Məhkəmə qərarları › İş №2(076)-2497/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2497/2023

06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2497/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixində 189872, xx.xx.2020-ci il tarixində 202022, xx.xx.2021-ci il tarixində 249421, xx.xx.2022-ci il tarixində 264301 nömrəli aktlar əsasında qanunsuz hesablanmış 1406,63 manat məbləğində borcun onun hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Ağlavaşlı kəndində yaşayır. Həyat yoldaşı X6 ilə birgə nigah dövründə əldə etdiyi və yaşadığı üçün tikdiyi yarım tikili evin elektrik sayğacına cavabdehin nümayəndələri yaşamadığı dövrdə bir neçə aktlar tərtib etmişlər. Nəticədə aktlar əsasında 1406.63 manat cərimə yazılmışdır. Həmin sözü gedən ünvanda yaşayış şəraiti yoxdur, o ailəsi ilə birgə həyat yoldaşının qardaşı evində yaşayırdı. Həyat yoldaşının qardaşı Moskva şəhərində dünyasını dəyişmiş, yaşadığı ünvana dəfn mərasimi üçün gətirilmişdir. Bu hadisə iyun ayına təsadüf edir. Həmin vaxtdan sonra o ailəsi ilə birgə öz evində yaşamaq üçün dönən zaman məlum oldu ki, onun elektrik sayğacı şəbəkədən tam açıqdır. O bununla bağlı adiyyəti olaraq cavabdehin Gəncə Qərb RETSİ idarəsinə müaciət etmiş, məlum oldu ki, ona 4 ədəd nə onun iştirakı, nə də ki xəbəri olmadan cərimə aktları tərtib edilmişdir. Akt nömrələri: 202022, 264301, 249421, 189872. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixində 189872, xx.xx.2020-ci il tarixində 202022, xx.xx.2021-ci il tarixində 249421, xx.xx.2022-ci il tarixində 264301 nömrəli aktlarda əsasında hesablanmış 1406,63 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində, X3 məxsus evdə sayğaca 4 dəfə baxış keçirilmişdir, baxış keçirilən zamanları sayğacın giriş xəttindən zədələnməsi və kənar xətt istifadə edilməsi aşkar olunmuşdur, bu barədə xx.xx-2020-ci il tarixində 189872, xx.xx.2020-ci il tarixində 202022, xx.xx.2021-ci il tarixində 249421, xx.xx.2022-ci il tarixində 264301 nömrəli aktlar qəbul edilmişdir. Həmin aktlara əsasında iddiaçıya 1406,63 manat cərimə hesablanmışdır. Eyni zamanda iddiaçının həyat yoldaşı abonent X6 F. Yusibov barəsində olan cinayət işinin istintaqı zamanı verdiyi ifadəsində kənar xətt istifadə etməsini bildirərək yazılmış borcu ödəyəcəyini bildirmişdir. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2020–ci il tarixli, 189872 saylı aktdan görünür ki, ünvan 1 ünvanda sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın giriş xəttinin zədələnərk kənar xətt götürülməsi məlum olmuşdur. Bu akta əsasən xx.xx.2020-ci il tarixli icra vərəqəsi yazılmış, icra vərəqəsində sayğacın qüsuru kənar xətt və onun əsasında 413,90 manat borcun hesablanması göstərilmişdir. İşdə olan xx.xx.2020–ci il tarixli, 202022 saylı aktdan görünür ki, ki, ünvan 1 ünvanda sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın giriş xəttinin zədələnərk kənar xətt götürülməsi məlum olmuşdur. Bu akta əsasən xx.xx.2020-ci il tarixli icra vərəqəsi yazılmış, icra vərəqəsində sayğacın qüsuru kənar xətt və onun əsasında 53,86 manat borcun hesablanması göstərilmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli, 249421 saylı aktdan görünür ki, ünvan 1 ünvanda sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın giriş xəttini kəsilərək kənar xətti birbaşa qoşaraq kənar xətdən istifadə etməsi məlum olmuşdur. Bu akta əsasən xx.xx.2022-ci il tarixli icra vərəqəsi yazılmış, icra vərəqəsində sayğacın qüsuru kənar xətt və onun əsasında 706,45 manat borcun hesablanması göstərilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli, 264301 saylı aktdan görünür ki, ünvan 1 ünvanda sayğaca baxış keçirilmiş, baxış zamanı abonentin sayğacın girişindən kənar xətt götürərək işlədicilərə birbaşa qoşması məlum olmuşdur. Bu akta əsasən xx.xx.2022-ci il tarixli icra vərəqəsi yazılmış, icra vərəqəsində sayğacın qüsuru kənar xətt və onun əsasında 232,42 manat borcun hesablanması göstərilmişdir. İş materiallarında Abunə Haqqında aktdan (saldo) görünür ki, X3 qeyd olunmuş sayğacda xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi sərfiyyat görünmür. İş materiallarında olan Ağlavaşlı kənd İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Şəmkir rayon Seyfəli kəndə anadan olmuşdur, həmin kənddə qeydiyyatdadır və hazırda qeydiyyatsız Şəmkir rayon Ağlavaşlı kəndində yaşayır. İşə əlavə olunmuş 12 sentyabr 2023-cü il tarixli ittiham akta görünür ki, iddiaçının həyat yoldaşı X6 şahid qismində dindirilmiş və bildirmişdir ki, sayğaca kənar xətt qoşaraq işıqdan istifadə etmiş, təxminən 2 ay sonea yəni xx.xx.2022-ci il tarixdə "xxxx" ASC əməkdaşları onun yaşadığı evə gələrək akt tərtib etmiş, akt əsasında 1575 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı (Q. İsmayılov) kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində əri X2 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2020-ci ildə, xx.xx.2020-ci ildə, 22.12.21-ci ildə və xx.xx.2022-ci ildə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sayğacdan kənar xətt yaradılması aşkar olunmuşdur. Sayğacdan kənar xətt yaradılması səbəbindən qeyd olunan tarixlərdə aktlar tərtib edilmiş, icra vərəqələr qəbul edilmişdir. Həmin aktlar əsasında abonentə cəmi 1406,63 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 9.4–cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin, tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müsəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müsəssisəsinə məlumat verməlidir. Göründüyü kimi iddiaçı yaşadığı evdə istifadə etdiyi sayğaca müdaxilə olmuşdur, bu faktı xx.xx.2020-ci il tarixli 189872, xx.xx.2020-ci il tarixli 202022, xx.xx.2021-ci il tarixli 249421, xx.xx.2022-ci il tarixli 264301 nömrəli aktlar və X4 şahid qismində dindirilməsi zamanı verdiyi ifadə, eyni zamanda abonentin saldosu təsdiq edir. Eyni zamanda məhkəmə qeyd edir ki, abonentə tərtib edilmiş birinci akt zamanı tətbiq edilmiş sanksiya (cərimə) şəxsin eyni əməli təkrar etməsinin qarşısını almamış, əksinə həmin aktdan sonra dəfələrlə (3 dəfə) kənar xətt qoşulmasını təkrarlamışdır. Hazırki halda qeyd edilmiş aktlar əsasında hesablanmış borcun qismən silinməsi halında belə iddiaçını kənar xətt qoşulması halını təkrarlamaqdan çəkindirməyəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 1406,63 manat cərimə hesablanmışdır. Bununla da, iddiaçıya cərimə hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin cərimənin silinməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar