Məhkəmə qərarları › İş №2(076)-2672/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2672/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2672/2023 15.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, X15 katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh “Azəriqaz” İB–nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii X9nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* akt əsasında hesablanmış 4147,20 manat məbləğində borcun məhrum X1 abonə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Kür qəsəbəsində yaşayır. xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB-nin X18 Sahəsinin əməkdaşları yaşadığı evə onun evdə olmadığı vaxt qanunsuz daxil olaraq qaz xəttinə baxış keçirmişlər. Bu barədə ona məlumat verən kimi evə gəlmiş, cavabdeh idarənin əməkdaşlarına nə üçün evinə qanunsuz daxil olduqlarını və evdən çıxmalarını tələb etmiş, lakin onlar onun tələbinə əhəmiyyət verməyərək onunla mübahisə edərək sonunda ona fiziki zor tətbiq edərək xəsarət yetirmişlər. Cavabdeh idarənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə hüquqmühafizə orqanlarına məlumat vermiş, bu barədə hazırda araşdırma aparılmaqdadır. Sonradan ona cavabdeh idarənin əməkdaşları bildirmişlər ki, yoxlama zamanı guya onun evində sayğacdan kənar qanunsuz xətt aşkar edilmişdir. Bu barədə tərtib edilmiş akta imza etməsini tələb etsələr də lakin o onların qeyd etdikləri ilə razılaşmadığı üçün imza etməkdən imtina etmişdir. Sonradan o tərtib edilmiş təbii X9nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktı almış və hesabına 4147,20 manat məbləğində borcun yazılmasını öyrənmişdir. Onun sayğacdan kənar qoşulması olmamışdır. Cavabdeh idarə tərəfindən tərtib edilmiş təbii X9nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd olunanlar tam əsassızdır. O təbii qazı sayğac vasitəsi ilə istifadə edir və hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəyir. Bu hal ərizəyə əlavə etdiyi ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqlənir. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Əlavə də qeyd edir ki, işlətdiyi sayğac onun mərhum anası X3 adınadır. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X11 iddianı müdafiə edərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh “Azərqaz” İB–nin nümayəndəsi X12 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə akt tərtib olunmuş, akt üzrə iddiaçıya 4147,20 manat cərimə hesablanmışdır. Qeyd edilən ünvanda kənar xətt aşkarlanmış və bu barədə qeyd edilən akt tərtib olunmuşdur. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli ******* saylı “Təbii X9nın pozulması haqqında” aktdan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən istehlakçıya məxsus ünvanda yoxlama zamanı sayğacdan qeyri–qanuni qaz xətti vasitəsi ilə qoşulma faktı müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2023–cü ilin may ayına Şəmkir rayonu, Kür qəsəbəsə sakini olan abonent X1 adına 4147,20 manat borc hesablanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, ata qrafasında X4 və ana qrafasında X6 qeyd olunmuşdur. İşdə olan “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən istehlakçı X3 məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmiş, 34560 m3 təbii qaz sərfi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Kür qəsəbəsində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X8 (iddiaçının anası) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Güləsər Rzayeva xx.xx.2021-ci il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İB–nin xidmət dairəsində onun mərhum anasının adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2023–cü il tarixdə baxış zamanı sayğacdan qeyri–qanuni qaz xətti vasitəsi ilə qoşulma faktı aşkarlanmaqla sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya 4147,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X9”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5–1–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5–1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5–1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5–1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5–2–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10–cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–3–cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–4–cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5–ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5–2–ci və 6.5–3–cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə 12 aylıq müddət nəzərə alınmaqla dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəymiş ziyanın məbləği hesablanarkən 90 gün müddət nəzərə alınmalı, həmçinin, iddiaçının qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi halı diqqətdə saxlanılmalıdır. Həmçinin, sahə rəisi tərəfindən hər ay istehlakçıya bildiriş verilərkən sayğaca nəzarət etməli olması nəzərə alınarsa, iddiaçının həqiqətən qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi daha ağlabatan və inandrıcıdır. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən sutkanın 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq təbii qazdan istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və sutkanın 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş qazın həcmi 4x12x90=4320m3, 4320m3x0,12=518,40 manat məbləğində müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 3628,80 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İB–nin xidmət dairəsində onun anası X1 qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023–cü il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X9”nın pozulması ilə bağlı xx.xx.2023–cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış 4147,20 manat borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olması barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2023–cü il tarixli ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X9nın pozulması halına görə hesablanmış 4147,20 manat cərimə borcundan 3628,80 manat silinməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X9nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3628,80 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X9nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3628,8 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar