Məhkəmə qərarları › İş №2(076)-2568/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2568/2023

06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2568/2023 06.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydasının pozulmasına görə tərtib edilmiş akt əsasında yaranmış 464,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Təbii qazdan istifadəyə görə vaxtlı-vaxtında ödənişlər aparmışdır. İstifadəsində olan Elster G tipli, ******* sayı qaz sayğacı istismar müddəti bitdiyi üçün xx.xx.2019-cu il tarixdə çıxarılaraq yeni Zinner G 4 tipli, **********8 saylı qaz sayğacı ilə əvəz edilmişdir. Bir müddət yeni sayğacadan istifadə etdikdən sonra ona hesab təqdim edilərkən əlavə 464,40 manat məbləğində borcun hesablandığını gördü. “Azəriqaz”a müraciət etdikdə ona bildirdilər ki, çıxarılmış qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissədə deşici alətlə deşildiyi müəyyən olunub və bu səbəbdən də 464,40 manat cərimə hesablanıb. Bütün bunların qanunsuz və əsassız olmasını, qaz sayğacının çöldə yerləşdiyi halda onun sayğaca müdaxilədə günahlandırmaq əsassız olduğunu bildirməyinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Cərimə aktının nə zaman və kim tərəfindən tərtib olunmasından onun heç bir məlumatı olmamışdır. İstifadəsində olan Elster G 4 tipli, ******* saylı qaz sayğacı küçədə onun yaşayış sahəsindən kənarda, yol tərəfdə quraşdırılmış, xx.xx.2019-cu il tarixdə çıxarılmış və bu barədə həmin tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Tərtib edilmiş aktdan da göründüyü kimi sayğac çıxarılarkən onun bütövlüyü pozulmamış, sayğacın bütün möhürləri üzərində olmuşdur, eyni zamanda sayğaca hər hansı müdaxilə barədə aktda qeyd aparılmamışdır. Sayğac yoxlanılarkən ona məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Göründüyü kimi cavabdeh təşkilat sayğaca müdaxiləyə görə onun təqsirini sübuta yetirmədən “Azəriqaz”məsuliyyətini onun üzərinə qoymağa çalışır. Eyni zamanda ******* saylı, saxta cərimə aktı nə zaman və kim tərəfindən tərtib edilməsindən məlumatı yoxdur. Bu saxta cərimə aktına əsasən aparılmış çərimə hesabatının heç bir hüquqi əsası yoxdur. Ona məxsus ünvan 2 ünvanında -yerləşən fərdi yaşayış evinə (kod: **********00050) əsassız olaraq hesablanmış 464,40 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiyini, “Azəriqaz” İB tərəfindən akt əsasında hesablanmış 464,40 manat və 345,60 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, Namazova Naibə yaşadığı yaşayış sahəsində 02-xx.xx.2019-cu il tarixlərdə təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmışdır. Aktda aşağıdakılar qeyd olunmuşdur: ******* nömrəli sayğac hesablama mexanizmin plasmas qapağın alt hissədən deşici alətlə deşilib. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan abonent Namazova Naibə saldosundan görünür ki, iddiaçının abonent hesabına 2019-cu ilin sentyabr ayında 464,40 manat, 2023-cü ilin mart ayında 345,60 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli akta “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” görünür ki, Zenner tipli, G-4 markalı **********8 nömrəli sayğac yerinə yeni Zenner tipli, G-4 markalı, **********0 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il 2(104)-972-2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “Azəriqaz” İB-nin İddiaçı qarşı debitor və dəymiş ziyana görə 543,77 manat pul tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2943/2021 nömrəli xx.xx.2021-c il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayoun Məhkəməsinin xx.xx.2021-ci tarixili 2(076)-2943-2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-571 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********8 daxili nomrəsi olan sayğaca baxış keçirilmiş, sayğacdan qaz keçməməsi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 810 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə 2019-cu ilin sentyabr ayında müəyyən edilmiş borc üzrə də cavabdeh sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir şəhəri, hərbi şəhərcik DOS-4, ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə X1 adına akt əsasında hesablanmış 464,40 manat və 345,60 manat, cəmi 810 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar