Məhkəmə qərarları › İş №2(076)-2388/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2388/2023

06.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2388/2023 06.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərtib edilmiş təbii qazdan istifadə qaydasının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB-nin X6 Sahəsi tərfindən yaşadığı evin qaz sayğacı dəyişdirilmişdir. Qaz sayğacı dəyişdirildikdən bir müddət sonra məlumat əldə etmişdir ki, hesabına 3110,40 manat borc yazılmışdır. Bundan sonra X6 Sahəsinə həmin məsələni aydınlaşdırmaq üçün müraciət etdikdə ona "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt verilmiş və bildirilmişdir ki, guya o qaz sayğacına müdaxilə etmişdir. Belə ki, aktda qeyd olunmuşdur ki, “sayğacın çıxış plasmas borusunun üzərində əzik-cızıq izləri var, sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik- cızıq izləri var”. O, hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə ona məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Əgər o sayğaca müdaxilə etsəydi bu barədə ay ərzində bir dəfə qaz sərfiyatını müəyyən edilməsi ilə bağlı sayğacın üzərində olan göstəricilərə əsasən bildiriş verən nəzarətçinin məlumatı olardı. Göründüyü kimi onun mülkiyyətində olan evə aid qaz sayğacının yoxlanılması nəticəsində “Azəriqaz" X2 X7 tərəfindən qanunsuz hesablanmış 3110,40 manat borc əsassızdır. Ona görə də, hazıkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddianın məzmununa uyğun izahat verərək, ünvan 1 ünvanında qazdan istifadəyə görə hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacın istifadə müddəti bitdiyi üçün yeni elektron (Zenner) tipli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməsi qeyd edilməmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2-13-5-3009-1 nömrəli akta əsasən ******* nömrəli sayğacın çıxış plasmas borusunun üzərində əzik-cızıq izləri var. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 3110,40 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyətində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitdiyi qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında hər hansı qüsut aşkar edilməmiş, bu barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plasmas borusunun üzərində əzik-cızıq izləri var. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın 26060 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110,40 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3110,40 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, qaz sayğacı çıxarılarkən aktda onun sayğacda hər hansı qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X4 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın çıxış plasmas borusunun üzərində əzik-cızıq izlərinin olması, eləcə də hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 3110,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar