Məhkəmə qərarları › İş №2(076)-2371/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2371/2023

17.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2371/2023 17.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036.80 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Şəmkir rayonu, Əliyaqublu kəndinə ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. Onlar hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiklərinə görə ödənişləri ediblər. 30 noyabr 2022ci il tarixdə Cavabdeh əməkdaşları ******* saylı akt tərtib edərək, sayğacın esablama mexanizminin qapağının yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarda əzik-cızıq izləri olduğunu qeyd etmişlər və ona həmin akt üzrə 1036.80 manat borc hesablayıblar. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkmədən xahiş edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* saylı təbii X1 pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00270 saylı sayğacında “sayğacın hesablama mexanizminin qapağın yan tərəfdən əzilib və daxili qulaqcıqlardan əzik cızıq izləri, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür ”aşkar olunmuşdur. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış diafraqma tipli sayğacında “sayğac vipləşib” qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış diafraqma tipli sayğacında “sayğacın hesablama mexanizminin qapağıın yan tərəfdən əzilib və daxili qulaqcıqlardan əzik cızıq izləri, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür” aşkar olunmuşdur. İddiaçı sayğacda baş vermiş nasazlığın onun təqsiri ucbatından baş vermədiyini və bu səbəbdən ona əsassız olaraq 1036.80 manat ziyan hesablandığını qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “X2” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “X2” Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X1 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi qeyd edilən normaların tələbi baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı vəziyyətdə iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş aktda İddiaçı məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış diafraqma tipli qaz sayğacın hesablama mexanizminin qapağıın yan tərəfdən əzilib və daxili qulaqcıqlardan əzik cızıq izləri aşkar olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 1036.80 manat olduğundan cavabdehdən 30.37 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qətetdi: İddia təmin edilsin. Cavabdeh nümayəndəsi tərəfindən İddiaçı məxsus Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaza görə hesablanmış 1036.80 manat borc silinsin. 30.37 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar