Məhkəmə qərarları › İş №2(076)-2391/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2391/2023

05.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2391/2023 05.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 518,40 manat məbləğində borcun mərhum X3 abone hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin fevral ayında “Azəriqaz” İB-nin X11 Sahəsi tərəfindən yaşadığı evin qaz sayğacı dəyişdirilmişdir. O, qaz sayğacı dəyişdirildikdən bir müddət sonra məlumat əldə etmişdir ki, hesabına 518,40 manat borc yazılmışdır. Bundan sonra X11 Sahəsinə həmin məsələni aydınlaşdırmaq üçün müraciət etdikdə ona “Azərqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt verilmiş və bildirilmişdir ki, guya o, qaz sayğacına müdaxilə etmişdir. Belə ki, aktda qeyd olunmuşdur ki, “sayğacın hesablama mexaniziminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var”. O, hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Bu ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqlənir. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə ona məsuliyyət daşımalı olduğu izah edə bilməmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Əgər o sayğaca müdaxilə etsəydi bu barədə ay ərzində bir dəfə qaz sərfiyatını müəyyən edilməsi ilə bağlı sayğacın üzərində olan göstəricilərə əsasən bildiriş verən nəzarətçinin məlumat olardı. Göründüyü kimi onun mülkiyyətində olan evə aid qaz sayğacının yoxlanılması nəticəsində “Azəriqaz” X8 X12 tərəfindən qanunsuz hesablanmış 518,40 manat borc əsassızdır. Ona görə də, hazıkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin istifadə etdikləri qaz sayğacı (abonent) mərhum anası X3 adınadır. Mərhum anası X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. Hazırda həmin evdə o və övladları yaşamaqdadırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir rayon İHB-nin Qılıncbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 116 nömrəli “Arayış”dan görünür ki, Ələkbərov X2 mərhum anası X3 adına olan evdə yaşayır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, X5 məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: AR DNŞ-nin “Azəriqaz” İB-dən daxil olan xx.xx.2021-ci il tarixli MSK-2911710-03775-1 nömrəli akta əsasən ******* nömrəli Sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlıqlarında əzik-cızıq izləri var. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan ünvan 1 ünvanının abonenti X1 görünür ki, iddiaçının abonent hesabına 2022-ci il üçün 518,40 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X6 (iddiaçının anası) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Pəsəndə Ələkbərova xx.xx.2016-cı il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının istifadəsində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi və daxili qulaqlıqlarında əzik-cızıq izlərinin olduğu aşkar olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518,40 manat pul tələb edilir. Tərəflər G4T markalı ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini, yəni sayğacda olan qüsurların məhz abonent tərəfindən edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının yaşadığı evə itirilmiş qazın dəyərinə görə hesablanmış 518,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2i ünvanında yerləşən yaşayış evi üzrə qaz sərfinə görə X3 adına hesablanmış 518,40 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar