Məhkəmə qərarları › İş №2(076)-249/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-249/2023

18.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-249/2023 18.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Bayramov Vüsal Rafik oğlunun katibliyi, iddiaçı X3, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "Azərişiq'' ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində 028683 nömrəli akt əsasında qanunsuz hesablanmış 843.13 (səkkiz yüz qırx üç manat on üç qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbi onunla əsaslnadırılmışdır ki, o ailəsilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı (Q.İsmayılov) kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 24 may 2022-ci il tarixdə gecə saatlarında yaşadığı ünvanda yoxlama aparılmış və sayğacdan kənar xətt aşkar edilmiş kimi AKT № 028683 nömrəli akt tərtib etmiş və 843.13 manat xəyali hesablama aparmışlar. Cavabdeh şəxsin nümayəndələri onun ailə üzvlərindən aktın tərtibatında cavabdeh şəxs kimi heç kimi dəvət etməmişdir. Oğurluq faktının sübutu olan video çəkilişdə isə onun ailə üzvlərindən heç kəsin əksi tapılmamışdır. Yəni özləri bildiyi kimi yalan fakt əsasında akt tərtib etmişlər. Halbuki, özlərinin çəkilişində də görünür ki, sayğacdan kənarda heç bir kənar xətt görünmür. Sayğacın qoruyucu avtomatının qızmasından sıradan çıxmasına görə 15 may tarixində hava şəraiti ilə əlaqədar olaraq yaranmış tufan və küləkdən sayğacın dayaqdan gələn giriş kabelinin oynayaraq qırılmasından sayğacın alt hissəsində yaranmış qüsura görə birbaşa qoşulmuşdur. Hörmətli məhkəmə, ərizəyə əlavə etdiyi ödəniş cədvəlindən görünür ki, o ay ərzində elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Cavabdeh şəxslərin aktlarında qeyd olunmuş yüklə razılaşmır, ona hesablanmış 843.13 manat dəyəri qərəzli və qəsdlə hesablanmışdır. Enerji istifadə qaydalarının pozulmasına görə itirilmiş enerji dəyərinin hesablanması, son hesab bildirişi təqdim olunduqdan bir ay sonraki dövrdə hesablana bilər. Yəni bir aydan artıq hesabatın aparılması qanunsuzdur. Hazırda Cavabdeh ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbin heç bir nəticəsi olmayıbdır və dəfələrlə qeyriqanuni olaraq onun yaşadığı ünvana elektrik verilişi dayandırıb məcburi ödəniş edilməsini həyata keçirmişlər. Qeyd olunanlara görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, aktla razılaşmadığı üçün onu imzalamamışdır. O hesablanmış borc məbləğinin digər hissəsi ilə razılaşmasına baxmayaraq, hesablanmış 843.13 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır və bu səbəbdən də rədd olunmalıdır. Belə ki, abonent sayğacın giriş hissəsinə kənar xəttlə qoşulmuş və aşkar olunmuş bu nöqsan yoxlama zamanı video görüntü ilə qeyd alınmış, həmin xətdən keçən enerji ölkülmüş və 365 gün müddət əsas götürülməklə hesabat aparılmışdır. Məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 24 may 2022-ci il tarixli, Akt R № 028683 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qasım İsmayılov kəndində olan istehlakçı X8 məxsus ünvanda yoxlama zamanı abonentin sayğacına baxış keçirilərkən abonent sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. İşdə olan Şəmkir RİHB Ağlavaşlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X2 şəhərində qeydiyyatda olmaqla Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1964cü il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş SD-diskdə olan görüntülərlə müəyyən olunur ki, Şəmkir rayonu, Qasım İsmayılov kəndində olan istehlakçı X8 məxsus ünvanda yoxlama zamanı abonentin sayğacına baxış keçirilmiş və abonent sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı X1 rayonu, Ağlavaşlı kəndində yaşayır və yaşadığı evdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində mərhum X7 adına qeydə alınmış sayğacdan istifadə edir. Azərişıq ASCnin X9 əməkdaşları abonent X3 yaşadığı evə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilmiş və bununla bağlı 24 may 2022-ci il tarixli, Akt R № 028683 nömrəli akt tərtib edilmiş, akt onlar tərəfindən imzalanmış, lakin həmin vaxt abonent aktı imzalamaqdan imtina etmişdir. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla 1,35 kvt x (0,7) x 24 saat x 365 gün = 8278 kvts. Tarif (0,07 man) - 1620 kvts x 0,07 = 113,40 manat. Tarif (0,08 man) - 1353 kvts x 0,08 = 108,24 manat. Tarif (0,09 man) -677 kvts x 0,09 = 60,93 manat. Tarif (0,11 man)- 2054 kvts x 0,11 = 225,94 manat. Tarif (0,13 man) - 2574 kvts x 0,13 = 334,62 manat. Cəmi = 843,13 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xəttdən istifadə etməsi gözlə görünən nöqsan olmaqla, 24 may 2022-ci il tarixli, Akt R № 028683 nömrəli akt tərtib olunmamışdan əvvəl abonentin elektirk sayğacına cavabdeh təşkilatın nümayəndələri tərəfindən baxış keçirilmiş, həmin vaxt gözlə görünən nöqsan aşkar edilməmiş və aylıq sərfiyyat yazılaraq abonentə bildirilmişdir. Məhkəmə araşdırmaları zamanı istehlakçı tərəfindən sayğacdan kənar xəttdən uzun müddət əvvəl istifadə etməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin qismən əsaslı hesab edirərək qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşı nöqsanın aşkar olunmasından əvvəl sayğaca baxış keçirərkən gözlə görünən qeyd edilən nöqsanı aşkar edilməməsinə baxmayaraq, aylıq sərfiyyatın dəyəri nəzərə alınmadan 365 gün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmaqda haqlı olmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarını və abonentin aylıq sərfiyyat məbləği nəzərə alınmaqla altı aylıq dövr nəzərə alınmaqla itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, sayğaca nəzarətçi tərəfindən əvvələr baxış keçirilməsi və bundan bir ay sonra qeyd edilən nöqsanın aşkar edilməsi və abonentin aylıq sərfiyyatı əsas götürülməli, son altı ay nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, altı aylıq dövr üçün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq 421.565 manat hissəsində borc saxlanılmalı, hesablanmış borcun 421.565 manat hissəsi iddiaçının (abonent kodu: **********90028 olan) hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 421.56 (dörd yüz iyirmi bir manat əlli altı qəpik) məbləğində borc X5 abunə hesabından (abunə kodu: **********90028 olan) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar