Məhkəmə qərarları › İş №2(076)-2378/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2378/2023

23.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2378/2023 23.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 Cavabdeh: “Azəriqaz” İB–nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı 9.279,36 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Yeni Yol kəndində yaşayır. “Azəriqaz” İB–nin əməkdaşları onu məlumatlandırmadan və evdə heç kimin olmamasından istifadə edərək adına quraşdırılmış sayğaca baxış keçirmiş və sayğacdan kənar xətt aşkar etmişlər. Daha sonra o, evə gəldikdə cavabdehin əməkdaşları sayğacdan kənar xətt aşkar etdiklərini bildirmişlər. Lakin o, sayğacdan kənar xətdən istifadə etmədiyini bildirsə də, cavabdehin əməkdaşları ona məhəl qoymamış və akt tərtib etmişlər. Ondan aktı imza etməsini tələb etmişlər, o imtina etdikdə qazın verilməsini dayandıracaqlarını bildirmişlər. Bu səbəbdən məcbur olub aktı imzalamışdır. Bir müddət sonra ona xx.xx.2023–cü il tarixli ******* nömrəli akt təqdim edilmiş və akta əsasən ona 9.279,36 manat borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, o və ailəsi adətən Rusiya Federasiyasında yaşayır və qeyd olunan ünvanda ay ərzində çox az olurlar. Buna görə də təbii qazdan az istifadə edirlər. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 9.279,36 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2023–cü il tarixdə təmsil etdiyi şəxsin yaşadığı Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evində adına quraşdırılmış təbii qaz sayğacına “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğacdan kənar xətt aşkar etmişlər. Daha sonra təmsil etdiyi şəxs evə gəldikdə cavabdehin əməkdaşları sayğacdan kənar xətt aşkar etdiklərini bildirmişlər. Lakin iddiaçı sayğacdan kənar xətdən istifadə etmədiyini bildirsə də, cavabdehin əməkdaşları ona məhəl qoymamış və akt tərtib etmişlər. Ondan aktı imza etməsini tələb etmişlər, o imtina etdikdə qazın verilməsini dayandıracaqlarını bildirmişlər. Bu səbəbdən iddiaçı məcbur olub aktı imzalamışdır. Bir müddət sonra iddiaçıya xx.xx.2023–cü il tarixli ******* nömrəli akt təqdim edilmiş və akta əsasən ona 9.279,36 manat borc hesablanmışdır. Halbuki, təmsil etdiyi şəxs tərtib edilmiş aktla razılaşmamışdır. Belə ki, təmsil etdiyi şəxs ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır və yaşadıqları ünvanda çox az olurlar. Bununla belə iddiaçı təxminən 1-1,5 ay ərzində kənar xətdən istifadə etsə də, “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən həmin xətt aşkar edilərək ləğv edilmişdir. Bundan başqa iddiaçı hər hansı əlavə xətdən istifadə etməmişdir. Belə ki, cavabdehin əməkdaşları mütəmadi olaraq sayğaclar üzrə yoxlamalar aparır və həqiqətən sayğacdan əlavə kənar xətt müəyyən edilsəydi hər ay bildiriş verən nəzarətçi onu xəbərdar edər və ya rəsmi məlumat verərdi. Həmçinin, təmsil etdiyi şəxs istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Hazırda “Azəriqaz” İB–nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər və əks halda təbii qazın verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 9.279,36 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh “Azəriqaz” İB–nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etmədi, etiraz ərizəsində və izahatında göstərdi ki, xx.xx.2023–cü il tarixdə iddiaçının yaşadığı Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilmiş və iddiaçının sayğacdan kənar əlavə xətdən istifadə etməsi aşkar edilmişdir. Bundan sonra iddiaçının iştirakı ilə xx.xx.2023–cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən iddiaçı tərəfindən sayğacdan kənar əlavə xətdən istifadə etməsi nəticəsində 77328 m3 təbii qaz sərfi müəyyən edilmiş, bununla da iddiaçı tərəfindən cavabdehə 9.279,36 manat məbləğində ziyan dəymişdir. İddiaçı sayğacdan kənar əlavə xətt vasitəsilə yaşadığı evdə və həyətində olan istilikxana qanunsuz olaraq təbii qazdan istifadə etmiş, bu səbəbdən onun borcu yaranmışdır. Hazırda iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri–qanuni qoşulma faktı müəyyən edilmiş, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2023–cü ilin iyun ayına Şəmkir rayonu, Yeni Yol kənd sakini olan abonent İddiaçı adına 9.279,36 manat borc hesablanmışdır. İşdə olan “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmiş, 77328 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İşdə olan və məhkəmə tərəfində yerində baxış keçirilməsi barədə tərtib edilmiş xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev iki mərtəbədən ibarətdir, 2–ci mərtəbədə yaşayış yoxdur. Evin 1–ci mərtəbəsində qonaq otağında 1 ədəd qaz peçi, mətbəxdə 1 ədəd qaz plitəsi, həyətdə olan yarımtikilidə 1 ədəd qaz peçi, evin həyətində isə 1 ədəd su qızdırıcısı aşkar edilmişdir. Həyətdə olan istilikxanaya baxış keçirilmiş və oradan hər hansı qaz xəttinin keçmədiyini müəyyən edilmişdir. Baxış zamanı iddiaçı sayğacdan kənar əlavə xətdən istifadə etməsini, lakin təxminən 1 ay–1,5 ay sonra “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən kənar xəttin ləğv edilməsini bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2023–cü il tarixdə baxış zamanı sayğacdan kənar dəmir boru vasitəsilə qeyri–qanuni qoşulma faktı aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya 9.279,36 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5–1–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5–1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5–1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5–1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5–2–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10–cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–3–cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–4–cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5–ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5–2–ci və 6.5–3–cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə 12 aylıq müddət nəzərə alınmaqla dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəymiş ziyanın məbləği hesablanarkən 90 gün müddət nəzərə alınmalı, həmçinin, iddiaçının qısa müddət ərzindən sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi, o cümlədən iddiaçının həmin halı etiraf etməsi diqqətdə saxlanılmalıdır. Həmçinin, sahə rəisi tərəfindən hər ay istehlakçıya bildiriş verilərkən sayğaca nəzarət etməli olması nəzərə alınarsa, iddiaçının həqiqətən qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi daha ağlabatan və inandrıcıdır. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən sutkanın 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq təbii qazdan istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabat görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və sutkanın 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirlmiş qazın həcmi 0,8x12x90=864 / 1,2x12x90=1296 / 1,5x12x90=1620 / 1,4x12x90=1512 / 2,5x12x90=2700 / 6,0x12x90=6480 – cəmi 14472x0,12=1.736,64 manat məbləğində müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 7.542,72 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İB– nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023–cü il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X2”nın pozulması ilə bağlı xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış 9.279,36 manat borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olması barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2023–cü il tarixli ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulması halına görə hesablanmış 9.279,36 manat cərimə borcundan 7.542,72 manat silinməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 7.542,72 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 7.542,72 (yeddi min beş yüz qırx iki manat yetmiş iki qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar