Məhkəmə qərarları › İş №2(076)-282/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-282/2025

15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-282/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin oğlunın sədrliyi, Məhkəmə iclas katibi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 aprel 2022-ci il tarixli, 249803 nömrəli protokol əsasında hesablanmış 1323,14 (bir min üç yüz iyirmi üç manat on dörd qəpik) manat borcun **********00737 nömrəli abunə kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Sabirkənd kəndində yaşayır. Həmin mənzildə enerjisini daima sayğac vasitəsi ilə istifadə etmişdir. 2018-ci ildən əvvəldə tikinti üçün olan torpaq sahəsi istifadədə olan zamandan həmin ünvanda elektrik sayğacı olmuşdur. Sayğac torpağın həyətyanı daş çəpərinin çöl divarına vurulmuşdur. 2018-ci ildən 2022-ci ilə kimi mənzilin inşası zamanı usta və fəhlə işçiləri elektrik enerjisini sayğac vasitəsi ilə istifadə etmişdir. Həmin dövrlərdə elektrik enerjisindən çox az istifadə olunurdu. Təxminən 2022-ci ilin may ayında o həmin mənzilə daimi yaşamaq üçün ailəsi ilə birgə həmin mənzilə köçmüşdür. Həmin vaxtdan da cavabdeh Azərişıqın əməkdaşı tərəfindən ona təqdim olunmuş hesab bildirişində 1323.14 manat əlavə pul məbləğini borc kimi görmüş, bununla bağlı həmin ərazi üzrə cavabdehin ərazi üzrə nümayəndəsindən araşdırıb ona məlumat verməsini xahiş etmişdir. Lakin indiyənədək həmin ərazilərdə müxtəlif işçi və nəzarətçi heyəti işlədiyi üçün ona bu günədək düzgün məlumat verən olmamışdır. O həmin dövrdən indiyənədək ancaq istifadə etdiyi elektrik enerjisi dəyərinin meyarını ödəməyə davam edir. Guya indiyənədək həmin borca görə onun elektrik enerjisinin dayandırılmamasının səbəbi onun şəhid ailəsi olduğuna görədir. O şəhid ailəsi sözünü işlədəndən sonra özlüyündə əsəbləşərək cavabdehin Şəmkir EŞ-nə borcun yaranma səbəbinin araşdırılması üçün müraciət etmişdir. Müraciət zamanı aydın oldu ki, onun **********00737 nömrəli abunə kodu olan elektrik sayğacına 249803 nömrəli cərimə aktı tərtib olunmuş, akt əsasında 1323,14 manat cərimə hesablamışlar. Aktda göründüyü kimi qeyd olunur ki, guya o 0 (sıfır) xəttindən istifadə edir, sayğacı dövriyyədən kənarlaşdırmışdır. Həmin dövrdə onun sayğacının bütün parametrləri, uçot nöqtələri tam düzgün olmuşdur. O bu aktda qeyd olunanların əyani sübutunu tələb etsə də ona heç bir sübut təqdim edə bilməmişlər. Aktın surətini və dövriyyələr cədvəlini təqdim edərək məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-1055A KOD 50400098 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0,28 ha torpaq sahəsi X1, X2, X3 və İddiaçı birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AKT R № 249803 nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus 19027098 seriya nömrəli sayğac yoxlama zamanı abonent sıfır xətti vasitəsi ilə sayğacı dövriyədən kənarlaşdırmışdır. İş materiallarında olan **********00737 nömrəli İddiaçı abunə haqqından görünür ki, xx.xx.2022-ci il tarixdə Rİ249803 nömrəli aktla ümumilikdə 1323.40 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Sabirkənd kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən yoxlanılmış, yoxlanışa görə abonentə ümumilikdə 1323.14 manat borc hesablanmışdır. Tərəflər sayğaca müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən sayğac üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən sayğaca müdaxilə faktı ilə əsaslandırır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca Enerjidən istifadə qaydalarının pozulması səbəbindən ümumilikdə 1323.40 manat borc hesablanmışdır. Lakin məhkəmə iclasında cavabdeh qeyd olunan borcun hansı səbəbdən yazılması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinin tələbinə əsasən Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, bundan sonra İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının (İstehlakçının) elektrik enerjisinin talanmasında təqsirli olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, 249803 nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış ümumilikdə 1323.40 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı hesablanmış 1323.14 (bir min üç yüz iyirmi üç manat on dörd qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar