Məhkəmə qərarları › İş №2(076)-2955/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2955/2023

05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2955/2023 05.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, cavabdeh "xxxx" ASC-nin Qərb RETSİ əməkdaşları tərəfindən evinə quraşdırılmış VİKO tipli zavod nömrəsi 03572617 olan işiq sayğacının sökülməsi nəticəsində guya istifadə etmiş olduğu işığa görə ondan ödəməyi tələb edilən 482 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olub həmin kənddə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Evi "xxxx" FSC-nin Qərb RETSİ tərəfindən onun adına quraşdırılmış VİKO-tipli zavod nömrəsi 03572617 olan işıq sayğacı uzun müddət istismarda olmuşdur. 14 yanvar 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona və ailə üzvülərinə, o cümlədən qonşularına bildirmədən giriş xəttindən əlavə kənar xəttdən istifadə etməyinə dair əsassız akt tərtib edərək ona 482 (dörd yüz səksən iki) manat məbləğdə borc yazmışlar. Həmin akt əsassız tərtib edilmişdir, belə ki, o giriş xəttindən əlavə kənar xəttdən istifadə etməmişdir. Onların aktı tərtib edərkən onun və və ya ailə üzvlərinin, o cümlədən qonşularının iştirakını təmin etməmələri aktın əsassız tərtib edilməsinə dəlalət edir. Ona görə də qeyd etdiyi akta əsasən adına yazılmış əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin Qərb RETSİ əməkdaşları tərəfindən evinə quraşdırılmış VİKO tipli zavod nömrəsi 03572617 olan işiq sayğacının sökülməsi nəticəsində guya istifadə etmiş olduğu işığa görə ondan ödəməyi tələb edilən 482 manat məbləğində cərimənin silinməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun sayğacında hər hansı qüsur və kənar xətt qoşulması olmamışdır. Qonşu ünvanda olan kənar xətti onun ünvanı kimi qeyd edərək səhvən ona hesablayaraq borc kimi onun hesabına cərimə yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, işdə olan Şəmkir rayon Təzəkənd kəndi İƏD-si nümyayəndəliyi tərəfindən verilmiş 867 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayon Təzəkənd kəndı İƏD-nin Fizuli qəsəbəsində daimi qediyyatda olmaqla həmin qəsəbədə yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 208391 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sayğaca baxış keçirilərkən məlum oldu ki, abonent giriş xəttindən əlavə kənar xətt istifadə edir, amper masa ilə ölçmə aparılmış, kənar xəttən axan faktiki yük 1=4.2 aşkar olunmuşdur. (aktın tərtibində abonent iştirak etməmişdir) İşdə olan abunə haqqından görünür ki, İddiaçı EİQ pozulması nəticəsində 481,55 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Təzəkənd kəndı İƏD-nin Fizuli qəsəbəsində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində sayğacından istifadə edir. Həmin ünvanda 2021–ci ilin yanvar ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması ilə bağlı abonentin iştirakı olmadan akt tərtib edilmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. [55] Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını və həmin fərdi yaşayış evində yaşayan istehlakçıları məlumatlandırmadan baxış keçirmiş, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Cavabdeh tərəfindən akt tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları borcu hesablayarkən kənar xəttin hansı ünvana, hansı abonentə aid olmasını araşdırmadan akt tərtib edərək borc hesablamışlar. Belə olan halda kənar xəttin həqiqətən də iddiaçıya məxsus ünvanda olması halı şübhə doğurur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində 482 manat borcun silinməsini qeyd etsə də, işə əlavə edilmiş saldodan da görünür ki, hesablanmış borcun məbləği 481,55 manat təşkil edir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, 208391 nömrəli akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 481,55 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında abonent İddiaçı hesablanmış 481,55 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar