Məhkəmə qərarları › İş №2(076)-2668/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2668/2023

13.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2668/2023 13.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. 2023-cü ilin fevral ayında Azəriqaz İB-nin X5 Sahəsinin əməkdaşları onun yaşadığı evə gələrək ona məlumat vermədən sayğacını dəyişdirmişlər. O həmin gün evdə olmamışdır. Lakin həmin gün yaşadığı evə gələndə sayğacın söküldüyünün və artıq yerinə başqa sayğacın quraşdırıldığının şahidi olmuş, o etirazını bildirdikdə X5 Sahəsinin əməkdaşları narahatçılığa heç bir əsasın olmadığını, sadəcə sayğacın yararlılıq müddətinin keçdiyini və bu səbəbdən yenisi ilə əvəz olunacağını bildirdilər. Aradan uzun müddət keçdikdən sonra, 2023-cü ilin iyul ayında ona bildirdilər ki, cərimə yazılıb. Aktın surətini alanda məlum oldu ki, 2023-cü ilin aprel ayında onun barəsində heç bir əsas olmadan akt tərtib edilmiş, aprel ayında tərtib olunmuş aktdan ümumiyyətlə məlumatı olmamışdır. Ancaq təəssüf olsun ki, insanların konstitusion hüquqlarını kobud şəkildə pozan Azəriqazın əməkdaşları guya imtina etməyi barədə qeyd yazmışlar. Abonentin saldosunda qeyd olunan borcun əsassızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişlər. Bu saxta cərimə aktına əsasən aparılmış cərimə hesabatının heç bir hüquqi əsası yoxdur. Cavabdehin tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş hesablanmış 3110,40 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkilin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1i ünvanından çıxarılmış Elster G-4 ******* nömrəli sayğac baxış keçirilmiş, baxış zamanı MSK- 14-2-2/3-5-3009/01 nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik cızıq izləri vardır. Dəymiş ziyan hesablansın və ödənilsin. İş materiallarında olan ünvan 1i ünvanında abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 3110,40 manat borc hesablanmışdır. İş materiallarında olan Yuxarı Seyfəli kənd İƏD-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda görünür ki, İddiaçı Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində qeydiyyatadır və həmin kənddə daimi yaşayır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsədə, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, ümumiyyətlə çıxarıldıqdan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilmsəi və daxili qulaqcıqlarda əzik cızıq izlərinin olması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2i ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 3110,40 manat (üç min bir yüz on manat qırx qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar