Məhkəmə qərarları › İş №2(076)-2467/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2467/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2467/2023 12.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 İstismarı İdarəsinin Şəmkir Xidmət sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 3110 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 İstismarı İdarəsi tərəfindən ona xəbərdarlıq edilərək bildirilmişdir ki, qazdan istifadəyə görə X8 Sahəsinə 3110 manat ziyan borcu yaranmışdır. Həmin borcu ödəməsə təbii qazın təminatı dayandırılacaqdır. Yaşayış sahəsində **********0 nömrəli sayğac quraşdırılmışdır. X3 X9 İdarəsi 14-2-2/305-3013-1 saylı aktda onun köhnə sayğaca müdaxilə etdiyi bildirmişdir. Lakin Şəmkir Rayon Qaz İstismar İdarəsi tərəfindən yeni sayğac quraşdırıldıqdan sonra belə müəyyən etmişlər ki, onun köhnə sayğaca müdaxiləsi olmuşdur. Aktda göstərimişdir ki, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilmişdir və borusu gövdədən aralanmışdır. Qış aylarında yaşadıqları yerlərə güclü qar yağması nəticəsində qaz sayğacının üzərinə düşən bərk cisimlər nəticəsində sayğac zədələnmişdir. O, yaşlı qadındır sayğaca hansısa müdaxilə barədə heç anlayışı da yoxdur. Bu baxımdan da onun sayğaca müdaxiləsi ağılasığmazdır. Həmçinin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona həmin sayğaca müdaxilə etməyi ilə bağlı hansısa bir rəsmi xəbərdarlıq bildirilməmişdir. Bu baxımdan da onunla həmin xidmət arasında sayğaca cavabdehlik hər hansı bir öhdəçilik mövcud olmamışdır və o sayğaca müdaxilə etməmişdir. Hesab edir ki, sayğaca müdaxilə olunub olunmaması müəyyən edilmədən olunubsa həmin müdaxilənin onun tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub olunmaması müəyyən edilməmişdir. Odur ki, həmin akt əsasında yazıımış borcla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, sifarişçi İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********3 nömrəli Qaz sayğacı başqa sayğac ilə əvəz edilmişdir. Aktda hər hansı qüsur barədə məlumat qeyd edilməmişdir. İş materiallarında olan “Qaz sayğacının yoxlanması haqqında” MSK - 14-2-2/3-5-3013-1 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Zenner tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacına xx.xx.2023-cü ildə baxış keçirilmişdir. Aktda qeyd olunmuşdur ki, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilib. Sayğacın çıxış plastmas borusu deformasiya nəticəsində gövdədən aralanıb. Sayğac istismara yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, X2 adına olan ünvan 1 ünvanından çıxarılmış Elester G-4 markalı **********3 nömrəli sayğacda MSK - 14-2-2/3-5-3013-1 nömrəli xx.xx.2023-cü il tarixli akt aşkar edilmiş qüsur nəticəsində yaranmış qaz itkisinin əvəzinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən bərpa edilməsi qeyd olunmuşdur. İş materiallarında olan ünvan 1 ünvanının abonenti X1 görünür ki, onun abonent hesabına 2023-cü il üçün “Qalıq və aktlar”a görə 3110,40 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Koma, kəskin mikard infarktı səbəbindən ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Qasımallar kəndində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X4 (iddiaçının əri) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Oruc Hümbətov xx.xx.2018-ci il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının istifadəsində olan və yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac sonradan yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın gövdəsinin kənar təsir nəticəsində əzildiyi, çıxış plasmas borusunun deformasiya nəticəsində gövdədən aralandığı aşkar olunmuşdur. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110 manat pul tələb edilir. Tərəflər G-4 markalı, **********3 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini, yəni sayğacda olan qüsurların məhz abonent tərəfindən edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının yaşadığı evə itirilmiş qazın dəyərinə görə hesablanmış 3110 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda olan qüsurun mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X5 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın gövdəsinin kənar təsir nəticəsində əzildiyi, çıxış plasmas borusunun deformasiya nəticəsində gövdədən aralandığı sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə qaz sərfinə görə X2 adına hesablanmış 3110 (üç min yüz on manat) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar