Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2806/2023 17.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə , İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Abbaslı kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 03 dekabr 2020-ci il tarixdə yaşadığı ünvanın elektrik sayğacını yeni elektron smart sayğacla əvəz etmişlər. Sonradan köhnə sayğacına müdaxilə şübhəsi olduğu üçün özləri tərəfindən 202222 nömrəli akt tərtib edilmiş və özləri tərəfindən 568,54 manat xəyalı dəyər hesablanmış və həmin məbləği ona məcburi elektrik enerjisini dayandıraraq ödəniş etdirmişlər. Həmçinin cavabdeh təşkilatın əməkdaşları akt tərtib edərkən evdə yaşayanlardan heç kəsi dəvət etməmiş, nədəki akta evdə yaşayan şəxsləri dəvət etməmələri səbəbi barədə heç bir qeyd aparılmamışdır. Belə olan halda sual yaranır ki, niyə elektrik sayğacını laboratoriya rəyinə aparılması və daşınma qanununa əməl edilməmişdir. Şübhəli sayğac qanun daxilində daşına bilən qutuya qoyulmalı, möhürlənməli və abonentin imzası ilə akt tərtib olunmalıdır. Abonentin laboratoriyaya dəvəti təmin edilməli və iştrakı ilə sökülmüş sayğaca vurulmuş möhür laboratoriyada qırılması protokolu tərtib olunmalıdır. Lakin bu sadalanan ardıcılığın heç birinə əməl edilməmişdir. Bundan başqa cavabdeh idarə aktda göstərmişdir ki, sayğaca müdaxilə izləri hiss olunur. Buda onu göstərir ki, cavabdeh idarənin əməkdaşları qərəzli şəkildə ona qarşı göstərilən borcu yazmışlar. "xxxx" ASC-nin əməkdaşları ondan borcun ödənilməsini məcburi təmin etmişlər. O, həmin borcun qanunsuz olaraq yazıldığını və məcburi ödənilmiş borcun qaytarılmasını tələb edir. Ona görə də, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 202222 nömrəli akt və protokol əsasında qanunsuz hesablanmış və məcburən ödənilmiş 568,54 manat məbləğində borcun onun hesabına qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən cavabdeh tərəfindən qanunsuz akt əsasında hesablanmış və borc üzrə ödədiyi 516 manat pulun qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qtənamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC–nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx"ASC-nin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli 202222 saylı aktdan görünür ki, Şəmkir rayonu, Abbaslı kənd sakini X1 (iddiaçının mərhum atası) adına qeyd edilmiş sayğacın üst qapağı kənarlarından aralı vəziyyətdədir. Sayğacın dövlət möhüründə və üst qapağın boltu sübhəli vəziyyətdə olması qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, Şəmkir rayonu, Abbaslı kənd sakini X1 (iddiaçının mərhum atası) adına limitdə artıq sərfiyyata görə 568.54 manat borc hesablanmış və o borcdan 516 manat ödəniş etmişdir. Beləliklə, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının mərhum atasının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin, sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu, Abbaslı kənd sakini X2 (iddiaçının mərhum atası) məxsus fərdi yaşayış evinə quraşdırılmış 202222 nömrəli sayğaca dair akt tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq akt tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli icra vərəqi əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış və borcdan ödənilmiş 516 manat iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə, 202222 nömrəli akt əsasında qanunsuz hesablanmış və borcdan ödənilmiş 516 manat məbləğində pul İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2806/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2806/2023
17.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver