Məhkəmə qərarları › İş №2(103)-4276/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4276/2024

24.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4276/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, miras əmlak üzərində payın müəyyən edilməklə, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı ildə vəfat etmiş X3 məxsus olmuşdur. Onun vəfatından sonra övladlarından İddiaçı, Cavabdeh1, Cavabdeh2 və arvadı Cavabdeh5 sözügedən ünvanında yaşamışlar. Digər övladı Cavabdeh4 həmin ünvanda qeydiyyatda olsa da, orada yaşamamış, digər bacıları Cavabdeh3 isə ümumiyyətlə həmin ünvanda nə qeydiyyatda olmuş, nə də yaşamışdır. X4 vəfatından əvvəl xx.xx.2011-ci il tarixdə ev vəsiyyətnaməsi tərtib etsə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2424/2020 saylı qətnaməsinə əsasən, həmin ev vəsiyyətnaməsinin tanınması, mirasda payların müəyyən edilməsi və miras əmlakın naturada müəyyən edilməsi tələbinə dair İddiaçı iddiası təmin edilməmişdir. Miras əmlaka (torpaq sahəsinə) dair verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X2 vərəsələri Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 hər biri miras əmlakdan 1/6 hissədə pay almalı, payın 1/6 hissəsi açıq saxlanılmışdır.

2. Son reyestr məlumatlarına əsasən ünvan 2 ünvanında 193.7 m2 sahəsi olan fərdi yaşayış evi və 0,074 ha ölçüdə torpaq sahəsi 4/6 hissədə xx.xx.2019-cu ildə Cavabdeh1, 1/6 hissədə torpaq sahəsi Cavabdeh4 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, 1/6 hissədə torpaq sahəsinə pay hüququ açıq saxlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 17 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və əlavə ərizələr ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin özəlləşdirilməsinin ləğvi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-2923/2020 saylı qərardadı ilə iddia tələbinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin özəlləşdirilməsinin ləğvi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsi üzrə icraata xitam verilmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə növbəti dəfə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat kontoru tərəfindən reyestrdə 134/2018 nömrə ilə qeyd edilmiş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 adına verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında cavabdehlərə verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ünvanında yerləşən 93A saylı fərdi yaşayış evinin üzərində İddiaçı ¼ payı müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi (mülkiyyət hüququnun tanınması) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras qoyan X4 xx.xx.2016-cı ildə ölmüş, onun beş övladı və arvadı qalmışdır. Həmin vaxtdan övladlarından üçü - İddiaçı, Cavabdeh1, Cavabdeh2 və anaları Cavabdeh5 ilə birgə ünvan 1 ünvanında yaşamışlar. Miras qoyanın digər övladı olan Cavabdeh4 həmin ünvanda formal olaraq qeydiyyatda olsa da, orada yaşamamış, 1996-cı il tarixdə ailə quraraq yoldaşı ilə birlikdə sonuncuya məxsus evdə yaşamışdır. Digər bacıları Cavabdeh3 isə ümumiyyətlə həmin ünvanda nə qeydiyyatda olmuş, nə də yaşamışdır, 2007-ci ildə ailə quraraq ünvan 3 ünvanına gəlin köçmüş və qeydiyyata alınaraq həmin ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri 17 saylı notariat kontoruna müraciət etdikdən sonra xx.xx.2019-cu ildə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onlar notariat kontoruna müraciət edərkən ev vəsiyyətnaməsinin olmasını gizlətmişlər. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ataları X2 mülkiyyətində olmuşdur. O, vəfatından əvvəl xx.xx.2011-ci il tarixdə ev vəsiyyətnaməsi tərtib etmiş və mülkiyyətində olan evin bölgüsü ilə bağlı iradəsini həmin vəsiyyətnamədə ifadə etmişdir. Həmin vəsiyyətnamədə atası “Cavabdeh1 bir otaq, mətbəx, qaraj və həyətin bir hissəsi, İddiaçı bir otaq, balkon və həyətin bir hissəsi, Cavabdeh2 iki otaq və həyətin hər iki hissəsində gəzmək ixtiyarını” vermişdir. Rafiq Cəfərov xx.xx.2016-cı ildə hipertenziya səbəbindən vəfat etmişdir. Onun vəfatından sonra birinci dərəcəli vərəsələri beş övladı və arvadı qalmışdır ki, həmin beş övladdan üçü İddiaçı, Cavabdeh2, Cavabdeh1 və anaları Cavabdeh5 miras əmlakı faktiki olaraq qəbul etmişlər. Digər bacıları ümumiyyətlə mirası qəbul etməmiş, həmin mənzilə sahiblik etməmiş, öz evlərində yaşamışlar. Lakin eşitdiyinə görə, sonradan digər bacıları atalarının vəfatından üç il keçdikdən sonra notariusa gedərək “öz paylarından” qardaşı Cavabdeh1 xeyrinə imtina etmişlər, halbuki ataları vəfatından əvvəl vəsiyyətnamə tərtib etmişdir, hətta vəsiyyətnamə olmasa idi belə, həmin bacıları mirasın qəbulu üçün qanunda göstərilən müddətləri ötürmüşlər. Tərtib edilmiş ev vəsiyyətnaməsi bacısı Cavabdeh2 tərəfindən icra edilmiş, vəsiyyətnamədə yazılan son cümlələr “Mən, X4 1931-ci il mən bu yazıları özüm yazmışam və təsdiq edirəm” atası tərəfindən icra edilmiş, tarix qoyaraq özü imzalamışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 oğlu miras qalan əmlakı qanunvericiliklə müəyyən olunmuş müddətdə qəbul etməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməmişlər. Bakı şəhəri 17 saylı notariat kontoru onların miras əmlaka hüquqlarını tanımaqla vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsi istiqamətində səhvə yol vermiş, nəticədə, onların əmlak hüquqları müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla çıxarışlar verilmiş, bununla da, iddiaçının hüquqları məhdudlaşdırılmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-45/2024 saylı, 19 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin olunmamışdır.

8. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı ilə mirasın vərəsə tərəfindən qəbulu üçün nəzərdə tutulmuş müddət tələbinin aradan qalxdığını və həmin Qərarın məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyini nəzərə alaraq, hesab etmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vaxtında miras əmlakın qəbulu ilə bağlı müraciət etməmələrinə və ya faktiki olaraq mirasın qəbulunu nümayiş etdirməmələrinə istinad edilərək, onların paylarından imtina etmiş sayılması nəticəsinə gəlinməsi qanuni hesab edilə bilməz. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlmişdir ki, hazırkı iddia tələbi həmin əsaslarla təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1243.1, 1243.2, 1255-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərararını əsas götürərək iddianı rədd etsə də, bir halı nəzərə almamışdır ki, miras qoyan xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Belə olan halda isə o zaman qüvvədə olan qanunvericilik, AR Mülki Məcəlləsinin ləğv edilmiş 1246-cı maddəsi tətbiq edilməli idi. İş məhkəmənin icraatında olmuş olsa da, hazirkı iddia 2019-cu il tarixdən qaldırılmış, 2024-cü ilin fevralında yekunlaşdırılmışdır. Hesab edir ki, qeyd edilən dəyişiklik hazırkı işə tətbiq edilməli deyildi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında həm öz adından, həm də etibarnamə üzrə təmsil etdiyi Cavabdeh3 adından izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi.

15. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

22. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişdir.

23. Sözügedən qərarda ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

24. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.

25. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

26. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

27. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər

28. İş materiallarından müəyyən olunur ki, X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun qızları Cavabdeh4 və Cavabdeh3 atalarından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh4 və Cavabdeh3 miras əmlak barədə susması onların mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə iddiaçı kimi onlar da eyni əsaslarla mirası qəbul etmiş sayılırlar. Belə ki, Cavabdeh4 və Cavabdeh3 qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmiş, bu barədə notarial qaydada ərizə verməmişlər.

29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmuşdur.

30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, sözügedən qərarda Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi birbaşa göstərilmişdir. Hazırkı iş Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarından əvvəl icraata gütürülməklə həmin qərar elan olunduqdan sonra yekun qərar qəbul edildiyindən birinci instansiya məhkəməsi həmin qərarı mübahisəyə tətbiq etməkdə haqlı olmuş, maddi v\ prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

31. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas vermir.

32. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar