sürmədən vərəsəlik paylarından imtina etmələrinin inandırıcı olmaması, tərəflərin bacı qardaş olaraq bir-birlərinə etibar etdiklərini şifahi şərtləşdikləri, ev cavabdehin adına rəsmiləşdirildikdən sonra razılaşmanı pozması barədədir.

35. İşin sadalanan bu faktiki hallarına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

36. İlk növbədə, mübahisəli mənzillə bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsələrin dairəsi tam müəyyən edilməməsi barədə mövqe əsaslıdır, birinci instansiya məhkəməsi işin bu halına qiymət vermədən faktiki və də rəsmi qəbulun olmaması əsası ilə iddianı rədd etməkdə haqlı olmamışdır.

37. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil edir.

38. Bu baxımdan, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanun üzrə vərəsələrin dairəsi tam olaraq müəyyənləşdirilməli, onlar bu prosesə cəlb olunmalı idilər. Çünki onların susması heç bir halda vərəsəlik hüququndan imtina edilməsi barədə nəticəyə gəlməyə əsas verə bilməzdi.

39. Buna görə də, mübahisələndirilən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməklə, qanun üzrə vərəsələrin hər birinin miras əmlakda payı müəyyən edilməlidir. Bu məqsədlə apellyasiya icraatı çərçivəsində vərəsələrin dəqiq dairəsi müəyyən olunmuşdur. Belə ki, İddiaçı1, İddiaçı2, X10, İddiaçı4, X8, X23, mərhum Mənsimov Yasərin övladları X32, X33, X46, X34 qanun üzrə vərəsələrdir.

40. Hazırkı mübahisə baxımından ikinci məsələ İddiaçı4 və İddiaçı3 öz miras paylarından imtina edilməsi zamanı aldadılmaları barədədir.

41. Kollegiya bu məsələyə münasibətdə qeyd edir ki, iddia ərizəsində bu xüsusat miras əmlakdakı paydan imtina etmə kimi qeyd olunsa da, mirasdan imtina mövcud deyidir, həmin şəxslər miras əmlakdan onlara çatası payı cavabdehə bağışlamışlar. Hazırda həmin əqd qüvvədədir, bu əqdin etibarsızlığı barədə hazırkı icraat çərçivəsində tələb irəli sürülməmişdir və bu hal müstəqil araşdırmanın predmeti ola bilməz.

42. Digər tərəfdən, iddiaçıların dəlillərindən görünür ki, bu dəlillər (ev cavabdehin adına rəsmiləşdirildikdən sonra razılaşmanı pozması) ümumiyyətlə əqdlərin etibarsızlığına əsas verən dəlillər deyil. Belə ki, əqdlərin etibarsızlığına əsas verən hallar o hallardır ki, onlar əqd bağlanana qədər mövcud olsun. Əqd bağlanılması məqsədi ilə aldadılma da eyni ilə əqd bağlanana qədər mövcud olmalıdır. Əqd bağlandıqdan sonra isə cavabdehin razılaşmanı pozması, üzərinə götürdüyü öhdəlikləri icra etməməsi kimi hallar isə həm əqd bağlandıqdan sonra ortaya çıxan hallardır, həm də bu hallar məzmun baxımdan da “Əqd bağlanması məqsədi ilə aldadılma” anlayışının əhatəsi xaricindədir.

43. Qeyd olunanlara əsasən, kollegiya qeyd edir ki, bir halda ki, vərəsələrdən İddiaçı4 və İddiaçı3 miras paylarını cavabdehə bağışlamışlar və bu əqd hazırda da qüvvədədir, o zaman onların mövqeyi nəzərə alınaraq digər vərəsələr arasında bölgü aparılmalıdır.

44. Birinci növbəli vərəsələr İddiaçı1, İddiaçı2, X10, İddiaçı4, X8, X23, Cavabdeh1 və mərhum X27 nəzərə alınmaqla miras açıldığı cəmi 8 pay mövcud olmuşdur. Təranə və Əliasan öz paylarından Cavabdeh1 xeyrinə imtina etmişlər. Belə olan halda İddiaçı1 1/8, İddiaçı2 1/8, X8 1/8, X23 1/8, Cavabdeh1 3/8 və mərhum X12 dörd övladı X32, X33, X46, X34 hər biri 1/32 nisbətdə pay hüququna malikdirlər.

45. Bu da öz növbəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməklə, iddianın bu qaydada təmin olunmasına əsas verir.

46. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia müzakirə olunan qaydada qismən təmin edilməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(002)- 993/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(002)- 993/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 Cavabdeh1 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8, X23, X32, X33, X46, X34, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi miras payların müəyyən edilməsi tələbinə dair iddiaları qismən təmin edilsin. Bakı 3 saylı “ASAN Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən verilmiş 11 avqust 2022ci il tarixli, 2V-812 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və həmin şəhadətnamə əsasında Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev 2, 2 nömrəli mənzilə Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi Z.Qasımov küçəsi ev 2, 2 nömrəli mənzilə vərəsələr İddiaçı1 1/8, İddiaçı2 1/8, X3 1/8, X13 1/8, Cavabdeh1 3/8, X19 1/32, X20 1/32, X29 1/32, X21 1/32 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 100 manat, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 50 manat, ümumilikdə 150 manat məbləğində dövlət rüsumunun 75 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar